Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Səma gömrükləri

Gömrük - nəzarət buraxılış məntəqəsidir. Əsasən ticarət və əmtəə üçün nəzərdə tutulan bu orqanın işi gətirilən malın ölkəyə daxil olmasının icazəli olub olmamasını təyin etməkdir.

İnsanların əməlləri üçün də Allah Taala tərəfindən səma gömrükləri təyin edilmişdir.

Hər əməl səmaya qalxa bilmir, hər əməl qəbul edilmiş əməl deyil.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

"Həqiqətən Allah Taala asimanları (7 göyü) yaratmazdan əvvəl yeddi mələk yaratmışdır. O mələklərin hər birini bir səmada yerləşdirmişdir. Öz əzəməti ilə o səmaları mücəlləl etmişdir. Hər səmaya o mələklərin birini nəzarətçı olaraq təyin etmişdir. Bəndələrin qoruyucusu olan mələklər isə səhərdən axşama qədər insanların əməllərini yazmaqla məşğul olurlar, sonra isə parlayan günəş kimi göyə qalxırlar.

- Birinci səmaya çatırlar, onlar üçün insanın əməlləri pak və çoxdur. Amma birinci səmanın nəzarətçi mələyi deyir: -Dayanın! Mən "Qeybət" mələyiyəm. Əgər bu əməllərin sahibi olan insan gün ərzində qeybət edibsə mən buradan onun əməllərini buraxmayacağam. Çünki Allah mənə belə göstəriş vermişdir. Həmin insanın əməlləri ikinci səmaya buraxılmır, sonra saleh əməllər edərsə ikinciyə buraxılır.

- İkinci səmaya çatırlar, ikinci səmanın mələyi deyir: -dayanın! Bu əməlləri qaytarın vurun sahibinin üzünə, çünki bu əməllərin sahibi bu əməlləri az və dəyərsiz olan dünya məqsədi üçün etmişdir (Allah üçün yox), Mən "dünya" mələyiyəm. Qoymaram sizi bu gömrüyü keçəsiniz. Sonra əgər sədəqə və namaz ilə o əməllər zinətlənərsə ikinci səmanı keçərək üçüncü səmaya qalxır.

- Üçüncü səmaya çatırlar, üçüncü səmanın nəzarətçi mələyi deyir: -dayanın! Qaytarın bu əməlləri sahibinin üzünə və arxasına vurun. Mən "Təkəbbür" mələyiyəm.  Bu əməllərin sahibi olan insan başqalarına qarşı təkəbbürlüdür. Rəbbim mənə göstəriş verib ki, təkəbbürlü adamın əməllərini buraxmayam. Qoruyucu mələklər o əməlləri təsbih, oruc və ziyarət ilə bəzəyərlərsə o əməllər üçüncü səmanı keçərək dördüncü səmaya qalxırlar.

- Dördüncü səmaya çatırlar. Dördüncü səmanın nəzarətçi mələyi deyir: -dayanın. Bu əməlləri qaytarın sahibinin üzünə və qarnına vurun. Mən "Ücb" mələyiyəm. (Ücb odur ki, insan özünü üzdə təvazökar göstərir amma qəlbində hamını dəyərsiz və səviyyəsiz sayır, heç kimə şəxsiyyət vermir...) Bu adam özü ilə öyünür və bunun əməlləri ücb halında edilib. Rəbbim mənə göstəriş verib ki, qəlbində ücb olan insanın əməllərini buraxmayam. Sonra həmin insan əgər nəsfi ilə mübarizə edərsə, vacib namazlardan əlavə müstəhəb namazlar da qılarsa onun əməlləri dördüncü səma gömrüyünü də keçərək beşinci səmaya qalxırlar.

- Beşinci səmaya çatırlar. Beşinci səmanın nəzarətçi mələyi deyir: -dayanın. Mən "Həsəd" mələyiyəm. Qaytarın bu əməlləri sahibinə vurun. Çünki bu əməllərin sahibi Elm əhlinə və həqiqi möminlərə həsəd edir (paxılıq edir, gözü götürmür), başqasının əməl və ibadətdə ondan üstün olduğunu görəndə ona həsəd aparır və onun paxıllığını edir. Bununla da o öz əməllərini yük olaraq boynuna alır və əməlləri ona lənət oxuyur. Əgər o adam düzələrsə onun əməlləri beşinci səmanı da keçərək altıncı səmaya qalxırlar.

- Altıncı səmaya çatırlar. Altıncı səmanın nəzarətçi mələyi deyir: -dayanın. Mən "Mehribançılıq və rəhm" mələyiyəm. Bu əməlləri qaytarın sahibinə vurun, kor olsun onun gözləri. Çünki bu əməlin sahibinin qəlbində mehribançılıq, yazığı gəlmək və qayğı yoxdur. Hər hansı bir Allah bəndəsi axirətlə əlaqədar bir xəta etdikdə, yaxud dünya işlərində çətinə düşdükdə bu adam onu ələ salar və ona lağ edərdi. Rəbbim mənə belə bir göstəriş verib ki, onun əməllərini buraxmayam. Sonra bu bəndə dərin dini dərk etmə və anlamaq ilə əməllər etdikdən, ibadətdə təqvada və pərhizkarlıqda çalışdıqdan sonra qoruyucu mələrlər onun əməllərini altıncı səmadan keçirərək yeddinci səmaya qalxırlar.

- Yeddinci səmaya çatırlar. Yeddinci səmanın nəzarətçi mələyi deyir: -dayanın. Bu əməlləri qaytarın sahibinin üzünə vurun. Mən "Hicab" mələyiyəm. Tamamilə Allah üçün olmayan heç bir əməli buradan keçməyə qoymaram. Çünki bu əməllərin sahibi istəyir ki, vəzifəli adamların yanında hörmətli olsun, məclislərdən bunu tərifləsinlər, hər yerdən bunun adının səsi gəlsin. Rəbbim mənə göstəriş verib ki, xalis və səmimi olmayan əməlləri buraxmayam. Sonra bu əməlin sahibi əxlaqını düzəldərsə, sükut və Allahı çoxlu yad etmə xüsusiyyətlərinə yiyələnərsə qoruyucu mələklər sevinc ilə bunun əməlini yuxarı qaldırarlar və bütün hicabları keçərlər...

 

Rovzətul muttəqin fi şərhi mən la yəhzurəhul fəqih 2-ci cild 42-ci səhifə

əl-Vafi 4-cü cild 296-cı səhifə

Uddətud dai və nəcahus sai 228-ci səhifə

Biharul ənvar 81-ci cild 353-cü səhifə

Minhacul bəraə fi şərhi Nəhcül bəlağə 3-cü cild 328-ci səhifə

Camiul əhadisuş şiə 13-cü cild 367-ci səhifə

baxılıb: 902 dəfə