Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -2

2- Hərəkətin azlığı və səhlənkarlıq

İşlər ümumilikdə çətinlik və asanlıq baxımından müxtəlifdirlər, həmiçinin iradə də müxtəlif dərəcələrə malikdir. Əslində elə bir insan yoxdur ki, onun hər hansı xeyir işə heç bir iradəsi olmasın. Bizim hər birimizin yaxşı işlərə az da olsa iradəmiz vardır və elə bu da bizim üçün iradəmizi gücləndirməyə təşviq edici səbəb ola bilər. Həmçinin əgər biz əvvəlcə iradəmiz çatan işləri etsək, tədriclə bizim etmədiyimiz işlər üçün də iradəmiz güclənəcəkdir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

من يعمل يزدد قوّة ، من يقصّر في العمل يزدد فترة

“Əməl edən insanın qüvvəsi (iradəsi) çoxalar, (əməldə) səhlənkarlıq edən şəxsin isə tənbəlliyi (iradəsizliyi) çoxalar.”

Uyunul hikəm vəl məvaiz 454-cü səhifə

.

Deməli, iradəni zəiflədən səbəblərdən biri də bacardığımız işləri etməkdə ərinmək, süstlük, səhlənkarlıq və tənbəllik etməyimizdir. Etdiyimiz işlərdə tənbəllik və süstlüyümüz həm iradəmizi zəiflədir, həm də qəm-kədəri bizim həyatımızın ayrılmaz hissəsinə çevirir.

Kiçik işlərdən başlayın və onları davam etdirin, təki böyük işlərdə müvəffəq olasınız.

Bizlərdə iradəsizliyin yaranmasının səbəblərindən biri də budur ki, biz böyük işlərdən başlayırıq, bir müddət sonra isə heç bir nəticə əldə edə bilmədən  yaxud da istədiymiz nəticəni ala bilmədən o böyük işləri buraxırıq. Bununla da iradəmizi öldürmüş oluruq, hətta kiçik işlərdə də iradəmizi toplaya bilmirik. Siqaret çəkməyi, dilinə söyüş gətirməyi, mənasız sözlər danışmaq və ilaxır kimi kiçik işləri tərgidə bilməmək də bu qisimdəndir.

Uğur, nailiyyət və müvəffəqiyyətin əlamətlərindən biri də budur ki, hər bir insan əvvəlcə elə işlərdən başlasın ki, həmin işləri etməyə onun kifayət qədər iradəsi vardır.

Odur ki, əmirəlmöminin Əli əleyhissalam buyurur:

قلیل مدوم علیه خیر من کثیر مملول منه

“Davam etdirilən (xeyiri davamlı olan) az iş, yorğunluq gətirən (və nəticədə tərk edilən) çox işdən daha yaxşıdır.”

Nəhcül bəlağə 444-cü ( 436-cı) hikmətli kəlam

baxılıb: 234 dəfə