Əxlaqi tərəqqinin yolları

Dil günahları

Ən mühüm və əsas bəhslərdən biri də dil günahları, ondan törəyən bəlalardır. Dil ünsiyyət vasitəsi kimi faydalı və dəyərli olsa da, ondan baş verən günahlar da ziyanverici və xoşagəlməzdir. Allah dərgahında haqq sözü deməkdən yaxşı ibadət olmadığı kimi, batil sözü də söyləməkdən də pis günah yoxdur. Dil bəlaları haqqında səmavi təlimlərdə və hikmət sahiblərinin kəlamlarında o qədər faydalı, maraqlı mətləblər vardır ki, onların hamısını burada araşdırmağa bizim vaxtımız çatmaz. Lakin bacardıqca deyilənlərdən bir neçəsinə işarə edəcəyik. Əsl mövzu barədə söhbətə başlamazdan öncə nitqin əhəmiyyəti barədə qısaca da olsa danışsaq, məqsədəuyğun olardı.

Nitq-Tanrı neməti, lütf kimi

Allah insanları nitq qabiliyyətinə malik olmaqla şərəfləndirdi. Hikmət sahibləri, filosoflar nitqi təfəkkür və əqlin ifadəçisi bilib, buna görə də onu insanı başqa canlılardan ayıran xüsusiyyət hesab edirlər. Heyvanların əksəriyyəti onlar üçün təyin olunmuş müəyyən həddə qədər xüsusi səslərlə aralarında ünsiyyət yaradırlar. «Quran»da da quşlar və heyvanlardan bəzisinin danışdığı etiraf edilir:

"Süleyman Davuda (peyğəmbərlikdə , elmdə və mülkdə) varis oldu və dedi:" Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şey verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!" («Nəml»-16)

Həzrəti-Əli(ə) ibn Abbasa belə buyurmuşdur: "Allah-təala quşların dilini Davud oğlu Süleymana öyrətdiyi kimi, bizə də öyrətdi. Həmçinin quruda və suda yaşayan bütün canlıların da"

«Quran»da deyildiyi kimi, qarışqalar da danışmağa qadirdirlər: "Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə çatdıqda bir qarışqa (Qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" («Nəml»-18)

Xülasə, hər bir canlının özünəməxsus dili və danışığı vardır. Müqəddəs Kitabda bütün məxluqların danışığına iqrar edilib buyurulur ki, Qiyamət günü hətta bədən üzvləri də onların (insanların) əməllərinə şahid durarkən sahibləri buna qarşı etiraz edəndə onlar belə cavab verərlər:

"Hər şeyi dilə gətirən Allah bizi danışdırdı". («Fussilət»-21)

Dilçilik baxımından nitq

Danışıq və nitq təkcə insana məxsus deyildir. İbn Mənzur deyir: "Nitq danışmaqdır. Hər bir danışıq nitqdir.” (Sonra öz sözünü təsdiq etmək üçün "bizə quş dili öyrədildi" ayəsini misal çəkir.) Ardınca isə yazır: "Ədəbiyyatçılardan ibn Seyyidə adlı birisi belə yazmışdır: ««Quran»ın Davudun dilindən söylədiyi kimi, insandan başqa digər məxluqlar da nitq qabiliyyətinə malikdirlər: "Bizə quş dili öyrədildi" 

Xülasə, heyvanlar barədə aparılan təhqiqatlardan, ayə və rəvayətlərdən istifadə edərkən nitq və danışığın təkcə insanlara məxsus olmamasına heç bir şübhə qalmır. Quşlar, qarışqalar və bəzi heyvanlar da özlərinə məxsus səs və sözlərlə ünsiyyət yaradırlar. Bir sıra dilçilərinə nəzərləri yuxarıdakı fikirlə üst-üstə düşür.

