Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -8

Cismin, yəni bədənin zəifliyi

İnsanda iradənin zəifləməsinə səbəb olan amillərdən biri də cismin zəifliyidir.

Yaddan çıxarmamalıyıq ki, sağlam ağıl, güclü ruhiyyə, iş görmək üçün daxili sevinc halı və lazım olduğu qədər enerjiyə malik olmaq olmaq istəyiriksə sağlam və möhkəm cismə malik olmalıyıq. Cismi zəiflikdən məqsəd cismi qüvvələrin zəifliyidir, hansısa bədən üzvünün nöqsanlı olması, yəni əlillik deyil. Elə insanlar var ki, onların bədən üzvlərinin hansındasa nöqsan olduğu halda, güclü cismə və möhkəm iradəyə malikdirlər.

Məşhur bir məsəl var; “sağlam ruh sağlam bədəndədir.”

Cism zəif və az hərəkətli olarsa, insanın ruhiyyəsində bacarıqsızlıq və zəiflik hissləri çoxalacaqdır.

Hikmət sahibləri buyurublar: “Əgər bəlğəm və sair kimi qarışıqlar insanın qanında çoxalarsa, həmin şəxsdə nasazlıq və əzginlik halı yaranacaq, eləcə də onun iradəsi xeyli zəifləyəcəkdir.”

Buna görə də hər bir insan özünün cismi cəhətinə də diqqət yetirməli, özündən muğayat olmalıdır. Cisminə zərərli olan yemək və içmək növlərindən çəkinməli, bacardıqca təbii və sağlam ekoloji məhsullardan istifadə etməli, müəyyən vaxtlarda oruc tutmalı, qidalanmada meyvə və tərəvəzlərə üstünlük verməlidir.

Həmçinin gözəl təbiəti olan məntəqələrə səyahət etmək, görmədiyi mənzərələri seyr etmək, olmadığı yerlərdə olmaq, təbii bulaq sularından çox içmək, təmiz havası və oksigeni bol olan yerlərə tez-tez səfər etməlidir.

İnsanın cisminin və eləcə də iradəsinin güclənməsində idman da məsləhət görülür, xüsusilə də alpinizm, yəni dağlara və hündürlüklərə çıxmaq.

Siz hansısa dağın yüksək zirvələrindən birinə baxırsınız, qərara alırsınız ki, mən o zirvəyə qalxaraq oranı fəth etməliyəm. O zirvəyə çatmaq yolunda çətinliklərlə üzləşirsiniz və bədəninizi zəhmətə salırsınız. Bax, elə bu sizin iradənizin güclənməsinə çox böyük müsbət təsir göstərir.

Böyük əxlaq ustadlarından biri buyurardı: “Dağın ətəyindən zirvəyə sarı qalxarkən atdığınız hər addım, sizin iradənizi bir dərəcə gücləndirir.”

baxılıb: 262 dəfə