Əxlaqi tərəqqinin yolları

Təfəkkür və düşüncə

İmam Sadiq(ə) buyurur: “Təfəkkür və düşüncə yaxşılıqların güzgüsü, pisliklərin örtüyü, qəlblərin nurlandırıcısı, xoşbəxtliyin açarı və qəlbin genişliyidir. Təfəkkür vasitəsilə insan qiyamət gününün xeyrindən, öz işinin aqibətindən xəbərdar olur, elm və biliyi günbəgün artır. Təfəkkür etməkdən yaxşı ibadət yoxdur.» Peyğəmbər(s) buyurur: “Bir saat təfəkkür, bir illik ibadətdən (əlbəttə, burada söhbət müstəhəb ibadətlərdən gedir) daha fəzilətlidir. Yalnız o kəslər bu məqama yetişərlər ki, Allah-təala onları mərifət və tövhid nuru ilə işıqlandırmışdır."

Təzəkkür (xatırlama) və təfəkkür müxtəlif mərhələlərdə bir-birini izləyir. Gah təzəkkür təfəkkürün başlanğıcı, gah da təfəkkür təzəkkür üçün zəmin yaradır. İnsanın ətrafında baş verən cərəyanlardan yeni məlumatların əldə olunması üçün fikri işə salıb sabitlik və passivlikdən qurtulmaq, durğunluqdan fəaliyyətə keçmək lazımdır. Təfəkkür insanın maddi və mənəvi inkişafının, təkamülünün əsasını təşkil edib, onu başqa məxluqlardan fərqləndirir. Təfəkkür insanı duyğu mərhələsindən düşüncəyə, heyvanlıq dərəcəsindən insanlıq məqamına sövq edir. Təfəkkür insan ruhunun əhatə dairəsini oyadır, onu uca məqamlarda qanad çalmağa həvəsləndirir. Buna görə də Allah-təala möminləri vəsf edərək buyurur:

"O kəslər ki, ayaq üstə olanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması barədə düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!…" («Ali-İmran»-191)

Bu ayədən belə başa düşülür ki, zikr fikirsiz və fikir zikrsiz heç bir fayda verməz. Əgər hər ikisi birgə olsa, insanı heyvanlıq və yırtıcılıq dərəcəsindən ürfan, mərifət zirvəsinə yüksəldər. Ona görə də, əziz qardaş, çalış həmişə Allahı xatırlayasan və eyni halda da təfəkkür edib ruhunu yüksəkliklərdə qanad çalmaq üçün hazır edəsən.

Peyğəmbər(s) buyurur:

«Ağıllı şəxs özü üçün gərək üç vaxt ayırsın: bir qədər Allah-təala ilə münacat, bir qədər özü ilə hesablaşmaq və bir qədər də Allah-təalanın onun barəsində nə edəcəyi haqda düşünmək üçün. Əlavə bir qədər də istirahət və halal ləzzətlərdən bəhrələnmək üçün bunların üstünə artırsın. (Çünki bu mərhələ insana digərlərini yerinə yetirməkdə kömək edir.)”

Həzrət Əli(ə) buyurur:

"Təfəkkür etməklə qəlbini oyat" 

"Xoş o şəxsin halına ki, qəlbini təfəkkürlə, dilini isə zikrlə məşğul edir"

"Hər kim öyrəndiyi şey barədə fikirləşsə, elmini möhkəmlədib qabaqca başa düşmədiklərini anlayar".

İmam Sadiq(ə) buyurur:

"Təfəkkür insanı yaxşılıq və saleh əməllərə dəvət edir".

"Əbuzərin ibadətinin çoxu təfəkkür etmək və hadisələrdən ibrət almaq idi."

İmam Riza(ə) buyurur: "İbadət o demək deyil ki, çoxlu namaz qılıb, oruc tutasan. İbadət Allahın işləri barədə düşünməkdir."

Deyilənlərdən məqsəd budur ki həqiqi ibadət Allah, onun işləri və iradəsi haqda olan təfəkkürdür. Başqa bir ifadə ilə desək, ibadət odur ki, hər bir şey Allahın məxluqu, iradəsinin məzhəri, sifət və adlarının təcəllisi olduğundan insanın diqqət mərkəzində durmalıdır. Bu cür düşüncə həqiqi pərəstiş olub ibadətin vücuduna can verir.

baxılıb: 592 dəfə