Əxlaqi tərəqqinin yolları

Niyyət və əqidəvi, mədəni, ictimai, milli bağlılıqlar

Niyyət insanın şəxsiyyətini nümayiş etdirməkdən əlavə əqidəvi, ictimai və milli bağlılıqlardan da bizə xəbər verir. İslam mənbələrində bu barədə elə ifadələr vardır ki, onların hamısını üç cümlədə ümumiləşdirmək olar:

1) Kim hər hansı bir işdən razı qalarsa, onu yerinə yetirmiş kimidir.

2) Hər hansı bir dəstənin əməli ilə razılaşan, onlardan hesab olunur.

3) Kim hər hansı bir dəstəni müdafiə edərsə, savab və əzabda onlarla şərikdir.

Həzrəti Əli(ə) bu üç fikiri bir cümlədə çox böyük məharətlə ifadə etmişdir: “....Məhəbbət və nifrət birlik rəmzidir...”

Yəni cəmiyyətdə hərənin bir işlə məşğul olmasına, yaşayış, adət-ənənə və rəng cəhətdən bir-birindən fərqlənməsinə baxmayaraq, onları yalnız bir şey birləşdirərək cəmiyyət, millət və dəstə halına salır: maraqlar. Birlik əqidə və məqsəddir.

Bu qanun əqidə, əməl, ictimai, mədəni və milli baxımdan insanları birləşdirib cəmiyyət halına salan amildir. Həzrəti Əli(ə)-nin fikrincə, bir millətin vəhdətinin meyarı yalnız razılıq və narazılıqlardır. Nəsil, dil, irq və coğrafi mühitlər kimi meyarlar ikinci dərəcəli amil qəbul olunmalıdır. Başqa sözlə desək, etiqad, mədəniyyət və məqsəddə yekdil olmaqdan xəbər verən məhəbbət və nifrət ayrı-ayrı adamları vahid bir millət kimi birləşdirib onların taleyini bir-birinə bağlayan yeganə meyardır. Yerdə qalanlar isə ikinci dərəcəlidir.

Burada bir neçə nüansa toxunmağı özümüzə lazım bilirik:

1) Bu bəhsdə «maraq» sözünün işlədilməsində məqsəd insanda ötəri emosiyaların təsirindən əmələ gəlib tez də yox olan səthi həvəs və meyllər deyildir. Əksinə, burada söhbət yekdil ideologiya ilə bağlı olan meyllərdən gedir, yəni bu faktorlar insan psixologiyasında təsir qoyan və onu öz silahdaşları ilə həmfikir edən insan təbiətindən irəli gələn amillərdir. Bu qəbildən olan meyllərin inikası insan əməlində köklü təsirə malikdir. Əgər şərait yaranarsa və heç bir maneə olmasa, insan dərhal başqalarının təsiri altına düşüb onların etdiklərini o da yerinə yetirər. Hər hansı bir hərəkətə münasibət (istər yaxşı olsun, istər pis) əməl formasında gerçəkləşməsədə, qəlbin dərinliklərində kül altda olan köz kimidir, küləyin əsməsini gözləyir ki, alovlanıb ətrafını da yandırsın, yəni şərait yaranarsa, fikir əməli olaraq reallaşacaq.

2) Hüquqi cəhətdən belə bir asılılığın ədalət normalarına zidd olması mümkündür. “Qurani-Kərim”də bu barədə də buyurulur:

“...Heç bir günahkar başqasının günahını daşımaz...”(«İsra»-15).

“Hər kəs öz əməlinin girovudur!” («Muddəssir»-38).

Bundan əlavə hüquq elmində günah etmək niyyəti və cinayət fikri cinayət sayılmadığı halda, necə ola bilər ki, insan yalnız niyyətinə görə (yaxşı, yaxud pis) şəri cəhətdən məhkum olunsun və ya mükafatlandırılsın?

Bu suala cavab olaraq deyilməlidir:

Cinayəti düşünmək, yaxud onu həyata keçirənə fikrən dəstək vermək, əlbəttə, cinayət sayılmır, lakin güclü əxlaqi təsirlərə malikdir. Məsələn, günahsız bir insanın öldürülməsinə razılığını bildirən, şübhəsiz, qatillərlə həmfikir sayılır.

İnsanın hüquqi məsələdə cinayəti inkar etməsi kifayət qədər dəlil-sübutun olmamasından irəli gələ bilər, lakin yaradılış qayda-qanunundan qaçmaq qeyri-mümkündür:

“Sənin hakimiyyətindən boyun qaçırmaq olmaz.”

Allah Təala “Qurani-Kərim”də buyurur:

“ Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar!...”(«Nisa»-9).

