Əxlaqi tərəqqinin yolları

İradəni gücləndirən səbəblər -1

1- Məqsəd və hədəfin olması

Həyatda mənasızlıq və hədəfin olmaması iradəni zəiflədir, insanı aciz və faydasız edir. Lakin hədəfli və məqsədli olmaq insanda iradəni gücləndirir.

İnsanda iradəni gücləndirən ən yaxşı stimul və həvəsləndirici səbəb Allahın razılığı və məhəbbətidir. İnsan hər bir işini Allahın razılığını əldə etmək məqsədilə edərsə, hədəfi İlahinin razılığı olarsa və bundan məmnunluğunu göstərərsə, həmin işi etmək üçün çox güclü iradəyə malik olacaqdır.

Onu da deyək ki, razılıq stimulu aşağı səviyyəli həvəsləndirici səbəbdir, mömin üçün bundan daha yüksək stimul Allahın məhəbbətini qazanmaqdır. İnsanı əməl və bəndəçiliyə hazırlamaqda, onu sevincli etməkdə ən böyük səbəb Allahın məhəbbətinə nail olmaqdır.

Bəli, hədəf və məqsəd iradəni gücləndirir, insanın hiss və duyğularını bir-birinə bağlayaraq onların hamısına birlikdə rəhbərlik edir.  Ancaq hədəfsiz insan ruhi qarmaqarışıqlığın və duyğuların bir-birinə toqquşmasının əsiri olur. Hədəfin olması insanın şəxsiyyətinin mükəmməl bir mətinliklə xüsusi məqsədə doğru yola düşməsinə səbəb olur.

Yaddan çıxarmayaq ki, hədəflər nə qədər az və məhdud olarsa iradə də bir o qədər az və məhdud olur. Ancaq hədəf və məqsədlər nə qədər uca və böyük olarsa, iradələr də bir o qədər uca və yüksək olur.

Geniş düşüncəyə malik insanlar heç vaxt məyus olmurlar, onlar hazırkı durumlarının fikrini etmirlər, öz hədəflərini irəli aparmaq üçün istənilən şəraitə uyğun plan və layihələr çəkirlər.

İradə insanı hədəfə doğru aparan hərəkət verici qüvvədir. Buna görə də hədəf və məqsəd insanın gözündə nə qədər əhəmiyyətli və aydın olarsa, həmin şəxs o hədəflərə sarı  irəliləməkdə daha əzmkar və qətiyyətli olur. Əhəmiyyətli hədəf o hədəfə deyilir ki, insanın ona bağlılığı olsun və onun fərdi, ictimai və mənəvi ehtiyaclarını tam təmin edə bilsin. Aydın hədəf isə o hədəfə deyilir ki, ona çatma mərhələləri, yəni faydalar, çətinliklər və nəticələri açıq-aydın olsun. Hədəfin aydın olmasına kömək edən məsələlərin biri də həmin hədəfə çatmaq yolunun və bu yolda lazım olan vasitələrin aydın və bəlli olmasıdır.

Bəzən görürük ki, işin fayda və zərurəti bir şəxsə bəlli deyil. Təbii ki, bu həlda həmin şəxsin o işi edəcəyinin, yaxud lazımlı şəkildə yerinə yetirəcəyinin intizarında olmaq mənasızdır. Məsələn, əgər siqaret çəkən insana siqaretin zərərləri, eləcə də insanın sağlamlığına vurduğu zərbələr və sağlamlığın insana əhəmiyyəti barədə faydalı məlumatlar çatdırılmazsa, siqareti tərgitmək məqsədilə həmin şəxsin iradəsini hərəkətə gətirməyi bacarmayacağıq. Bizim bir çox hallarda səhlənkarlıq və tənbəlliyimizin səbəbləri  faydalı məlumatlardan kənar olmağımızdır. İbadət etmək və təhsil almaqda nə kimi faydaların olmasından məlumatsızıq. Bu mövzuda ya cahil və xəbərsizik, ya da şəkk-şübhə içindəyik.

İradəni gücləndirmək üçün həyatımızın hədəflərimi və bu hədəflərə çatmaq planlarımız olmalıdır. Hədəf daxili hisslərin hərəkətə gəlməsinə və insanın coşqunluğuna səbəb olmaqdan əlavə həm də insanı yönləndirərək ona güc və qüvvə verir.

Hədəflər uca və yüksək olduqda insanın şəsxsiyyətində daha yaxşı təsirlər qoyur, buna görə də;

A) Əvvəlcə öz yaranışımızın hədəfini yaxşı tanıyaq və gecə-gündüz öz hərəkətlərimizi həmin hədəflə ölçək, hər gün bu yolun qalan hissəsini araşdıraq. İnsan öz hədəfinin nə qədər yüksək, dəyərli və uca olduğunu bildikdə öz-özlüyündə böyük işlər görmək üçün daha çox həvəs, şövq və hərəkətə sahib olur.

B) Həyatınızın kiçik müddətli, eləcə də orta və uzun müddətli  hədəflərini özünüzə aydınlaşdırın. Hər il, hər ay, hər həftə və hər gün üçün hədəfiniz olsun. Bu hədəflərə çatmaq üçün plan qurun, layihə çəkin, belə olduqda siz çox güclü bir iradəyə sahib olacaqsınız.

C) Bilin ki, hədəf gərək şəffaf, ağılın qəbul edə biləcəyi, əldə edilməsi mümkün, ifrat və səhlənkarlıqdan uzaq, qüdrət və bacarığınıza uyğun, həmçinin real olsun. Xəyalpərəstlikdən doğan, qüdrət və gücünüzə uyğun olmayan hədəflər seçməyin. Yoxsa, bu yolda qarşılaşacağınız çoxlu problemlər və əziyyətlər sizi ruhdan salaraq ümidsiz edəcək, nəticədə arzuladığınız hədəflərdən əl çəkərək mənasız həyat yaşamağa məcbur olacaqsınız.

baxılıb: 299 dəfə