QEYD: Fəlsəfənin nitqi insanda təfəkkür və ağlın ifadəçisi hesab edib onu insanla heyvanlar arasında əsas fərqləndirici cəhət kimi hesab etməsinə baxmayaraq, bu məsləni vəhy məktəbindən öyrənib «bəyan»ı nitqin yerində işlətmək daha məqsədəuyğun olardı. «Bəyan» sözü leksik baxımdan «nitq» kəlməsinə nisbətən daha geniş ifadə imkanlarına, zəngin məna tutumuna malikdir. «Bəyan» aşkar etmək deməkdir. İnsanın danışığına ona görə bəyan deyilir ki, onun fikirləri söz vasitəsilə aşkar olur. Əgər təfəkkür və əql qüvvəsi olmasaydı, insan öz istək və ehtiyaclarını bilməyib əldə etdiyi təcrübə və duyğularını yekunlaşdıraraq başqalarının başa düşəcəyi səviyyədə cümləbəcümlə düzüb izhar etməyə qadir olmazdı. Deməli, insanda nitq və bəyanın bünövrəsi onun mərkəzi sinir sistemi ilə birbaşa bağlıdır. Bu bağlılıq və əlaqə o qədər möhkəmdir ki, insan beynində azca boşluq yaranarsa, nitq fəaliyyətinə güclü təsir edər. Təfəkkür qüvvəsi nə qədər ardıcıl olarsa, onun bəyan qüdrəti çox, keyfiyyəti daha artıq olar. Deməli, bəyan iki cəhətdən əhəmiyyətlidir:

1. Bəyan insanın daxili hisslərini açıqlayan qüvvədir. Bəyan və dilin vasitəsilə insanın batinindəki fikirlər aşkarlanır. Heyvanlar isə bu qabiliyyətdən məhrumdurlar.

2. Bəyan insanda təfəkkür və düşüncənin ifadəsidir. Əbəs yerə deyildir ki, Allah-təala «Quran» və insan yaradılışını öyrənəndən sonra bəyanı öyrənməyi vurğulayaraq buyurur:

"Rəhman! (Mərhəmətli olan Allah!) (Öz peyğəmbərinə) «Quran»ı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını ifadə etməyi) öyrətdi. («Ər-Rəhman»-1,2)

Həzrəti-Əli(ə) buyurur: "Bilin ki, dil insan bədəninin bir parçasıdır. Əgər bir şəxs danışmaqdan boyun qaçırsa, dil söz deməyə qadir deyildir. Yox əgər insanın söz bazası olarsa, dil ona möhlət verməz. Doğrusu, biz (Peyğəmbər(s)-in Əhli-Beyti) söz sultanıyıq. Sözün cilovu əlimizdədir. Kəlam ağacı bizdə kök atıb, yarpaqları üstümüzə tökülmüşdür. Bilin və agah olun ki, (Allah sizə rəhm etsin) siz elə bir zamanda yaşayırsınız ki, haqq söz deyən az, dil həqiqəti deməkdən aciz, haqq axtaran və haqq istəyən insan isə xar və zəlildir".

Beləliklə, məlum olur ki, bəyan «Quran» və yaradılış təlimindən sonra nemətlərin ən üstünüdür. Buna görə də insan bu nemətlərin qədrini bilib Allaha şükr etməlidir. Əlbəttə, söylədiklərimizin hamısının şükrünü yerinə yetirmək olmaz, çünki Allah-təala öz bəndələrinə o qədər nemət əta etmişdir ki, insanlar onları saymaqda acizdir. “Qurani-Kərim”də bu barədə belə buyurulur:

"Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz". («İbrahim»-34)

Dilin müsbət və mənfi cəhətləri

Keçən bəhsdə dediyimiz kimi, dil xüsusi keyfiyyətə malikdir, lakin bu məsələni də yaddan çıxarmamalıyıq ki, onun müsbət və mənfi cəhətləri də var. Demək olmaz ki, dil Allahın ən üstün nemətlərindən olduğuna görə onu çox işlətmək və hesaba almadan hər sözü danışmaq olar. Əksinə, ondan zəruri və lazımi yerlərdə istifadə edilməlidir.

