Əxlaqi tərəqqinin yolları

Sükut etmək barədə bir neçə qeyd

Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, sükut etmək danışmaqdan yaxşıdır.

Peyğəmbər(s) demişdir: "Möminin nicatı dilini qorumasındadır".

O həzrət başqa bir yerdə buyurur: "Kim sükut edərsə, nicat tapar".

İmam Sadiq(ə) buyurmuşdur: "Loğman öz övladına söylədi: Əziz oğlum, danışmaq gümüşdürsə, danışmamaq qızıldır"

Peyğəmbər(s) buyurur: "Kim öz salamatlığını istəyirsə, sükut etsin". (Yəni, yersiz söz danışmasın.)

Bir nəfər Peyğəmbər(s)-in yanına gəlib soruşdu: “Mənə İslam (və qanunları) barədə bir neçə mətləb öyrədin ki, ona əməl edim. Daha başqalarından soruşmağa ehtiyacım olmasın.” Peyğəmbər(s) cavab verdi: "De ki, Allaha iman gətirdim və bu yolda dönməz ol". Həmin şəxsin “özümü nədən qoruyum?” sualına o Həzrət dilinə işarə edərək cavab vermişdi. (Yəni öz dilindən qorxub ona nəzarət elə".)

Həqiqət əhlinin şüarı

İmam Sadiq(ə) sükutun faydaları haqda buyurur: "Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır. Məhz elə şəxslər həqiqətlərdə qabaqcıl olmuş, yazılmamış kitablardan oxunulmamış uzun müddətli təhqiqatlar aparmış, həqiqətləri üzə çıxarmışlar." Sonra sükutun fayda və təsirlərini sadalayaraq buyurur:

1.Sükut bütün rahatlıqların açarı, dünya və axirətin asayişidir.

2.Sükut Allah razılığına səbəb olur.

3.Sükut Qiyamət günü haqq-hesabın yüngül olmasına səbəbdir.

4.Sükut xəta və uçurumlardan qorunmaq vasitəsidir.

5.Sükut cahil və nadan üçün pərdə, alimə isə zinətdir.

6.Sükut nəfsani təhrikləri boğmaq üçün vasitədir

7.Sükut nəfsin rahatlığı üçün vasitədir.

8.Sükut etməklə ibadət və münacatların ləzzətini dərk etmək olar.

9.Sükut qəlbi sərtlikdən təmizləyir.

10.Sükut həya və təqva qazanmaq bir yaradan amildir.

11.Sükut təfəkkür, ağıl və mürüvvətin artmasına səbəbdir.

12.Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.

Sonra İmam Sadiq(ə) buyurur: "İndi ki sükutun faydaları ilə tanış oldun, sus, zəruri olmayınca danışma. Xüsusilə Allah üçün və Allah yolunda danışmağa adam tapmadıqda".

Sonra yenə buyurdu: “İnsanların məhv olmasına və ya nicat tapmasına səbəb danışmaq və ya susmaqdır. Deməli, xoş o adamın halına ki, yaxşı və pis sözü bir-birindən seçib az danışmağın, susmağın bəyənilmiş təsir və faydalarından xəbərdardır, çünki sükut Tanrı peyğəmbərlərinin əxlaqı və onun seçilmiş bəndələrinin şüarıdır. Əgər bir kəs sözün qədrini bilərsə, yersiz danışmayıb sükutu özü üçün şüar edər. Sükutun gözəlliyindən xəbərdar olan onu əmin-amanlıq xəzinəsi, özünün ürək sirri bilər. Belə bir insanın danışığı və sükutu ibadət sayılar. Allahdan başqa heç kim bu ibadətin mahiyyətini bilməz.”

