Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Pis adətləri necə tərk edək?!

Allah Taala Qurani-Kərimin Furqan surəsinin 70-ci ayəsində buyurur: إِلَّا مَنْ تَابَ وَآَمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا “Tövbə edərək iman gətirən və saleh əməllərlə məşğul olanlar, o insanlardırlar ki, Allah onların etdikləri pis işləri yaxşılıqlara (savablara) çevirər. Allah (tövbə edənlərin günahlarını) bağışlayaraq rəhm edəndir.”

Allah Taala bizləri Tövbə əhlindən qərar versin.

İmam Museyi Kazım əleyhissalam dualarının birində buyurur:

“…İlahi, Sənsən tövbə edənlərin peşmançılıqlarını istəyirəm...”

-Dostlar, baxın,

Gündə bir qutu siqaret çəkən insan əgər bir həftə siqaret çəkməməq qərarına gələrsə, sizcə ona bu bir həftə ərzində çətin keçər yoxsa ümumiyyətlə saqaret çəkməyən insana?!

Siqaretə adət etmiş insanın bir həftə siqaret çəkməməsi onun üçün əməlli başlı mübarizə və cihaddır. Amma siqaret çəkməyən insan üçün həmin bir həftə tamamilə adi bir həftələrdən olacaqdır.

Riyakarlıq və saxtakarlıq edən bir insan əgər peşman olaraq tövbə edə və düz yolda olmaq qərarına gələrsə, o nə qədər çox əziyyətlər çəkməlidir ki, bu pis adətlər və günahları tərk edə bilsin.

Ona görədir ki, Allah Taala buyurur: -“ Allah onların keçmişdə etdikləri pis işləri yaxşılıqlara (savablara) çevirər.”

Allah belə tövbə edən insanların pisliklərini yaxşılıqlara çevirər. Bu, onların pis adətlərini tərk etdikləri vaxtda çəkdikləri əziyyətlərə görədir.

Bir diqqət edin, Kərbəla hadisəsində Hürr barədə eşitmisiniz. Sizcə Hürr nə qədər zirək idi?! Tasua gününə qədər Yezidin sərkərdələrindən olan həmin insan aşura günü İslam tarixinin ən böyük şəhidlərindən birinə çevrildi. Sizcə bu bir sutkanı, yəni 24 saatı Hürr necə keçirib?!

Özünüzü Hürrün yerinə qoymusunuzmu?! Bir tərəfdə onun çox ehtiramlı olduğu, onun arvad, uşaq və qohumlarının olduğu, hər şeyi onların yanında olduğu halda bu Hürr qəflətən o biri tərəfə, yəni İmam Hüseyn əleyhissalamın tərəfinə keçir, bilir ki, onun yaxınlarını və hər şeyini oda yaxacaqlar!!! Onun əleyhinə hər yerdə danışacaqlar, onun adını-sanını qohum və dostlarının yanında ləkələməyə çalışacaqlar. Evini yandıracaqlar, yaxınlarını incidəcəklər…

İndi düşünün, görün bu 24 saat Hürr üçün necə keçib, içində hansı mübarizədə olub, nə qədər güc sərf edib…

Hürrün 24 saat ərzində çəkdiyi əziyyət və narahatçılıqlar başqalarının bir ömür şəkdikləri narahatlıqlardan çox idi. Hürr bu 24 saatdan qalib şıxdı, bütün çətinlikləri və əziyyətləri keçdi, son qərarında mətin və möhkəm dayandı…

O bütün varını yoxunu, bütün bağlılıqlarını Allah Taalaya xatir tərk etdi.

Başqalarının illərlə çalışdıqları amma müvəffəq ola bilmədikləri işi Hürr 24 saatda etdi, bir ömürlük əzab-əziyyəti Hürr 24 saatda çəkdi.

Dostlar, pis adətləri tərk etmək çətindir, bunu hamımız bilirik. Amma çətinlik qeyri-mümkün demək deyil. Çətinliklər olmadan biz asanlıqlar və rahatlıqları əldə edə bilmərik. Biz dayansaq da vaxt gedir. Nə qədər ki, pis adətlərimizi tərk etmək üçün qüvvəmiz tükənməyib gəlin bu qüvvəmizi Allah Taala yolunda, dünya və axirət səadəti qazanmaq naminə sərf edək.

baxılıb: 590 dəfə