Əxlaqi tərəqqinin yolları

Niyyət - əməlin əsası

Mənəviyyatın, nəfsani fəzilətlərin və ali insani dəyərlərin özülünün islah olunması və möhkəmləndirilməsi islam əxlaqının əsasıdır.

Ona görə bütün əməllər-istər mənəvi, istərsə də cismi olsun,məxsusən ibadətlər niyyətə bağlıdır. Niyyət o qədər təsirlidir ki, əslində ibadət olmayan hər hansı bir mübah əmələ ilahi rəng vurub Allaha yaxınlıq niyyətilə yerinə yetirərək onu ibadət dərəcəsinə qaldırıb əcr və savaba yetişdirir. Məsələn, əgər yemək və ya istirahət etmək yenidən qüvvə toplayıb yaxşı ibadət etmək və ya xalqa xidmət göstərmək üçün olarsa, ibadət sayılar. Halbuki belə əməllər əslində ibadət deyildir. Deməli, bu keyfiyyətə görə niyyətə əməlin ruhu və özülü demək olar. Başqa sözlə desək, islamda ən mühüm məsələ hər bir şeyin batini və həqiqi cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma dərəcəsi ona bağlıdır. Bu barədə diqqətinizi bir neçə hədisə cəlb edirik:

Peyğəmbər(s) buyurmuşdur:

“Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Kim Allaha və Rəsuluna görə hicrət edərsə, Allah və peyğəmbərlərinə tərəf də gedər. Kim qadına görə evlənərsə və ya sərvət, var-dövlət ələ keçirmək xatirinə hicrət edərsə, hicrəti niyyətində tutduğu şey tərəfə də yönələr.”

“Möminin niyyəti əməlindən yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. Hər kəs niyyətinə görə iş görər.”

Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: “Heç bir əməl niyyətsiz qəbul olunmur.”

Peyğəmbər(s) bir hədisdə buyurur:

“Qiyamət günü insanlar niyyətinə görə təhrik olunarlar.”

“Qiyamət günü adamlar niyyətinə görə sorğu-sual olunar.”

İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur: “Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə sorğu-suala çəkər.”

Niyyət və əbədiyyət.

İmam Sadiq(ə)-dən «cəhənnəm əhli cəhənnəmdə, cənnət əhli isə cənnətdə niyə görə əbədi qalır?»- deyə soruşduqda o Həzrət belə buyrurur:

“Cəhənnəm əhli dünyada əbədi olaraq qalsaydı, həmişə Allaha asi olacaqlarını niyyət etdiklərindən cəhənnəmdə, behişt əhli isə əgər dünyada həmişəlik qalarlarsa, daim Allaha ibadət edəcəklərini düşündüklərindən cənnətdə əbədi olaraq qalacaqlar.Onların hər ikisi niyyətinə görə cənnət və cəhənnəmdə əbədidir. Sonra isə bu ayəni tilavət etdi:

“De, hər kəs öz əxlaqına uyğun əməl edər.”

Niyyətin əzab və savaba təsiri

Niyyətin təsiri o qədər güclüdür ki, hər hansı bir cəbhəni müdafiə, havadarlıq etməklə əzab və savabda o cəbhə ilə şərik olur.

Əmirəlmöminin(ə) Cəməl döyüşündə qalib gələndən sonra səhabələrindən biri o Cənaba dedi:

-Kaş qardaşım da bizimlə birgə olaydı, sizin düşmən üzərində qələbənizi görəydi. Bu cihadın fəzilətində o da bizimlə şərik olaydı.

Həzrəti Əli(ə) buyurdu:

-Qardaşın biz tərəfdəndirmi? Ürəyi bizimlədirmi?

O ərz etdi:

-Bəli.

Əmirəlmöminin (ə) buyurdu:

-Demək, o da bizimlə birgə bu döyüşdə vuruşubdur. (Təkcə o yox, əksinə) ataların belində, anaların bətnində olan bizimlə bir əqidədə olanlar da bu döyüşdə bizimlə birgə vuruşublar. Tezliklə zaman onları dünyaya gətirəcək, din və iman onların vasitəsilə qüdrətli olacaqdır.”

