Əxlaqi tərəqqinin yolları

Əxlaqi tərəqqi üçün nəsihət

İmam Zeynul Abidin əleyhissalam buyurur: "Bu üç sifət və xasiyyət kimdə olarsa həmin insan bu dünyada Allah Taalanın pənahında olar, Qiyamət günündə isə Allah Taalanın ərşinin rəhmət kölgəsində olar. Məhşər gününün çətinlikləri və əziyyətlərindən amanda olar. 1- İnsanlara ehsan və yaxşılıq etmək istəyərsə, elə şeyləri bəxşiş etsin ki, həmin şeylər özünün sevdiyi şeylərdən olsun. 2- Hər hansı bir işi etmək istəyəndə əvvəlcə bu barədə düşünsünlər ki, onların atdıqları bu addım Allah Taalaya itaət yolundadır, yoxsa günaha doğru olan bir addımdır. 3- Öz eyibini islah edib düzəltmədən öncə dostlarının eyiblərini axtarmasın."

Biharul ənvar 75-ci cild 141-ci səhifə
Tuhəful uqul 204-cü səhifə

Qısa şərhi:
1- Yəni bizlər kimlərə yaxşılıq etmək istəsək yaxşı şeyləri verək, elə şeyləri bəxşiş və hədiyyə edək ki, o şeylərdən özümüzün xoşumuz gəlir. Adamlar var ki, yaxşı şeyləri özlərinə götürürlər, xoşlamadığı şeyləri isə başqalarına hədiyyə verir.
Xanım Fatimeyi Zəhra əleyhasalamın toyu idi. Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih canının parası dediyi qızı üçün təzə toy paltarı almışdı. Xanım o paltarı geyərək toyda əyləşmişdi. Axşam vaxtı qapıya bir yoxsul qadın gəldi və dedi: "Ey Peyğəmbərin şərəfli qızı, paltarım cırılıb. Artıq paltarın vasa mənə paltar ver. Xanım Fatimə əleyhasalam evə daxil oldu. Əynindəki təzə toy paltarını gətirib həmin o qadına verdi, özü isə ev paltarını geyindi. Bir azdan Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih qızı Fatimə əleyhasalamı Əmirəlmöminin Əli əleyhissalamın evinə aparmaq üçün evə gəldi. Qızını köhnə paltarda görüb buyurdu: Qızım, sənə aldığım təzə paltar bəs hanı?! Həzrət Fatimə əleyhasalam buyurdu: Atacan, təzəni yoxsul qadına verdim. Allahın Rəsulu qızını qucaqlayaraq buyurdu: Atan sənə fəda olsun.
Bəli, Məsumların həyatında belə anlar çoxdur. 
2- Heç bir işi tələsik etməyək. Əvvəlcə o işin halal ya haram olduğunu aydınlaşdıraq. Həşçinin o işin aqibəti və sonu barədə düşünək. Əgər belə etsək bizim bütün işlərimiz uğurlu olacaq.
Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alihin yanına bir nəfər gəlmişdi. İslamı qəbul etdi, vacibat və haramları öyrəndi. Gedəndə dedi: Ey Allahın Rəsulu, mənə elə bir nəsihət elə ki, ona əməl etməyim sayəsində heç vaxt səhv iş görməyim, həyatda etdiyim hər hansı iş mənim peşmançılığıma səbəb olmasın. Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: əgər hər hansı bir işi etmək istəsən əvvəlcə o işin aqibəti(sonu, nəticəsi) barədə düşün.
3- Yəni insanların hamısının eyibləri vardır. Bizim hamımızın eyiblərimiz var. Bizim vəzifəmiz budur ki, öz eyiblərimizi yox etməyə, özümüzü islah etməyə çalışaq. Bizim isə eyiblərimiz o qədər çoxdur ki, heç vaxt qurtaran deyil. Buna görə də İmam əleyhissalam buyurur ki, əvvəlcə öz eyiblərini düzəltməklə məşğul ol. Yəni biz öz eyiblərimizlə ölənə qədər məşğül olmalıyıq.
Bunu da yaddan çıxarmayaq ki, 14 məsumdan gələn duaların çoxunda "ilahi mənə bəsirət ver" cümləsi işlədilib. 
Yəni, İlahi, mənə elə bir bəsirət və mənəvi itigörənlilik bəxş et ki, öz eyiblərimi və nöqsanlarımı görə bilim.
Əgər belə olmasa, Allah Taala insanı özünə unutdursa, insan ən qatı cinayətkar olsa belə özünü müqəssir və təqsirkar saymayacaq.

baxılıb: 635 dəfə