Əxlaqi tərəqqinin yolları

Uzun arzuların iki dayaq və sütunu vardır.

Uzun arzular barədə bəhisn yekun nəticəsi.

Dünyaya bağlılıq və hərislik nəticəsində axirətin unudulması uzun arzuların əsas təsirlərindəndir.

Yəni, insan dünya işlərini o qədər uzada ki, axirəti unutmasına, axirət işlərinin əldən çıxmasına səbəb ola.

İnsan ilə heyvanı fərqləndirən cəhətlərdən biri də budur ki, insan gələcəyi barədə düşünür, gələcək üçün planlar qurur, gələcək üçün indidən hazırlaşır.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

Qocalıqdan əvvəl gəncliyin, xəstəlikdən əvvəl sağlamlığın, yoxsulluqdan əvvəl imkanın, çətinlikdən əvvəl rahatlıq və asudəliyin, ölümdən əvvəl həyatın qədrini bil.”

Biharul ənvar 77-ci cild 77-ci səhifə

 

Bu hədisin mənalarından biri də budur ki, hər bir insan ehtiyatlı olmalıdır ki, bu fürsətlər onun əlindən getməsin.

Misal deyək: Səfərə çıxmağa hazırlaşan bir insana səfər öncəsi görüləsi işlər üçün iki saat vaxt lazımdır. Ağıllı insan həmin işləri günün əvvəlində görər ki, günün axırında nəzərdə tutulmamış və təsəvvür edilməyən problemlər ortaya çıxa bilər. Nəticədə o şəxsin səfər planları pozular.

Buna Əxlaq elmində “təsvif”, yəni “sonraya saxlama” deyirlər. İnsanların əksəriyyətində öz axirət işlərini sonraya saxlama hissi çox güclü və üstündür. Başqa sözlə “sonraya saxlama” insanların çoxunun adi xasiyyətinə çevrilmişdir.

«Təsvif», yəni işləri sonraya saxlama, insanın xeyir və savab işlər görməsinə maneçilik törədən mənfi xüsusiyyətlərdən biridir ki, hədislərdə də pislənmişdir və mənası «bu günün işini sabaha saxlamaq» deməkdir. Bu hal bir çox səbəblər üzündən baş verə bilər. Lakin “təsvif”in hədislərdədə işarə edilən əsas səbəbi uzun-uzadı arzulardır. Yəni insan sabaha ümidvar olub bu gün görməli olduğu işi, sonraya saxlayır. Belə fikirləşir ki, əgər bu gün varamsa, yəqin sabah da olaram və bu işi sabah görərəm. Elə ki, sabah yetişir, yenə də o birisi günün öhdəsinə qoyur. Beləliklə, ay keçir, il dolanır.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

«Əgər qəlbindən bu xasiyyətin silinməsini istəyirsənsə, həmişə belə təsəvvür et ki, əlində olan imkan ancaq bu gündür, bu saatdır, bu andır və bundan sonra həyat sənə heç bir fürsət verməyəcəkdir».

“Sonraya saxlama” məzmunu Əxlaq sahəsində işlədilən digər ifadələr kimi şiddət və zəiflik baxımından müxtəlif dərəcələrə malikdir. Müxtəlif insanlar ‒ mömindən tutmuş qeyri-möminə qədər, hətta imanın səviyyəsi baxımından –bu ifadəyə əsasən müxtəlif dərəcələrə bölünürlər.

Deməli, “uzun arzular” vacib işləri sonraya saxlatdıran arzulardırlar.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 “İşləri sonraya saxlamaqdan çəkin! Bil ki, sən bu gününsən, sabahın deyilsən.”

Yəni əgər insan bu günün qədrini bilməzsə sabahınında qədrini bilməyəcəkdir.

 

Qurani-kərim də insanları axirət işlərində tələsməyi tapşırır. Qurani-kərim Ali-İmran surəsinin 133-cü ayədə buyurur:

وَ سَارِعُواْ إِلىَ‏ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَ جَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَ الْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

“Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.”

Uzun arzuların o biri dayağı isə xəyal aləmidir, yəni xəyalpərəstlikdir.

Xəyal – yəni real olmayan və ona aid olmayan şeylərin təsəvvürünə qərq olmaqdır. Xəyal qüvvəsi insan nəfsinin idraklarından, batini mərtəbələrindən və onun işlərindən biridir. İşi əsasən, hiss olunan şeylərin cüzi (konkret) şəkil və surətinin idrakından və hifz olunmasından ibarət olan bu qüvvəyə xəyal qüvvəsi deyilir. Bu, xaricdəki şeyin maddi və ya zehni misalının surətidir.