Zəruri şərh və diqqətəlayiq məsələ

Əlbəttə, qeyd etmək lazımdır ki, sükut barədə nəql olunan hədislərdən əsas məqsəd insanın həmişə susub danışmaması, hətta özünün və başqalarının hüququnu qorumaq lazım gələrsə belə, yenə də susub özünü müdafiə etməməsi deyildir. Əksinə, məqsəd boş-boş danışmaq və uzunçuluğun qarşısını almaqdır. Əgər sükut haqqında nəql olunan rəvayətləri biz bu cür şərh etsək, belə çıxır ki, insan hər zaman, hətta zalımların zülmü və fəsad törədənlərin pozğunçuluğu qarşısında da susub etirazını bildirməməlidir. Yox, belə bir təfsir zülm qarşısında susmağı ən böyük günah hesab edən müqəddəs şəriətlə ziddir. Pozğun insanlar və zalımların qarşısında susub etiraz edilməzsə, islam təhlükəyə məruz qalar. Belə hallarda dində göstəriş verilir ki, sükut möhürünü qırıb mücadilə edərək insanları pozğunçuluq və zülm əleyhinə qaldırın. Həqiqətən, bu zaman susan şəxslər «Quran»ın mühüm göstərişini görməməzliyə vururlar. Bu göstəriş vacib əməllərin ən əhəmiyyətlisi olan əmr be-məruf və nəhy əz-münkərdir (yaxşılığa sövq edib pislikdən çəkindirmək). “Qurani-Kərim”də və Əhli-beyt(ə)-dən nəql olunan hədislərdə bu müqəddəs vəzifəni yerinə yetirmək barədə çox təkidlər olunmuş, yerinə yetirməyənlər isə tənqid edilib Allah qəzəbinə layiq bilinmişdir. Peyğəmbər(s) buyurur: "Allah-təala dini olmayan aciz mömin ilə düşməndir". Soruşdular: "Dini olmayan aciz mömin kimdir?" Həzrət buyurdu: "Nəhy əz-münkər (pislikdən çəkindirmək) etməyən şəxs"

Əgər insanın həmişə susub, pozğunçuluq və zülmə qarşı çıxmaması Allah dərgahında yaxşı bir iş olsaydı, onda İmam Baqir(ə) belə buyurmazdı: "Vay o şəxsin halına ki, əmr be-məruf və nəhy əz-münkəri (yaxşılığa sövq edib pislikdən çəkindirmək) özünə vəzifə hesab etmir."

Bu iş icra olunmazsa, şübhəsiz, vacib əməllərin (namaz, oruc, həcc, xüms və s.) heç biri yerinə yetirilməyəcəkdir. İmam Baqir(ə) belə söyləmişdir: "Digər vacib əməllərin yerinə yetirilməsi əmr be məruf və nəhy əz munkərlə bağlıdır"

Həzrəti-Əli(ə) yaxşılığa sövq edib pislikdən çəkindirmək barədə buyurur:

"..Bunların hamısından ən əhəmiyyətli və üstünü ədaləti müdafiə etmək üçün zalım hökmdar qarşısında deyilən sözdür"

Xülasə, əgər rəvayət və hədislərdə sükutun fəziləti haqda söz açılırsa, əsas məqsəd boş-boş danışıq, qeybət, töhmət, yalan və iftiraya qarşı çıxmaqdır. Belə hallarda insan gərək özünü yığışdırıb sussun: "Sükut yersiz danışıqdan yaxşıdır."

Bəzi rəvayətlərdə insanın imanına xətər yetirməyən söhbətlər sükutdan üstün hesab olunmuşdur. İmam Əli ibn Hüseyn(ə)-dən söhbət və sükut barədə "Bunlardan hansı üstündür?"-deyə soruşduqda İmam(ə) buyurmuşdu: “Onların hər birinin özünəməxsus mənfi cəhətləri vardır. Əgər insan bu mənfi cəhətlərdən salamat qurtarsa, danışmaq susmaqdan üstündür." “Hansının daha üstün olduğunu nədən bilək?”-deyə soruşduqda o buyurdu: «Allah-təala peyğəmbər və onların canişinlərini susmaq üçün yox, haqq sözü insanlara çatdırmaq üçün göndərdi. Heç kim susmaqla behiştə daxil olmayıb Allah dostluğuna layiq və Allah əzabından özünü qoruyub saxlaya bilməyəcəkdir. Bütün bu mənfəət və nəticələr söz vasitəsilə həqiqətə qovuşur. Mən heç vaxt Günəşlə Ayı nəzərimdə bir tutmamışam (Burada danışmaq günəşə, susmaq isə aya oxşadılmışdır), çünki sükutu vəsf edərkən danışıqdan istifadə edirsən, amma kəlamı vəsf etmək üçün sükutdan istifadə edə bilməzsən,"– deyə cavab vermişdi. Yəni Ay Günəşdən nur aldığı kimi, sükutun da fəziləti kəlamla aşkar olur. Bunun əksi olaraq, Günəşi Ay vasitəsilə görmək mümkün olmadığı kimi kəlamı da sükut vasitəsilə başa düşmək heç cür mümkün deyildir.