Ataların keçmişdə göstərdiyi amansızlığın gələcəkdə övladlarını necə də haqladığını görürsünüzmü? Halbuki övladların heç bir günahı yoxdur. Çünki bu, varlıq aləmində sabit olaraq dəyişilməz qalan yaradılış qanun qaydasıdır. Onun təhqiqatı və mühakimə qaydası adi məhkəmə orqanlarının mühakiməsindən tam fərqlənir. Bu məhkəmədə haqq, ədalət məfhumu çox əhatəli və genişdir.

3) Hərəkət (razılıqla baş verən) özü də iki xarakterə malikdir: fərdi və ictimai. Fərdi hərəkət yalnız bir nəfərin istəyi ilə baş verir və ancaq həmin şəxs üçün müəyyən bir əhəmiyyət kəsb edir. İctimai əməl bir nəfər tərəfindən həyata keçirilsə də, böyük ictimai əhəmiyyətə malikdir. Məsələn, baxmayaraq ki, Saleh peyğəmbər(ə)-in dəvəsi bir nəfər tərəfindən təqib edilib öldürülmüşdü, lakin başqaları da onunla həmfikir olduğu üçün Allah-təala bu əməli ümumilikdə Səmud qövmünə aid edərək buyurur:

“...Onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.”(«Şəms»-14).

İctimai işlərdə fikiri və əməli asılılıq əsas deyil, yetər ki, qəlbən və ruhən razılıq olsun. Cəmiyyətin bir nümayəndəsi olan icraçı cəmiyyətə arxalanır, buna görə də onun törətdikləri cəmiyyətin hesabına keçərək, ictimai məzmun daşıyır.

İslam mədəniyyətində bu ortaqlıq üçün zaman və məkan, uzaq-yaxınlıq şərt deyildir, yəni bu ictimai ortaqlıqda gələcəkdəkilər keçmişdəkilərlə oxşar olacaqlar. Buna görə də cəmiyyət ictimai rəqabətlər və ziddiyyətlərdə qarşılıqlı əməllərin cəriməsini ödəyir. Nə üçün? Ona görə ki, əqidə və məqsəddə onlarla ortaqdırlar. Əməllərinə qarşı razılıqlarını izhar edirlər. Ümumiyyətlə, məhəbbət və nifrətdə şərikdirlər. Bunu şərh etməklə ümumi ictimai əməllərdə tabelik fəlsəfəsi aydın olur. Təsadüfi deyildir ki, ayə və rəvayətlərin çoxu asılılığın fərdi əməllərdə yox, ictimai əməllərdə daha çox özünü biruzə verməsini qeyd edir:

“Kim bir qövmün əməli ilə razı qalarsa....” və ya “Hər hansı bir qövmün əməlindən razı qalan onlardan sayılır və s.”

Bu hədislərdə fərdin yox, cəmiyyətin hərəkəti müzakirə olunur, çünki ictimai təsir fərdi təsirdən daha güclüdür.

Yuxarıda sözügedən asılılıq icraçı və həmrəy tərəflər arasındakı mənəvi və mədəni bağlılığın ifadəsidir. Bu cəhətdən fərdi hərəktlə ictimai hərəkət arasında heç bir fərq yoxdur. Bunlar yalnız əhatə dairəsinə görə fərqlənirlər.

Şübhəsiz, hər hansı bir hərəkətə müsbət münasibət bəsləyən onun icraçısının savab və əzabı ilə şərikdir.

4) Dördüncü mətləb niyyətin mənəvi və əxlaqi inikaslarıdır. Məhəbbətin və nifrətin yaxşı və pis düşüncələrin insan mənəviyyatının və ruhiyyəsinin formalaşmasında təsiri olmayıb onun xoşbəxt və ya bədbəxt olacağını qabaqcadan xəbər verməsi.

İmam Sadiq(ə) məhəbbət və nifrətin imandan olmasını xəbər alan şəxsə belə cavab verir:

“Məgər iman məhəbbət və nifrətdən başqa bir şey deyilmi?”

Məhəbbət və nifrət bir-birlərindən ayrılmazdırlar. Bunlar, təqribən eyni təsirə malikdirlər. Niyyət məhəbbət və nifrətin əlaməti, məhəbbət və nifrət imanın nişanəsi, iman isə inam və əqidənin göstəricisidir. İnsanın inam və əqidəsi onun daxili aləmi və spesfik xüsusiyyəti olduğundan, həqiqətdə, niyyətin bu zəncirin bir halqası olduğunu söyləmək olar.