Xəyalpərəstlik insanın, başqa sözlə desək insanlığın düşmənidir. Xəyalpərəstlik yalnız şeytan və şeytanpərəstlər tərəfindən insanların məhvi üçün təbliğ edilən mənfur bir sifətdir.

Xəyalpərəst insan özünə nəzərəti itirir, yəqin ki, yolda, avtobusda və sair yerlərlə tək olduğu halda öz-özünə gülən, sifətinin cizgilərini tez-tez dəyişən, əli ilə hərəkət edən... insanları çox görmüsünüz.

Rəvayətlərdə deyilir ki, bir kəndli qız süd ilə dolu qabı çiyninə alıb şəhərə satmağa aparır. Yol gedə-gedə fikirləşir ki, bu qədər südü 10 manata satıram, o pula 100 ədəd yumurta alıram, o yumurtalardan 100 cücə çıxır, o cücələr böyüyüb olur toyuq, toyuqları aparıb bazarda satıram, o pula donuz balaları alıram, donuzları böyüdür sonra onları da satıb onların puluna inək sürüsü alıram, gətirirəm evə və onlar üçün ot gətirirəm, həyətə çatanda həyətimizdə bu qədər inəyin olduğunu görüb əlimi sevincdən göyə qaldırıram. Bu zaman qız əlini qaldıranda süd qabı düşür yerə, qırılır və bütün süd zay olur.

Başqa bir rəvayətdə isə deyilir ki, bir abid var imiş və onun bir tacir qonşusu var imiş. Tacir yağ satırmış və hər gün bu abidə bir nəlbəki yağ göndərirmiş ki, mömin o yağı yesin. Abid bu yağı yeməyib tökürmüş bir küpə. Bir gün yenə qonşu qapını döyür və abidə yağ verir. Abid yağı gətirib tokur küpə və təşəkkür edib qayıdır. Bu zaman baxır ki, küp az qala dolur və fikiləşir ki, küp dolsun aparım bazara 100 manata satım. Həmin 100 manata 5 baş qoyun alıram gətirirəm evə, bu qoyunlar doğurlar və balalar da böyüyürlər, sonra tədriclə qoyunlarım çoxalır və qoyun sürüsünə malik oluram, şəhərin varlı adamlarından birinə çevrilirəm, varlı ailələrin birindən qız alıram, sonra bir oğlum olur, oğlum böyüyür ona elm, ibadət öyrədirəm, tərbiyə verirəm. Əgər sözümə baxmasa çomağımı əlimə götürüb ona vururam. Elə bu zaman əlindəki çomağını vurur küpə və küp sınır, içindəki yağlar hamısı torpağın üzərinə dağılıb zay olur.

Bunun nədən olduğu və necə olduğu, insanın nə üçün belə hisslərə düçar olmasının səbəb və amilləri bizim bəhsimizdən xaricdir. Belə ki, bu cür rəftar cəmiyyətdəki təziqdəndirmi, insanın ağlının zəifliyindəndirmi, xəyal qüvvəsinə çox dalmaqdandımı, insanın kasıbçılığındandımı, var-dövlətə hərisliyindəndirmi, varlılara həsəd aparmaqdandırmı və sair.

Bir nəfər imam Cəfər Sadiq əleyhissalamın yanına gəlir və deyir: -“Ya İmam, mən dünya adamıyam , mənim axırım necə olacaq?

İmam Cəfər Sadiq əleyhissalam buyurur: Sən nə ilə məşğulsan ki, özünü dünya adamı (yəni, dünyapərəst) sayırsan?!

Həmin şəxs deyir: Mən varlı adamam, çoxlu ticarət işləri görürəm, pulum çoxaldıqcayeni-yeni iş yerləri açıram.

İmam ondan soruşur:- İbadətlərini yerinə yetirirsənmi?!

Həmin şəxs deyir: -Bəli, namazlarımı vaxtı vaxtında qılıram, oruc tuturam, hər ilə Həccə gedirəm, Quran oxuyuram...

İmam ondan soruşur: -Var-dövlətinin xümsünü, zəkatını verirsənmi?!

Həmin şəxs deyir: -Bəli, ey Peyğəmbərin övladı. Xüms də verirəm, zəkat da verirəm, bundan əlavə xeyriyyəçilik də edirəm və bütün işçilərim də hamısı möminlər və şəhid ailələridir.

İmam Cəfər Sadiq əleyhissalam buyurdu: -Sən dünya adamı deyilsən, sən axirət adamısan.”

Deməli, insan dünya işləri görürsə, bərabər olaraq axirəti də fikirləşirsə belə bir insanın etdiyi arzulara “uzun arzu” yox, “yüksək arzu” deyilər və bu da çox bəyənilən bir işdir.

baxılıb: 632 dəfə