Əxlaqi tərəqqinin yolları

Həqiqi insan ali hədəflər ardınca olmalıdır

Çox ibrətamiz əhvalat və onun şərhi

Bir kişinin işi duz satmaq idi. O kənddən ağır bir duz bağlamasını ulağın belinə yükləyər və aparıb şəhərdə satardı. 
Günlərin birində çayı keçərkən ulağın ayağı daşa ilişdi və ulaq yıxıldı, sahibinin köməyi ilə ulaq ayağa qalxdı. Hərçənd duzun çoxu suya dağılmış və suda ərimişdi.
Buna görə də ulaq yenidən ayaq üstə duranda yükünün yüngül olduğunu anladı və şəhərə qədər o yükü çox sevinclə daşıdı.
Səhəri gün kişi yenidən duz alıb ulağa yüklədi ki, şəhərə aparsın. Dünənki hadisə ulağın yadında olduğundan çayı keçərkən ulaq qəsdən ayağını bir daşa ilişdirib yıxıldı. Beləliklə də yükü yenidən az və yüngül oldu.
Kişi öz-özünə fikirləşdi ki, belə getsə çox ziyana düşəcək. Qərara aldı ki, başqa şey satsın.
Səhəri gün kişi kənddən iki böyük bağlama qoyun yunu alıb ulağın belinə yüklədi və şəhərə sarı yola düşdü.
Həmin çaydan keçərkən ulaq yenidən özünü çaya yıxdı, amma ayağa duranda belindəki yük on dəfə ağır olmuşdu. O, əvvəlki çəkisindən on dəfə ağır yükü aparmaq məcburiyyətində qaldı...

ŞƏRH:
1- Sevimli Peyğəmbərimizin hədisinə əsasən biz hər birimiz məsul və cavabdehik. Yaxşı müdirin, məsulun, müəllimin, ustanın, ailə başçısının, komandirin ... vəzifələrindən biri də budur ki, öz işçilərinə, ya tələbələrinə, ya şagirdlərinə, ya övladlarına, ya əskərlərinə ...kömək etsin ki, onlar daha yüksək hədəf və məqsəd barədə fikirləşsinlər. "Bu gündən yaxşı qurtulduq" , "yaxşı canımızı qurtardıq" və sair bu kimi fikirlər ilə günlərini keçirməsinlər. 
Həmçinin başa düşsünlər ki, onların həyatda uca insanlıq zirvələrinə çatmaqları üçün onlar çox yüksək arzular ardınca olmalıdırlar.
Əlbəttə hər bir müdir, məsul, müəllim, usta, valideyn, komandir ... bu istəklərinin həyata keçməsi üçün işçilərin, tələbələrin, şagirdlərin, övladların, əskərlərin ilkin, əsas tələbatlarını ödəməli və onların daha yüksək hədəf və məqsədə çatmaq üçün düşünə bilmələrinə şərait yaratmalıdırlar.

2- Biz hamımız Allah Taalanın bəndələriyik. Bizi ən yaxşı tanıyan da Allah Taaladır.
Biz İlahi hökmlərə Allah Taalanın buyurduğu, eləcə də Peyğəmbərin(s) və İmamların(ə) izah etdikləri kimi əməl etməliyik.
Çalışaq ki, Allah qarşısındakı vəzifələrimizdə fənd işlətməyək, biclik və hiylədən istifadə etməyək. 
Məsələn, bəziləri mədələrindən və ya başqa yerlərində xəstəlik olduğunu bildikləri halda həkimə getmirlər, Ramazan ayının gəlişini gözləyirlər. Ramazan ayı daxil olan kimi həkimə gedirlər və deyirlər ki, həkim mənə oruc tutmağa icazə vermir, iki aylıq müalicədən sonra oruc tuta biləcəyimi deyir...
Və sair bu kimi çoxlu fəndlər və biclikləri həyatımızda müşahidə edirik.
Yadımızda olsun ki, biz bunula işimizi yüngülləşdirmiş olmuruq, əksinə işimizi çətinləşdiririk.
Qurani-kərimin Bəqərə surəsinin "inək"dən bəhs edən 67-dən 72-yədək olan ayələri bunun aşkar sübutdur.

baxılıb: 487 dəfə