Əxlaqi tərəqqinin yolları

Özünü islah etmək isəyənlər üçün yaxşı fürsət

Qış fəslinin qədrini bilin!

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

عن محمد بن سليمان الديلمي عن أبيه ، عن أبي

عبد الله عليه السلام قال : سمعته يقول : الشتاء ربيع المؤمن ، يطول فيه

ليله فيستعين به على قيامه ، ويقصر فيه نهاره فيستعين به على صيامه

 

“Qış (fəsli) möminin baharıdır; (belə ki, mömin, qışın) uzun gecələrindən təhəccüd (gecə ibadətləri üçün) və qısa gündüzlərindən isə oruc tutmaq üçün faydalanır.”

.

Bildiyiniz kimi qış fəslinin özünəməxsus xüsusiyyətlərindən biri də onun uzun gecələrə malik olmasıdır. Özünü islah etmək, mənəvi tərəqqiyə nail olmaq, gecə ibadətləri və Allah Taala ilə münacatların ləzzətini duymaq istəyənlər üçün öz mənəvi proqramlarına başlamaqda qış fəsli çox əlverişli fürsətdir. Gecələrin uzunluğu insanın normal yuxu ilə sübh namazından heç olmazsa bir saat tez durması və gecə ibadətləri ilə məşğul ola bilməsinə yardımçıdır.

Belə ki, başqa fəsillərdə gündüzlər uzun olduqda insanların əksəriyyəti gecə saat 11 və 12-dən sonra yatırlar, sübh namazı isə təxminən 4 və 5 radələrində olur. Onlar az yuxudan özlərinə gələ bilmirlər deyə, bir çox hallarda sübh namazının əvvəl vaxtına da dura bilmirlər.

Öz aqibətini düşünən və nəfsini islah edərək dünya və axirət səadətinə nail olmaq istəyən şəxslər üçün gecə ən münasib özünüislah zamanıdır. Gecənin bir hissəsini ibadətlər, Qurani-kərim tilavəti, dua, təvəssül, münacat və mütaliəyə sərf etmədən mənəvi təkamülə nail olmaq mümkün deyil. Elə isə, qış fəslinin uzun gecələrini özümüzə fürsət bilək.

Böyük əxlaq ustadları buyurublar ki, özünü islah etmək istəyən və Allah yanında bəyənilmiş məqam əldə etmək istəyən şəxs yay fəslində sübh namazından bir saat əvvəl, qış fəslində isə sübh namazından azı iki saat, yaxşısı isə budur üç saat əvvəl oyansınlar.

Oruc tutmaq üçün də qış fəsli çox gözəl fürsətdir. Xüsusilə də qəza orucları olan insanlar üçün qış fəsli oruclarının qəzalarını rahatlıqla tuta bilmək imkanları yaradır. Bir çox insanlar müxtəlif üzürlü səbəblərdən yayın uzun gündüzlərində oruc tuta bilmirlər, onlar qış fəslində oruclarının qəzalarını tutsunlar. Qış fəslində gündüzlərin qısa olmasından istifadə etsinlər.

Bundan əlavə, özünü islah etmək və mənəvi inkişafa nail olmaq istəyənlər üçün oruc tutmağın çox böyük faydaları vardır.

Hədislərin birində oxuyuruq:

“Xanım Məryəm vəfat etdikdən sonra İsa əleyhissalam anasının cənazəsini dəfn etdi, sonra anasının ruhunu səmada gördü və anasından soruşdu: -Anacan! Arzun varmı? Xanım Məryəm cavab verdi: -Bəli, arzum budur ki, kaş dünyada olaydım (yəni sağ olaydım) və qışın soyun (uzun) gecələrini səhərə qədər Allah dərgahına ibadət və münacatla keçirəydim...”

baxılıb: 139 dəfə