Əxlaqi tərəqqinin yolları

İxlas barədə hədislər

Məsum imamlar(ə) ixlas haqda çoxlu hədis və rəvayətlər söyləmişlər. Çünki ixlas konkret və incə məsələdir.

Əməllərin qəbulolma dərəcəsi ixlasın miqdarından asılıdır. İxlas nə qədər çox olarsa, əməl bir o qədər dəyərli və qiymətli olar. İxlas təsəvvür etməklə,yaxud sözləri bir-birinə qoşmaqla əmələ gələn deyildir. Əksinə, ixlas Allahdan kömək diləmək və nəfsi cilovlamaqla meydana çıxır. Əfsuslar olsun ki, bir çox adamlar özlərini müxlis hesab edir, lakin həqiqətdə ixlasdan çox uzaq olub öz həvayi-nəfs və şəhvətlərinə uyurlar.

Peyğəmbər(s) buyurur: «Cəbrail mənə Allah-təaladan bunu xəbər verdi:

«(İxlas) mənim sirlərimdən biridir. Mən onu sevdiyim bəndələrin qəlbinə əmanət olaraq qoyuram.»

Həzrəti-Fatimeyi-Zəhra(s.ə.) buyurur:

«Kim öz xalis ibadətini Allaha tərəf yönəldərsə, Allah da ən yaxşı məsləhəti (xeyri) onun üçün göndərər.»

Səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə nəql olunur:

“Əmirəlmöminin(ə) həmişə deyərdi: «Xoş o adamın halına ki, dua və ibadətini yalnız Allaha məxsus edərək gördüyü şeyləri qəlbinə girməyə qoymur, eşitdikləri Tanrını ona unutdurmur, başqalarına verilən nemətə görə kədərlənmir.”

İmam Sadiq(ə) “Mülk” surəsinin ikinci ayəsini təfsir edərkən buyurur:

“Bu ayədə Allah-təala çox əməl edəni yox, düzgün əməl edən şəxsi nəzərdə tutmuşdur. Düzgün əməldə isə, Allah qorxusu (xofu) ilə niyyətin saflığı yanaşı olmalıdır». Sonra buyurur: «Əməli (pisliklərdən) qorumaq əməlin özünü yerinə yetirməkdən çətindir....”

Əlbəttə, ixlas əldə etmək və onu müəyyənləşdirmək çox çətin və dəqiq məsələdir. Buna əməl etmək çox əziyyətlibir işdir. Peyğəmbər(s) bu barədə buyurur:

“Mənim ümmətim arasında şirk qarışqanın çopur daş üzərində yeridiyi kimi gizlənmişdir.”

İxlas barədə söylənilmiş hədislər üç yerə bölünür:

1) ixlasın nişanələri;

2) ixlasın amilləri;

3) ixlasınn faydaları.

1)İxlasın nişanələri

Bu bölmədə hədisləri misal gətirib sonra da ondardan nəticə çıxaracağıq:

*Peyğəmbər(s) buyurdu:

“.....Müxlisin dörd əlaməti vardır: qəlbi pak, bədən üzvləri sağlam, xeyri çox, sirri isə təhlükəsizdir.”

*Əmirəlmöminin(ə) buyurmuşdur:

“......Əməlləri, davranışı aşkarda və gizlində eyni olan şəxs, həqiqətən, öz əmanətini ödəmiş, ibadətini isə saflaşdırmışdır......”

*”İxlasın əsası günahdan çəkinməkdir.”

*”Pərhizkarlıq müxlislərin qaydasıdır.”

*”Xalis ibadət insanın Allahdan başqasına ümid bağlamayıb günah işlətməkdən savayı bir şeydən qorxmamasıdır.”

*İmam Baqir(ə) buyurur:

“Ümidi məxluqdan kəsilmiş şəxsdən başqa heç bir abid Allaha layiq ibadət etmir. Bu zaman Allah-təala buyurur: “Bu, mənim xalis bəndəmdir.” Sonra onu əzizləyib mehribanlıqla qəbul edər.”

baxılıb: 481 dəfə