Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -5

Özünə inamsızlıq

İnsanda iradənin zəifləməsinə səbəb olan amillərdən biri də özünəinamsızlıqdır. Bəzi şəxslər özünü çox aciz bilir və özlərinə təlqin edirlər ki, “mənim iradəm zəifdir, mən aciz, zəif və kiçikəm”.

Ötən bəhslərimizə nəzər saldıqda görürük ki, biz iradəsiz deyilik, bəzi işləri etmək üçün yetərincə iradəmiz var, bəzi işlərə isə iradəmiz çatmır. Bəzi işlərə iradəmizin çatmaması da məlum səbəblər üzündən olur və hansısa işlərdə iradəmizin olmamasında kənar səbəblər mövcuddur. Elə isə heç birimiz “mənim iradəm zəifdir” sözünü deməməliyik.

Valideynlərin, müəllimlərin, tərbiyəçilərin, ziyalıların və ruhanilərin vəzifələrindən biri də insanları onların “bacarıqlı, iradəli və istedadlı” olduqlarına inandırmaqdır. Hər bir insan başa düşməlidir ki, onun canında iradə, bacarıq və gizli istedadlar vardır. Sadəcə bunları üzə çıxarmaq lazımdır.

İnsanda özünəinamsızlığı yaradan səbəblər iki növdür. Birinci növ, insanın öz daxilindən qaynaqlanan səbələrdir. İkinci növ isə kənardan insanın beyninə yeridilən düşüncələrdir.

Onu da qeyd edək ki, özünəinamsızlıq təkcə fərdlərin deyil, ailələrin, millətlərin, cəmiyyətlərin, başqa sözlə böyük və kiçik insanların həyat səhnəsindəki məğlubiyyət və uğursuzluqlarının əsas səbəbidir. Özünəinamsızlığı və onun içindən çıxan ümidsizliyi hazırkı zamanın ən böyük xəstəliyi adlandırmaq olar.

Əslində özünəinamsızlıq Allaha inamın zəif olmasından, axirətə və Qiyamət gününə şəkk etməkdən, eləcə də varlıq aləminin və təbiətin bəxşiş və qanunlarından xəbərsizlik və məlumatsızlıqdan qaynaqlanır. İnsanda özünəinamsızlıq davam etdikcə həmin insanın iradəsi də çox şiddətli dərəcədə zəifləyir. Belə insanlarda iradənin zəifləməsi elə bir həddə çatır ki, həmin insan özünü heç, kimsəsiz, yiyəsiz və şəxsiyyətsiz sanır, dünya həyatını uduzduğunu düşünür, daima ölümünü gözləyir.

Elə isə içimizdən gələn mənfi fikirlərə məhəl qoymayaq, həmçinin başqalarının bizi özünəinamsızlığa təhrik edən sözlərinə etina etməyək, bunların əksini etmək üçün var gücümüzlə çalışaq və səy göstərək. Ən gözəl yol çalışmaqdır.

Odur ki, Qurani-kərim Nəcm surəsinin 39 və 40-cı ayələrində buyurur:

وَ أَن لَّيْسَ لِلْانسَانِ إِلَّا مَا سَعَى‏                

وَ أَنَّ سَعْيَهُ سَوْفَ يُرَى

“İnsanın (istəyinə çatması üçün) çalışmaq və səy etməkdən başqa yolu yoxdur. O,  səy göstərməsinin (səmərə və nəticəsini) tezliklə görəcəkdir.”

baxılıb: 233 dəfə