5)Üsul alimləri “təcərri” (günah etmək qəsdi) fəslində buyurmuşlar: “Günah niyyəti əmələ çevrilməzsə, bağışlanar və niyyət sahibi üçün heç bir günah yazılmaz. Bu fikrin tərəfdarları öz müddəalarının isbatı üçün rəvayətlər qeyd etmişlər.

*Sual:

Əvvəlki bəhslərdə gözəllik, qəbihlik, savab və əzabın meyarının niyyət olduğundan danışdıq. Birinin qəlbən başqalarının əməlilə razılaşması onu savab və əzabda onlarla şərik edir. Belə isə bu, yuxarıda qeyd etdiyimiz məsələ (niyyətin əmələ çevrilməzsə, bağışlanması) ilə zidd olmurmu?

İslam alimləri bu suala bir neçə şəkildə cavab vermişlər:

a) Təcərri (günah etmək qəsdi) iki cürdür: birinci, əməli yerinə yetirməmiş peşman olub daxili çarpışma nəticəsində öz ixtiyarı ilə günahdan çəkinmə; ikincisi isə, müəyyən həddə qədər gəlib xarici amillərin təsiri ilə günahdan çəkinmə. Birinci halda (günahın niyyəti) günahkar bağışlanır, çünki peşmançılıq onun ruhunun və təbiətinin paklığına dəlildir. Belə bir şəxs bağışlanmağa layiqdir. Amma ikincidə bağışlanmır. Belə şəxs üsyankar ruha malik olduğuna və Allahına qarşı təqvasızlığından günaha yaxınlaşdığına görə tənqidə və cəzaya layiqdir. O öz-özünə günahdan çəkinməmiş, əksinə, xarici maneələr onu günah etməkdən çəkindirmişdir.

b) Təcərri bəzən günahı fikirləşib etməmək və bəzən də təşəbbüs göstərməklə bitir. Birinci cəhd insanın əməllər kitabçasında günah kimi qeyd olunmur. İkinci isə haramdır və bu əməlin sahibi cəzalandırılmalıdır, ona görə ki niyyət təşəbbüslə yanaşı olarsa, (Allah qarşısında) üsyankarlıq, dikbaşlıq və təqvasızlığa dəlildir. Birinci halda Allah qarşısında dikbaşlıq və üsyankarlığa dəlil olan heç bir təşəbbüs yoxdur.

v) Müəllifin nəzərincə, təcərrini (günahı fikirləşmək) başqa cür də təsnif etmək olar. Niyyət iki formada ola bilər: ötəri və sabit niyyət (dəyişilməz niyyət).

Nəfsani qüvvələrin coşub-daşması ilə insan nəfsində yaranan və heç bir əxlaqi, etiqadi kökü olmayan niyyətə ötəri niyyət deyilir. Bu cür niyyətlər xatirə, arzu, ani həvəsin nəticəsində meydana gəlib, tez də ötüb keçir, öz yerini isə yaxşı və müsbət düşüncələrə verir. Məsələn, Ramazan ayında biri ləzətli xörək gördükdə orucunu pozub iftar etmək istəyir, lakin bilavasitə bu fikirdən dönür.

İnsanın ruhi dərinliklərindən axıb gələn, onun etiqad, xasiyyət və xarakterindən irəli gələn niyyətə sabit niyyət (dəyişilməz niyyət) deyilir.Bu növ niyyət insanın həqiqi simasını üzə çıxarır. “Qurani-Kərim”də «şakilə» (xislət) adlandırılaraq buyurulur:

«De: «Hərə öz xislətinə görə iş görər...» («İsra»-84).

Ötəri niyyət nəfsani qüvvələrin ani reaksiyası olub təqvasızlıq və gizli, xəbis fikir olmadığından bağışlanmağa layiqdir. Bəlkə də hədislərdə «bağışlanmaq» dedikdə elə bu niyyət nəzərdə tutulur. Həmin mətləb İmam Sadiq (ə)-in «Nəcm» surəsinin 32-ci ayəsinin təfsiri ilə bağlı hədislərdə də qeyd olunmuşdur.

Bu hədislərdə nəql olunur ki, «ləməm» (xəta) sözü günahı fikirləşmək, yaxud bəzi hallarda insan əxlaqından irəli gəlməyən təsadüfi günah mənasında işlədilmişdir.

Təfsirə görə, belə günahlar (icraçının Allah qarşısında inadkarlığını və dikbaşlığını göstərmədiyindən) Allahın geniş rəhmət və məğfirətinə şamil olur. Belə bir əməl bağışlanarsa, təbii ki, bu keyfiyyətdə olan niyyət də bağışlanacaqdır, çünki onların hər ikisi dikbaşlıq və üsyankarlıqdan uzaqdır.

