Əxlaqi tərəqqinin yolları

Qurani-kərimdə və hədislərdə pislənilən “uzun arzular” hansı arzulardır?!

Uzun arzular ilə əlaqədar silsilə Əxlaq dərslərinin dördüncü hissəsi Sual yaranır ki, bəs hansı arzu pislənilir?

Məsələn, hər hansı bir insan mükəmməl bir kitab yazmağı qarşısına məqsəd qoyur və həmin şəxs yaxşı bilir ki, bu kitabı yazıb qurtara bilmək üçün bir ömür zaman lazımdır.

Biz alimlərin həyatlarına və onların yazdıqları nəfis əsərlərə nəzər saldıqda görürük ki, bəzi kitablar 35, 40 ilə, hətta bəziləri 50 ilə yazılmışdır.

Deməli, həmin alimlər bu işi başlayanda bilirdilər ki, belə bir işə çox uzun zaman lazımdır. Və təbiidir ki, hər bir alim öz əsərini yazıb qurtarmaq arzusunda olur. Bu halda görəsən həmin alimlərin, məsələn, 40 il zaman lazım olacaq kitabı başlayarkən qurtarmaq arzusunda olmaları “uzun arzu”durmu?! Əlbəttə ki, bu arzu heç cür uzun arzu ola bilməz.

Bəs uzun arzu nədir?

Təbiidir ki, arzular müxtəlifdirlər.

Sədi Şirazi gözəl bir əhvalat nəql etmişdir: O deyir: -İranın şəhərlərindən birində bir tacirlə rastlaşdım.  O tacirə dedim ki, ay kişi ömür gedir, yaşlanmısan, artıq tövbə elə. O tacir mənə dedi ki, ay Sədi qərara gəlmişəm tövbə edəm. Lakin son səfərim var onu da başa vurum vəssəlam, sonra başlayacam Allaha ibadət etməyə. Sədi deyir, mən ondan soruşdum ki, səfərin haradır? Tacir dedi ki, Şirazdan İran filizini alıb aparacam Çinə. Çində filizi satıb və o pula çini qablar alacağam. O çini qabları apararam Hindistana və orada o qablara tələbat var. Hindistanda çini qabları satıb , o pula Hind poladı alaram. Onu gətirərəm Hələbə (Suriyaya) və poladı satıb, onun puluna Hələbib büllur qab-qacağından alaram. Hələb büllurunu gətirərəm Yəmənə və orada büllur qab-qacaqları satıb, onun puluna Yəmən parçası alaram. O parçaları gətirərəm Türkiyəyə və orada parçaları sataram və o pula Türkiyədə bir dükan alıb ömrümün sonuna qədər orada həm ibadət edərəm, həm də ticarət.

Bu zaman Sədi bir şeir deyir: Şeirin məzmunu belədir:

“Gözü bu cür ac olanı, ya qənaət doydurar, ya da torpaq.”

 

İnsan mübah (adi) işlərdə uzun arzulara malik olsa bunun nəyi pisdir?

Məsələn, hər hansı bir insanın özünün beşinci nəslini görməyini arzu etməsinin nəyi pisdir?! Bəzilərinin oğul-qızı, nəvəsi, nəticəsi, hətta kötücəsinin belə olduğunu gördükdə bizim də bu qədər övladımızı görmək arzusunu etməyimizin nəyi pisdir?!

Bəs arzu edilən şey, mübah (adi) yox, müstəhəb, yəni Allah tərəfindən çox bəyənilən şey olsa necə!?

Məgər 100 dəfə Həccə getmək arzusu pis arzudurmu?!

İmamların (onların hamısına salam olsun) dostlarının içində ən çox İmam görmüş insan Həmmad İbn İsadır.

Həmmad dördüncü İmam Zeynul Abidin əleyhissalamın zamanında dünyaya gəlmiş və doqquzuncu İmam Məhəmməd Təqi əleyhissalamın zamanında vəfat etmişdir. Cəfər Sadiq, Musa Kazım və İmam Rzanın (onların hamısına salam olsun) xüsusi səhabəsi olmuşdur. İmam Məhəmməd Təqi əleyhissalam ilə mütəmadi görüşmüşdür.

Maddi imkanı olmadığı üçün Həccə gedə bilməyən Həmmad İbn İsa bir gün yeddinci imam Musa Kazım əleyhissalamın yanına gəlib deyir ki, ya İmam, artıq qocalıram, Həccə getmədən ölmək istəmirəm. İmam Musa Kazım əleyhissalam əllərini göyə qaldırıb belə dua edir:

“İlahi, Həmmad ibn İsaya əlli (50) Həcc nəsib et.”

O duadan sonra hər il Həmmada həcc qismət olub. Həmmad 50 həcc edir, 51-ci dəfə həccə gedəndə, Məkkənin yaxınlığında olan Cöfə məsçidində ehram bağlamaq üçün çayda qüsl alarkən onu sel aparıb və dünyasını dəyişib.

Elə isə burada heç bir nöqsan ola bilməz ki, bir insan müstəhəb bir əməli arzulasın. Alimlər 50, 60 ilə bir əsər yazırlar və onlar bu işə başlayanda arzu edirlər ki, Allah Taala onlara uzun ömür versin. Bunu necə pis arzu hesab edə bilərik?

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Ey insan, sənin bu günkü nailiyyətlərin dünənki arzularındır.”

Deməli, arzu insanı həm yaşadan, həm də onu tərəqqi, inkişaf və təkamülə aparan başlıca səbəblərdəndir. Məgər avtomobil, telefon, televizor və sair bir günün içindəmi kəşf edilib?! Məgər Tibb elmi hazırda mövcud olan nəhəng uğur və nailiyyətlərini yüz illərin hesabına əldə etməyibmi?!

Deməli, arzular yaxşı və pis adlı iki qismə bölünürlər. Birincə dəstə arzular insanı xoşbəxt, ikinci dəstə arzular isə insanı bədbəxt edir.

Elə isə “uzun arzular” hansı arzulardır?! Biz haradan bilək ki, etdiyimiz arzular “uzun” arzudur, ya yox?!

baxılıb: 727 dəfə