Peyğəmbər(s) buyurur: "Allah bağışlasın o şəxsi ki, yaxşı söz deyib faydalanır və ya susub salamat qalır."

İmam Riza(ə)-dan nəql olunan bir hədisdə belə deyilir:

"Alimin üç nişanəsi var: səbir, bilik, sükut. Həqiqətən, sükut hikmət qapılarından biridir. Yerində edilən sükut hamı tərəfindən bəyənilir və yaxşı nəticələr verir".

Bu hədislərdə mənaya dərindən diqqət yetirilərsə, sükut dedikdə nəyin nəzərdə tutulduğu aydın olar, çünki hər sükut bu qədər dəyərli ola bilməz.

NƏTİCƏ: Keçən fəsildən belə nəticəyə gəlirik ki, bəyan neməti bütün fayda və əhəmiyyətləri ilə bərabər müsbət və mənfi cəhətə də malikdir. Özünüislahetmə mərhələsinin əvvəlində müsbət cəhətdən çox mənfi cəhətə diqqət yetirilmişdir. İnsan bu mərhələdə bir qədər inkişaf edib öz dilinə sahib olarsa, sükut bəhsinin müzakirəsi bir o qədər də önəmli olmayıb “səmt” müzakirə olunar. Ümumi sükuta “səmt” (susmaq) deyilir. Səmt mənalı sükutdur, yə’ni yerində edilən sükut. Deməli, istənilən şey ümumi sükut yox, yerində edilən sükutdur. Çünki dediyimiz kimi, çox vaxt danışarkən və əqidəni bildirərkən əmr (dəvət) və nəhy (çəkindirmə) zəruri, vacibdir. Belə hallarda sükut haramdır.

Dilin məs’uliyyətləri

Əxlaq alimləri bu əqidədədirlər ki, dili islah etmək çox çətindir. Əlləri dinc qoyub başqasının üzünə sillə vurmaqdan, ayaqları nalayiq yerə getməkdən çəkindirmək mümkün olduğu halda, dilə sahib durub, onu islah etmək çox müşkül məsələdir. Buna görə də məsum İmamlar(ə) dili günahdan qoruyub saxlamaq üçün ciddi tapşırıqlar vermişlər. Çünki insanda baş verən günahların çoxu dilin islah olunmamasından irəli gəlir.

Peyğəmbər(s) buyurur: "İnsanın buraxdığı səhvlərin əksəriyyəti onun dilindəndir".

Həzrəti-Əli(ə) belə demişdir: "Dil elə bir yırtıcıdır ki, əgər başını buraxsan, quduzlaşıb insanı qapar"

Başqa bir yerdə o həzrət dili boyunduruğa gəlməyən xam ata oxşadaraq söyləyir:

"... Kişi gərək öz dilini saxlasın, çünki ram olmayan dil sahibini həlak edər. Allaha and olsun, dilini saxlamayan şəxs inanmıram, ona faydası olan təqva əldə etsin. (Yəni heç kim dili islah etməmiş lazım olan təqvaya yetişə bilməz.)

Başqa bir yerdə isə həzrəti-Əli(ə) dilin islah olunmamasının aqibətinin cəhənnəm əzabı ilə qurtaracağını buyurur:

"...Çox danışanın səhvi çox olar. Səhvi çox olanın həyası az olar. Həyası az olanın təqvası nöqsanlı olar. Təqvası nöqsanlı olanın qəlbi ölər. Qəlbi ölən şəxs də cəhənnəmə daxil olar..." 

baxılıb: 748 dəfə