Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Riya

İxlas mövzusunun ardınca bəhs edilməli mövzu "riya"dır.

Tərk edilməsi zəruri olan əsas xüsusiyyətlərdən sayılan riya barədə qısaca məlumat versək, məqsədəuyğun olar.

Riya insanın diqqətini özünə cəlb edib, əməllərinin aşkarlanması və özünü göstərməsi üçündür.

Riyanın əlamətləri

Ayə və rəvayətlərə əsasən riyakarlara aşağıdakı xüsusiyyətləri aid etmək olar:

1) münafiq və ikiüzlüdürlər ;

2) xalqın gözü qarşısında həvəslə, böyük ruhiyyə ilə ibadət edirlər ;

3) təklikdə düşkün və halsızdırlar (ibadətə qarşı) ;

4) bütün işlərdə hamının onları tərifləməsini sevirlər;

5) onları tərifləyəndə əməllərini artırırlar;

6) təriflənməyəndə əməllərini azaldırlar;

7) hiyləgər və kələkbazdırlar;

8) etdikləri yaxşı əməlləri başqalarının üzünə vururlar;

9) insanların boynuna minnət qoyurlar;

10) insanların əlinə göz dikib Allaha təvəkkül etmirlər;

11) Allahı qəlbən yox, dildə zikr edirlər;

12) özünüsevən və lovğadırlar;

13) qarınqulu və rahatlıq sevərdirlər.

Bununla əlaqədar bir neçə ayə və hədislərə diqqət yetirək:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət və əziyyət verməklə puça çıxarmayın.........” («Bəqərə» - 264).

“Münafiqlər Allahı aldatmağa çalışırlar. Hadbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər.” («Nisa» - 142).

“Vay halına o namaz qılanların ki, onlar namazlarında qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtı-vaxtında qılmazlar). Onlar (ibadətlərində) riyakarlıq edər, (xalqa) zəkat verməyi qadağan edərlər.” («Maun» - 4,5,6,7).

“(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər kimi olmayın......” («Ənfal» - 47).

Peyğəmbər(s) buyurur:

“..........(Riyakar) təklikdə süst və halsız, xalqın gözü qarşısında isə fəal və çalışandır. Onun bütün işləri başqalarının tərifinə həris, bütün əməlləri insanlar arasında özünü gözəl və xeyirxah cilvələndirmək üçündür.”

Əmirəlmöminin(ə) buyurur:

“Riyakarın üç əlaməti vardır: başqalarının gözü qarşısında (ibadətə qarşı) yüksək ruhiyyəli, təklikdə isə süst və halsızdır. Xalqın onu əməllərinə görə tərifləməsini sevir.”

Riya nəticəsində əməlin batil olması.

Riya insanın ibadətini batil və məhv edir. Allah-təala “Bəqərə” surəsinin 264-cü ayəsində riyakarlıqla sədəqə paylamağı minnət qoymaq, əziyyət verməklə yanaşı çəkərək batil bilir. Fəqih və ariflər də əməllərin heçə uğramasında riyanı ən əsas amil hesab edirlər. Riya cüzam mikrobu kimi ibadəti içəridən çürüdüb mənasız edir. Riyakarlıqla görülmüş əməllər bircə dəfə küləyin əsməyi ilə kökündən qopan qurumuş ağac kimidir. Amandır, riyadan çəkinin, bu barədə həmişə Allaha pənah aparın. Ağlar göz və təvəssül etməklə özünüzü bu uçurumdan qoruyun. Qoy “Səhifeyi-Səccadiyyə” dualarının bu sətirləri göz yaşları ilə bircə dilinizin əzbəri olsun:

“.........İlahi! İbadətlərimizi riya ləkəsindən təmizlə ki, ibadət edərkən başqasını Sənə şərik etməyək və məqsədimiz Səndən başqa heç kim olmasın.” (44-cü dua).

İmam Sadiq(ə) buyurur:

“Riyakarlıqla görülmüş əməldən başqa Allah bütün xeyir əməlləri qəbul edir.”

Başqa bir rəvayətdə isə o ali Cənab söyləyir:

“Allah-təala buyurur: «Mən ən yaxşı şərikəm. (Demək, ey bəndəm, ibadətdə başqasını mənə şərik qoşma! Çünki) Saf niyyətlə görülmüş əməldən başqa kim nə qədər riyakarlıqla xeyir əməl görərsə, onun heç birini qəbul etmərəm.”

“Bütün riyakarlıqlar şirkdir. Kim xalqa görə işləyərsə, muzdu xalqın boynuna, Allah üçün işləyərsə, savabını Allah verəcəkdir.”

Məhəmməd ibn Ürfə belə yazır:

İmam Riza(ə) mənə buyurdu:

“Vay olsun sənə, ey Ürfənin oğlu! Başqalarının xatirinə yox, saf niyyətlə hərəkət et. Çünki hər kim Allahdan qeyrisi üçün əməl edərsə, Tanrı onu əməlinin öhdəsinə qoyar.”

Başqa bir hədisdə Peyğəmbər(s) buyurur:

“Mələklər bir bəndənin əməlini yuxarı aparanda sevinir, lakin yaxşı işlər kimi görünən o əməli yuxarı aparanda Allah-təala buyurar: «O əməlləri Siccinə (günahkarların əməllərinin məhkəməsinə) atın, çünki həmin əməllər mənə xatir yox, riya üzündən yerinə yetirilmişdir.

baxılıb: 441 dəfə