Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -4

Münasib olmayan mühit.

Hər bir insan gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olur. Amma bununla yanaşı kimlərləsə daha çox vaxt keçirir. Elə insanlar var ki, onun vaxtının çoxu iş yerində keçir, elələri də var ki, vaxtının çoxunu dostları və yoldaşları ilə keçirir. İnsan təsir qəbul edən varlıq olduğu üçün istər işdə, istərsə də başqa yerlərdə ünsiyyətdə olduğu insanların ruhi vəziyyətləri birbaşa ona təsir edir. Belə ki, onun ətrafı və gün ərzində oturub durduğu yoldaşlar münasib olmadıqda həmin insanın iradəsi günü-gündən zəifləyir, əzmkarlığı itir. Həyatda uğurlar qazanmağa iradəsi olmur, pis adətlər nə qədər kiçik də olsa tərk edə bilmir.

Bəzən insan elə adamlarla dostluq edir ki, onların çoxu avara, şəhvətpərəst, xəyalpərəst, məsuliyyətsiz, əylənmək həvəskarı və tənbəldirlər. Belə adamlarla oturub duran şəxsin iradəsi zəifləyir.

Həyatda düzgün hədəf və proqramı olan, ciddi və çalışqan insanlarla dostluq etmək lazımdır.

Elə insanlarla oturub durun ki, onlar həm öz vaxtlarına həm də sizin vaxtınıza dəyər verirlər, onların uğur və müvəffəqiyyətləri sizdən daha çoxdur, belə olduqda siz zəif iradədən qurtulacaqsınız və sizin iradəniz tədriclə güclənəcəkdir.

İsa peyğəmbərin şagirdləri ondan soruşdular: “Ey ruhullah! Səndən sonra kimlərlə oturub duraq? Həzrət İsa əleyhissalam buyurdu:

قَالَتِ الْحَوَارِيُّونَ لِعِيسَى يَا رُوحَ اللَّه مَنْ نُجَالِسُ قَالَ مَنْ يُذَكِّرُكُمُ اللَّه رُؤْيَتُه ويَزِيدُ فِي عِلْمِكُمْ مَنْطِقُه ويُرَغِّبُكُمْ فِي الآخِرَةِ عَمَلُه

“Elə insanla yoldaşlıq edin ki, onu gördükdə Allahı xatırlayasınız, onun sözləri sizin elminizi artırsın, onun əməli (hərəkətləri) sizi axirətə rəğbətləndirsin (meyilləndirsin).”

əl-Kafi 1-ci cild 39-cu səhifə

.

Münasib olmayan mühit yerlərindən biri də sizə bacarıqsızlığın təlqin edildiyi yerlərdir. Orada müxtəlif yollarla sizə eşitdirirlər ki, siz bacarmazsınız, sizdə qabiliyyət yoxdur. Başqa sözlə sizin bacarığınızı görməməzliyə qoyurlar. Öz bacarığınızı və əzmkarlığınızı üzə çıxarmağınıza mane olurlar. Beləliklə də sizin iradəniz zəifləyir.

Bu da üç halda olur;

-onlar ya sizin inkişafınızı istəmədikləri üçün belə edirlər,

-ya özləri bacarıqsız olduqları və sizin onları ötməyinizdən qorxduqları üçün belə edirlər,

-ya da onlar bədbin insanlardırlar. Bədbin insanlar hər şeyi pisə yozmağa adət etmişlər.

Münasib olmayan mühitlərin başqa birisi isə televiziya ekranıdır. Bir sıra verlişlər, kino və seriallar insanların beyinlərinə yeridirlər ki, siz bacaraqsızsınız, uğur qazanmaq sizlik deyil, vaxtınızı çalışmağa sərf etməyin onsuz da işləriniz alınmayacaq. Bu kimi müxtəlif bədbin düşüncələri qəbul etdirmək üçün insanların iradələrinə və psixikalarına təsir edirlər.

Bu münasib olmayan və pis mühitlərin hamısından uzaq olmasanız iradəniz zəifləyəcək, həyatda uğur və müvəffəqiyyət qazanmaqdan məhrum olacaqsınız.

baxılıb: 207 dəfə