Sabit niyyət (dəyişilməz niyyət) adətən təşəbbüs və əməllə nəticələnir. Əgər nə vaxtsa sabit niyyət əməl formasında gerçəkləşməyibsə, bu, icraçı insanın vicdanının yox, kənar faktorların təsirindəndir. Belə olduqda niyyət Allah qarşısında dikbaşlıq və üsyankarlıq sayıldığından günah hesab edilib cəzaya layiq görüləcəkdir. Niyyət barədə danışdığımız bu bölüm əsasən “Möminin niyyəti əməlindən daha yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir” hədisi kimi diqqəti cəlb edir. Lakin buradakı niyyət sözündən də məqsəd elə sabit (dəyişilməz) niyyətdir, yəni bu niyyət möminin imanından, kafirin isə küfründən əmələ gəlir. Bir sözlə, möminin (əxlaqı və imanı ilə bağlı) niyyəti əməlindən daha yaxşı, kafirin (küfr ilə bağlı) niyyəti isə əməlindən daha pisdir, çünki belə niyyət mömində nuranilik, sədaqət və iman, kafirdə isə inadkarlıq, küfr və üsyankarlıq əlamətidir.

Bu açıqlamalarla “Bir kimsə hər hansı bir qövmün əməli ilə razılaşarsa,...” və “hər hansı bir qövmün əməlindən razı qalan...” hədislərində məhəbbət və nifrət məsələsi tamamilə aydın olur. Həm də məhəbbət və nifrət, razılıq və narazılıqdan sözü səthi, ötəri emosiyalar yox, insan daxilindən axıb gedən, onun şəxsiyyəti və təbiəti ilə sıx bağlı olan nəfsani halətlər məqsədi ilə işlənmişdir. Bu halda başqasının əməli ilə həmfikir olan şəxs əslində onunla həmrəydir. Təbii surətdə əməlin nəticələrində də onunla şərik olacaqdır.

6. Əxlaq normalarında əməlin təsirli olmasına baxmayaraq, əsas niyyət və düşüncədir. Hüquqi normalarda isə bunun tam əksi olaraq niyyət ikinci dərəcəli olub əməl əsas təşkil edir.

Məsələn, əgər bir nəfər düşmənçilik üzündən öldürülərsə və sonradan qətlə yetirilmiş şəxsin qanının halal olması (yəni qatilin haqlı olması) məlum olarsa, hüquqi cəhətdən qatil günahkar sayılmayıb cəzalandırılmır, lakin əxlaq baxımından bu şəxs cəzaya layiqdir. Çünki əməlin feli cəhətdən qəbih olmamasına baxmayaraq icraçı cəhətdən qəbihdir. Buna görə də qatil cəzaya və tənbehə layiqdir. Bəzi fəqihlərin də bu kimi məsələlərdə icraçını cəzaya layiq hesab etməsi ehtimal olunur, çünki bu cinayət hüquqi cəhətdən yox, əxlaqi baxımdan qəbahət sayılır. Bizim fikirimizcə, hüquqi və əxlaqi məsələlər arasındakı bu yaxınlıq təbii haldır, çünki islam hüquqi islam əxlaqından ayrılmazdır.

Buna əsasən əxlaqi və hüquqi məsələlərdən hər birinin yeri aydınlaşaraq hüquqi cəhətdən məsuliyyətsizin əxlaqi cəhətdən məsuliyyətsiz olduğunu sübut edə bilmədiyi məlum olur. Həmçinin, əxlaqi vacib və haramlıq şəri vacib və haramlıq məfhumundan başqa bir şey olmadığı da məlum olur. Əxlaqi vacib və haramlıqdan fərqləndirən təkcə hökmün əsli yox, mahiyyətlidir. Buna əsasən əxlaqi haramlıq əxlaqi cəhətdən haramdır. Bu, hüquqi cəhətdən heç də haram olmaya bilər. Şübhəsiz, əxlaqi vacib və haramın hüquqi vacib və haram kimi özünə münasib təsiri vardır. Buna görə hər hansı bir günahsız insanın qətlinə razı olan şəxs əxlaqi cəhətdən bu cinayətdə iştirak etmişdir. Yəni hüquqi cəhətdən cinayətdə iştirak etməməsinə baxmayaraq, Allah qarşısında o da bu məsuliyyətə cəlb olunur. Allah-təala buyurur:

“...Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...”(«Bəqərə»-284).

Deməli, düşüncə və meyllər də insan əməllərinin bir hissəsi kimi hesab olunub Allah-təala dərgahında araşdırılacaqdır.

baxılıb: 477 dəfə