Söz-ən gözəl ibadət və ən ağır günah

Həzrəti-Əli(ə) buyurur: "İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı və eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir. Sözsüz ki, bu kəlam Allahın razılığı üçün onun rəhmət və nemətlərinin sonsuzluğunu ifadə edən formada olmalıdır. Çünki hamıya məlumdur ki, Allah özü ilə peyğəmbərləri arasında sirləri açmaqda, həqiqətləri aşkarlamaqda və gizli elmləri izhar etməkdə kəlamdan başqa bir şeyi vasitə seçməmişdir. Vəhy və mətləblərin dərk olunması kəlam vasitəsilə baş tutmuşdur, belə ki peyğəmbərlərlə insanlar arasında da dini təbliğ etmək üçün sözdən başqa bir vasitə olmamışdır. Buradan da aydın olur ki, söz ən gözəl vasitə və ən zərif ibadətdir. Eyni zamanda sözdən artıq Allah dərgahında ən ağır cəzaya layiq günah və insanlar arasında ən çox pislənən narahatedici bir amil yoxdur."

Adətən ağıllı insanın nişanələrindən biri də yersiz danışmamaqdır, çünki dil insan ağlının ölçüsünü ifadə edir. Həzrəti-Əli(ə) buyurur: "Danışın ki, tanınasız, çünki insan öz dili altında gizlənmişdir." "İnsanın batini dili altında gizlənmişdir".

Hər halda, ağıllı və uzaqgörən bəndə fikirləşib sonra danışar. Həzrət Əli(ə) belə söyləmişdir: "Ağıllı adamın dili onun qəlbində, axmağın qəlbi isə onun dilindədir".

Seyyid Rəzi bu hədisi «Nəhcül-bəlağə»də nəql edən zaman deyir: "Bu hədis Mövla Əmirəlmöminin Əli(ə)-nin ən qəribə və dəyərli kəlamlarındandır. Hədisin mənası budur ki, ağıllı insan düşünmədən və fikirləşmədən ağzını açıb danışmaz, lakin axmaq adam isə fikirləşmədən danışar. Buna görə də elə bil ağıllı adamın dili onun qəlbinə, axmaq adamın qəlbi isə dilinə tabedir. Elə bu məzmunda o həzrətdən belə bir hədis nəql olunur: "Axmağın qəlbi dilində, ağıllı şəxsin dili isə qəlbindədir".

Başqa bir yerdə isə belə buyurur: "Möminin dili onun qəlbində, münafiqin qəlbi və ağlı onun dilindədir.” Yəni mömin danışmaq istəyərkən fikirləşər, sonra danışar. Münafiq və axmaq adam isə ağzına gələni söyləyər, bilməz ki, hansı söz onun xeyrinədir, hansı söz ziyanına. Peyğəmbər(s) buyurmuşdur: "Heç bir bəndənin qəlbi düzəlməmiş, imanı düzəlməz və dili düzəlməmiş, qəlbi düzəlməz.." 

Xülasə, insan düşünərək danışmalıdır. Əks halda, ixtiyarını əldən verər, axırı puç və bədbəxt olar. İnsan nə qədər ki, danışmamışdır, sözünün ağasıdır, elə ki danışdı, oldu qulu.

Həzrət Əli(ə) bu həqiqəti belə açıqlayır: "Sözü nə qədər ki deməmisən, sənin ixtiyarındadır. Elə ki danışdın, sən onun ixtiyarındasan. Buna görə də dilini qızıl-gümüşün kimi saxla (yersiz söz xərcləmə). Çünki çoxlarının bir kəlmə yersiz söz söyləməsi böyük bir neməti əlindən zorla alıb başına dərd-bəla gətirmişdir".

Bir çoxları danışmaqdan peşmançılıq çəkmiş, ancaq sükut etməkdən heç vaxt heç kim peşman olmamışdır. Loğman öz övladına buyurur: "Ey övladım, çox vaxt mən danışdığıma görə peşman olmuşam. Amma sükut etdiyim üçün təəssüflənməmişəm."

baxılıb: 710 dəfə