Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Əməldən sonra riya

Böyük fəqihlər buyurmuşlar ki, əməldən sonra riya etmək ibadəti batil etmir, çünki əməl öz yerində doğru və düzgün yerinə yetirildiyindən sonradan edilmiş riyakarlıq onun keyfiyyətini dəyişmir, amma bəzi hədislərdə söylənilmişdir ki, əməlini başqalarına demək həmin əməlin savabının azalmasına səbəb olar.

Bunu təkrar etdikdə isə özünə riya rəngini alır, beləliklə, ibadəti batil və məhv edir. Buna görə də kiçik bir səhvə yol verməklə çəkilmiş zəhmətlərin hədər getməməsinə diqqət yetirməliyik.

İmam Baqir(ə)-dən nəql olunur:

Əməli qoruyub saxlamaq onu yerinə yetirməkdən çətindir. Soruşdular ki, əməli qoruyub saxlamq nədir? Buyurdu: «İnsan Allaha xatir saf niyyətlə sədəqə verir və bu gizli əməl kimi onun əməllər kitabçasına yazılır. Sonra həmin hərəkəti başqalarına dediyindən aşkar xeyir əməl kimi qeyd olunur. Bunu təkrar etdikdə isə o iş onun əməllər kitabçasından silinib yenidən riya kimi oraya yazılır.»

«Nəcm» surəsinin otuz ikinci ayəsinin (“.....Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!”) təfsirilə bağlı imam Sadiq(ə)-dən belə nəql olunur: “Özünü təmizə çıxartma və tərifləmə insanın xeyir əməllərini, oruc, namaz və sair ibadətlərini başqalarına danışmasıdır”. Sonra yenə buyurur: “Möminlərdən bəzisi həzrəti-Əli(ə)-nin hüzurunda namazı, orucu və digər ibadətlərindən söhbət açmışdılar. Həzrət söylədi: «Amma mən (Əli) gecə-gündüz yatıram. Arada vaxtım olanda yenə də yatıram». Bu sözü İmam(ə) kinayə ilə nəsihət məqsədilə demişdir ki, safniyyətli bəndə özünü tərifləyib hərəkətlərini başqalarının üzünə vurmasın.

Buna görə müstəhəb əməl, ibadət, sədəqə və ehsanların gizlində edilməsi buyrulmuşdur, çünki müstəhəb əməllər vacib ibadətlərdən daha çox riya və şeytani vəsvəsələrə məruz qalır.

baxılıb: 461 dəfə