Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -6

Himmətin azlığı

İnsanın iradəsini zəiflədən səbəblərdən biri də himmətin azlığıdır. Himmət sözü lüğətdə yüksək əzmkarlıq mənasınadır.

İstilahi mənada isə himmət “təkamülə, xoşbəxtliyə və böyük hədəflərə çatmaq üçün o yolun çətinliklərinə, xeyir və zərərlərinə etina etmədən tam gücü ilə çalışmaq və səy göstərməkdir.” Belə ki, bu cür ali və yüksək hədəflərə malik olan insan bu yolda çalışarkən hansısa dünyəvi nailiyyət əldə etdikdə onunla kifayətlənmir, çünki yüksək himmətli insan son hədəfinə çatmaqda israrlıdır. Eləcə də əgər o, bu yolda hansısa çətinliklər və problemlərlə üzləşərsə, bu çətinliklər onu hədəfə doğru irəliləməkdən yayındırmır, çünki heç bir çətinlik ali himmətli insanı məqsədindən saxlaya bilməz. O, ali hədəfinə çatma yolundakı məğlubiyyətləri də uğurun bir növü və yeni təcrübə sayır.

Himmətli insanın hədəfləri dünya həyatının fövqündə olanda isə o şəxs bu yolda şəhid olmağa belə hazır olur.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

خیر الهمم اعلاها

“Himmətlərin ən yaxşıları onların ən ucalarıdır.”

Qurərul hikəm 10275-ci hədis

.

Bunun əksi isə himmətin azlığıdır. Himməti az və aşağı olan adamlar həyatda yüksək hədəfləri arzu etməyə cürətləri olmayan və kiçik bir nailiyyət, hətta yaşadığı durumu qənaət saymaqla razılaşıb səy və çalışmaqdan imtina edənlərdirlər. Ali və yüksək hədəfləri olmayan belə insanlar səy, çalışmaq və fəaliyyət üçün stimula malik olmadıqları üçün onların iradələri çox zəif olur. Buna görə də həyatda ən sadə mövzularda belə iradələri onların köməyinə gələ bilmir. Ən kiçik bir pis adəti belə tərk etmək onlar üçün mümkünsüz bir işə çevrilir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

ما رفع امرا کهمته و لا وضعه کشهوته

“Heç bir şey insanı himmət qədər ucalda bilməz və heç bir şey onu şəhvətpərəstlik qədər alçalda bilməz.”

Uyunul hikəm və məvaiz 484-cü səhifə

.

Bəli, doğrudan da şəhvət düşkünü olan insan ali hədəflərdən uzaq olur. Təbiidir ki, beləsinin əzmkarlığı və iradəsi də son dərəcə zəif olacaqdır.

Deməli, uca və dəyərli hədəf və məqsədlərin olması insanın iradəsini oyadaraq gücləndirir və onun həyatına cəhət və istiqamət bəxş edir. Elə isə çalışın ki, öz həyatınızda müxtəlif mənəvi, elmi və ictimai hədəfləriniz olsun, sadəcə bir istiqamətdə olsunlar. Yəni bir-birlərinə mane yox, əksinə bir-birlərinə təkan olsunlar.

baxılıb: 312 dəfə