İbn Əbil Hədid bu xütbəni bəyan edəndən sonra yazır: “Əbul Əsvəd Duəli belə nəql edir: Əmirəl-möminin(ə) Cəməl döyüşündə qalib gələndən sonra bir dəstə mühacir və ənsarla (mən də onların arasında idim) Bəsrə şəhərindəki beytül-mal saxlanılan binaya daxil oldu. O Həzrətin gözü orada olan var-dövlətə sataşanda onlara xitab olaraq dedi: «Ey dirhəm və dinarlar! Məndən başqasını aldadın». Sonra Həzrəti Əli (ə) fərman verdi ki, səhabələrdən hər birinə beş yüz dirhəm verilsin. Dirhəmlərin hamısı səhabələr arasında bölüşdürülüb qurtarandan sonra Əbul Əsvəd dedi: «And olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, adamların sayı on iki min nəfər olmasına baxmayaraq, bir dirhəm belə artıq-əskik olmadı. Elə bil Əmirəl-möminin(ə) pulların məbləğindən xəbərdar idi.”

Sonra ibn Əbil Hədid yazır:

“Həbbeyi Ərəni adlı bir nəfər deyir: «İmam(ə) beytül-malı səhabələr arasında bölüşdürdükdən sonra başqaları kimi özünə də beş yüz dinar pul ayırdı. Döyüşdə iştirak etməmiş bir şəxs o ali Cənaba yaxınlaşıb dedi: “Ey Əmirəl-möminin! Bu vuruşda cismim sizinlə birgə olmasa da, qəlbim sizinlə idi. İstəyirdim, bu döyüşdə sizinlə bir yerdə vuruşum. Mənə də puldan əta et. İmam(ə) öz payını ona verib özü üçün heç bir şey saxlamadı.”

Bu məsələdən belə başa düşürük ki, əgər biri başqalarının işindən razı olarsa, demək, əzab və savabında da onlarla şərikdir.

Niyyət-insan şəxsiyyətini formalaşdıran amil kimi

Əməlin keyfiyyət və dəyərinə niyyət güclü təsir bağışladığı kimi, insan şəxsiyyətinin formalaşmasına da böyük əhəmiyyətə malikdir. Əgər bizi əhatə edən adamların şəxsiyyətini öyrənmək istəsək, bunu onun düşüncə və məqsədlərində axtarmaq lazımdır. Təkcə özünü düşünən adamla xalqın nicatı üçün çalışan şəxs eynidirmi? Özünə qənimət ələ keçirmək üçün döyüşə gedən adamla Allah rizasına görə vuruşan adama bir cərgədə baxmaq olarmı? Bu bərabərlik və bərabərsizlik insanların əməlləri ilə yox, onların şəxsiyyəti və məqsədləri ilə əlaqədardır, çünki zahirdə əməl birdir, onun heç bir fərqi yoxdur. Şücaət göstərib rəşadətlə vuruşan iki dəstə arasındakı fərq düşüncə və niyyətdədir. İmam Sadiq(ə) bu ölçü ilə bəndələri üç qismə bölərək hər birini ibadətdə olan niyyətlərinə uyğun bir xüsusiyyətlə vəsf edir:

“Həqiqətən, Allah bəndələri üç dəstədirlər. Birinci dəstə Allaha cəhənnəm əzabının qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. İkinci qrup cənnətə və mükafata görə Allaha ibadət edirlər. Bu da nökər və muzdur ibadətidir. Üçüncü dəstə isə Allahı sevdiklərindən ona ibadət edirlər. Bu isə azadələrin ibadətidir, yəni onlar Allaha cəhənnəm əzabından qorxduqlarına və cənnət nemətlərinə görə yox, Allaha bəslədikləri məhəbbət və pak niyyət üzündən ibadət edirlər. Bu, ibadətin ən uca zirvəsidir.”

Mülahizə edirsizmi, imam Sadiq(ə) Allah bəndələrini öz məqsəd və niyyətlərinə görə necə də dəqiq bölmüş və hər bir dəstəni Allah-təalaya hansı niyyətlə ibadət etməsinə görə o biri dəstədən fərqləndirmişdir.

baxılıb: 493 dəfə