Əxlaqi tərəqqinin yolları

İradəni gücləndirən səbəblər -2

2- Adət və vərdişlər ilə mübarizə

İnsanda iradəni gücləndirən səbəblərdən biri də adətlər və vərdişlər ilə mübarizədir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Uca və yüksək məqamlara yalnız adətlərə qalib gəlmək yolu ilə çatmaq olar.”

Onu da deyək ki, adət və vərdişlərin hamısına eyni gözlə baxmaq olmaz, insan həyatında böhran və geriliyə səbəb olmayan adətlər mənfi cəhətə malik deyildirlər. İnsanın bir çox dəyərli və gözəl xasiyyətləri məhz adət yolu ilə əldə edilir. Məsələn: Hər bir insanın fitrət və təbiətində şücaət vardır, lakin şücaət qüvvəsinin qəlbin daimi qüvvət halına çevrilməsi üçün həyatda çoxlu sayda xətər və təhlükə ilə üzləşmək lazımdır. O həddə qədər bu iş təkrar olunmalıdır ki, (sanki ev tapşırığıdır) qəhrəmanlıq lazım olan yerlərdə həmin insanda zərrə qədər qorxu olmasın.

Ancaq bir sıra adətlər də var ki, ağıl və iradəni gücləndirmək əvəzinə insanı o adətlərin əsiri və quluna çevirir, insan özü özünə nəzarət edə bilmir, özünə gücü çatmır, məsələn: Çox yemək, çox yatmaq, çox danışmaq, naməhrəmə baxmaq kimi mənfi adətlərlə mübarizə edə bilmir. Elə insanlar var ki, başqalarına, hətta özlərinə “vədələşdiyim vaxt orada olacağam” deyə söz verməsinə baxmayaraq heç zaman görüş yerinə vaxtında gəlmir, həmişə gecikir.

Mənfi adət və vərdişlərin pik nöqtəsi isə narkotik maddələrə, spirtli içkilərə və zinaya olan aludəçilikdir. Odur ki, adətlərlə mübarizə insanın iradəsini gücləndirir.

Adətlərlə mübarizə yollarından biri də həmin pis adəti həmişəlik tərk etmək qərarıdır. Hər birimiz azacıq düşünsək görəcəyik ki, bizdə də bir sıra ziyanverici adət və vərdişlər vardır, onları yox etmək üçün isə yüksək əzmkarlıq və güclü iradə lazımdır.

Adətlərlə mübarizə yollarından başqa birisi isə budur ki, biz öz işlərimizi başqalarının boynuna qoymayaq, öz işlərimizi və bizə aid olan işləri özümüz edək. Məsələn: Bir yerdə oturduğumuz vaxt ürəyimiz su istəyərsə, orada olanların heç birindən hətta xahiş belə etməyək ki, bizim üçün su gətirsin, ayağa qalxıb özümüz gedib su içək.

Nə qədər ki, gənclik və ya cavanlıq ruhiyyəsi canımızda var, mənfi adət və vərdişləri özümüzdən uzaqlaşdırmağa qərar verək, onlara qarşı mübarizə edək. Yaddan çıxarmayaq ki, zaman ötdükcə mənfi adət və vərdişlər insanda kök salır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

أصعب السياسات تغيير العادات

“Siyasətlərin ən çətini adətləri (vərdişləri) dəyişməkdir.”

Uyunul hikəm vəl məvaiz 118-ci səhifə

.

Elə isə adət və vərdişlərlə mübarizəyə sadə baxmayaq, onları tərgitməyin asan olacağını düşünməyək.

baxılıb: 304 dəfə