Əxlaqi tərəqqinin yolları

Əxlaqlı insan çətinliklər zamanı Allaha daha çox bağlı olur.

Nə üçün həyatımızda kiçicik bir sıxıntı və çətinlik olan kimi Allahdan inciyirik və başqalarına şikayət edirik?!

Böyük şəxslərdən biri öz qulamı ilə bağında gəzir və əkdikləri məhsullara baxırdı. Birdən bağın bir küncündə yaşıllaşmış və yetişmiş meyvələri gördü. O meyvələrin birini dərib qulamına verdi ki, al ye. Qulam bəh-bəhlə həmin meyvəni yeməyə başladı. Qulamın belə iştaha ilə meyvəni yeməsini görən ağa o meyvənin bir parasını da ona verməsini istədi. Qulam meyvənin yarısını bölüb ağasına verdi.

Ağa meyvəni dişləyən kimi ağzı büzüldü və ağzındakı meyvəni yerə ataraq dedi: “Bu meyvə ki, dəyməyib, acı zəhər kimidir. Sən necə bunu elə iştaha ilə yeyirdin?”

Qulam ədəb və ehtiram  ilə dedi: “Mən neçə illərdir ki, sizin qulamınızam. Mən sizin nə qədər dadlı və yağlı yeməklərinizi yemişəm. Mənim üçün ədəbsizlik və mərifətsizlik olardı ki, sizin verdiyiniz bu meyvəyə görə üzümü turşudam və narahatçılığımı büruzə verəm.”

Ağanın bu sözdən çox xoşu gəldi, qulamına çoxlu ənam verərək onu azad etdi.

 

Görəsən, bəs biz nə üçün Allah Taala ilə münasibətdə belə deyilik?!

Nə üçün həyatımızda kiçicik bir sıxıntı və çətinlik olan kimi Allahdan inciyirik və başqalarına şikayət edirik?!

 

Biz bilməliyik ki, Allah Taala ilə məhəbbətli və dostcasına ünsiyyətdə ola bilməyimiz üçün məhəbbəti yaradan səbəbləri bilməliyik.

Hamının qəlbində eşq vardır və eşqsiz insan yoxdur. Sadəcə bu eşqin kimə yönəlməsi mövzusu var. İnsan ya Allahı sevir ya da özünü (nəfsini). Misal deyim, içi su ilə dolu stəkanı təsəvvür edin. O stəkanın içindən nə qədər su boşaldılarsa həmin boş yerə hava dolur. Stəkana su töküldükcə hava azalar. Ağzına qədər su ilə dolduqda isə stəkanda hava qalmır. İnsan da Allaha itaət ilə nəfsinə itaətin arasında seçimdədir.

Allah Taalaya məhəbbətin yaranması üçün Onu çox yada salmaq, Onunla ünsiyyəti -namaz, oruc, ehsan, yaxşılıq, insanlara xidmət, gözəl xasiyyət vasitəsilə çoxaltmaq lazımdır. Bunun üçün də biz Allah Taalanın mütləq kamal olduğunu bilməliyik, mərifətimiz olmalıdır. Çünki insanın hər bir şəxslə ünsiyyət səviyyəsi həmin şəxsin kamalının səviyyəsinə bağlıdır. Əgər bir adamın heç bir kamalı yoxdursa, yəni nə elmi, nə sərvəti, nə də qüdrəti, şücaəti, səxavəti... yoxdursa belə bir adamla ünsiyyətə heç kim can atmır. İnsanlar elə bir kəsin sorağına gedirlər ki, onun kamalı və camalı olduğunu bilsinlər. Deməli, Allah Taalanı xatırlamağın və yada salmağın yolu Onun kamal və camalını tanımaqdan keçir.

Bunun üçün Allah Taalanı bizlərə tanıtdıran şeylər barədə təfəkkür etmək lazımdır.

 

Qurani-kərim Yusif surəsinin 105-ci ayəsində buyurur:

 

 وَكَأَیِّن مِّن آیَةٍ فِی السَّمَاوَاتِ وَالأَرْضِ یَمُرُّونَ عَلَیْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ     

 

“Göylərdə və yerdə (Allahın birliyini, haqq olduğunu, kamalını sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onların həqiqi mənaları haqqında düşünməzlər).”

 

Halbuki əgər insan düşünərsə və yaradılış barədə təfəkkür edərsə həqiqətləri mütləq görəcəkdir.

Belə ki, Qurani-kərim Fussilət surəsinin 53-cü ayəsində buyurur:

 

سَنرُيهِمْ ءَايَاتِنَا فىِ الاَفَاقِ وَ فىِ أَنفُسِهِمْ حَتىَ‏ يَتَبَينَ‏َ لَهُمْ أَنَّهُ الحْقُّ

 

“Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.”

 

İnsanın təfəkkür etməsi üçün isə onun dünyapərəstlikdən əl çəkməsi nəticəsində ola bilər. Çünki dünya malının (şöhrətin, vəzifənin, pulun...) aşiqi və vurğunu olan insan haqqı tanıya bilməz.

Bundan əlavə insan Allah Taala barədə mütaliələr etməli, əxlaqi maarifi dəqiq bilən alimlərdən soruşmalı, əxlaq ustadı tapıb əxlaqını düzəltməlidir.

Bütün bunları əldə etmək üçün isə insan vaxt ayırmalıdır.

Bəli, atalar demişkən, vaxt qızıldır.

Görəsən bu qızılı satıb Allah Taalanı qazanmağa razıyıqmı?!

baxılıb: 655 dəfə