Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Qəzəb

Allah bəndəsinin çəkinməsi lazım olan haramlardan biri də qəzəbdir. Bu da qeybət etməyə insanı vadar edən amillərdən biridir. İnsan birinin əlindən qəzəblənən zaman öz qəzəbini sakitləşdirmək üçün qeybətə əl atır. Bu fikirlə ki, əgər öz düşməninin şəxsiyyətini alçaldarsa, ürəyi soyuyar, sakitləşər. Amma daha bilmir ki, belə hallarda qəzəb insan dünyasını və axirətini puç edən nə kimi təhlükə və zərərlər əmələ gətirir. İndi isə qəzəbin pis nəticələri haqda nəql olunmuş hədisləri nəzərinizdən keçiririk.

Qəzəbin ağır nəticələri

Əmirəlmöminin Əli(ə) buyurur:

"Qəzəb insanı məhv edib pisliklərini üzə çıxardır."

Peyğəmbər(s) buyurur:

"Sirkə balı xarab etdiyi kimi, qəzəb də insanı xarab edir."

Həzrəti-İmam Mühəmməd Baqir(ə) buyurdu:

"Qəzəb insan qəlbində alışdırılan şeytan alovunun bir parçasıdır. Sizlərdən biri qəzəblənən zaman gözləri qızarır, boynunun damarları şişir və şeytan qəlbinə daxil olur. (Beləliklə ona hakim kəsilir). Sizlərdən hər hansınız özündə bu halın yaranmasından qorxarsa, yerə yatsın. Yəni ayağa qalxmasın, çünki bu zaman şeytanın tərəddüdü ondan uzaqlaşar. (Çox ehtimal olunur ki, insan torpaqdan yarandığından yerə yatıb toz-torpaqlı olur və sakitləşir)."

Hər bir pisliyin açarı

Səkkizinci İmam(ə) buyurur:

"Qəzəb bütün pisliklərin açarıdır."

Qəzəblənmə!

Qəzəb bütün pisliklərin açarı olduğundan əgər bir kəs özünü ələ alıb qəzəblənməzsə, bütün fitnə və zərərlərdən qorunub salamat qalar. Bu barədə İmam Sadiq (ə)-dən belə bir hədis söylənilir:

Bir nəfər Peyğəmbər(s)-ə ərz edib dedi:

-Ya Rəsulullah! Mənə bir şey öyrət.

Həzrəti-Mühəmməd (s) buyurdu:

-Get, qəzəblənmə.

Həmin kişi söylədi:

-Bu (nəsihət), mənə kifayətdir.

O, öz qəbiləsinin yanına qayıdıb icmadakıların arasına ədavət düşdüyünü və döyüş paltarlarını geyinərək sıraya düzülüb bir-birilə döyüşə hazırlaşdıqlarını gördükdə o da döyüş paltarını geyinib onlarla bir sırada durdu. Birdən Peyğəmbər(s)-in kəlamı yadına düşdü. Silahını kənara atıb qəbiləsilə düşmənçilik edənlərə tərəf gəlib dedi:

-Camaat! Sizə haqq qazandırmış olan və mənim qəbiləmin ödəməli olduğu hər bir ölümün, yaranın və ya xətərsiz zərbənin cəriməsi mənim öhdəmdədir. Mən onun qan bahasını sizə ödəyirəm.

Onlar dedilər:

-Biz də sizdən heç bir şey istəmirik. Biz bağışlamağa və güzəştə getməyə daha layiqik.

Beləliklə, onlar barışıb bir-birilə sülh bağladılar.

Qısası, insan əgər bir şəxs tərəfindən əsəbiləşirsə, öz ürəyini soyutmaq üçün qeybət edib nalayiq sözlərlə ona töhmət vurmamalıdır. Bir kəs qəzəblənən zaman imanlı olmazsa, böyük günahlara da batmış olar. İmam Baqir(ə) bir hədisdə belə buyurur:

"Qəzəbdən pis şey varmı? Biri qəzəblənəndə onun təsirindən Allahın haram buyurduğu şəxsi öldürür, namuslu qadına töhmət vurur."

Qəzəbini udmaq ən yaxşı əlacdır

Əgər qəzəbi islah etməsək, qarşısı alınmayan bir çox böyük günah və ağır cinayətlər baş verər. Qəzəb alovu şölələnən zaman insan öz qəzəbini yatırmaq və ürəyini soyutmaq üçün hər şeyə, o cümlədən söyüş, töhmət, qeybət, yalan, böhtan, təhqir və s. vasitələrə əl atır. Aydındır ki, bu kimi vasitələrlə öz qəzəbini soyudanlar yanıb məhv olacaqları cəhənnəm atəşini öz vücudlarında alovlandırırlar. Qəzəblənən şəxs belə güman edir ki, qəzəbləndiyi insanı narahat edib, özünü isə sakitləşdirir. Əmirəlmöminin Əli(ə) buyurur:

"Qəzəb alovlanmış bir tonqal kimidir. Hər kim onu yatırarsa (öz qəzəbinə üstün gələrsə), o alovu yatırtmış və hər kim öz qəzəbinin qarşısını almazsa, o alovda birinci olaraq özü yanmış olar."

Deməli, insan qəzəblənən zaman özünü ələ alıb haram söz danışmamalı, kiminsə şəxsiyyətinə, namusuna nalayiq sözlərlə toxunub camaatın yanında onları etibardan salmamalıdır. Bu işin çox çətin olmasına baxmayaraq, qəti surətdə özünə söz vermiş adam nəfsinə üstün gəlib öz qəzəbinin yüyənini çəkə bilər. Bu isə Allaha olan iman və təqva yolu ilə hasil olur. Allaha və qiyamət gününə iman gətirib, qəlbi iman nuru ilə nurlanan şəxs öz qəzəb alovunu yatırtmağa qadirdir.

Peyğəmbər(s) buyurur: "Hər kim qəzəbindən istifadə etmək imkanında ola-ola öz qəzəbini boğarsa, Allah-təala qiyamət günü onun qəlbini iman və xatircəmliklə asudə edər."

"Allah dərgahında bir şəxsin Allaha görə qəzəbini yatırtmaq üçün udqunduğu qurtumdan əzəmətli şey yoxdur."

Demək, qeybəti törədən amillərdən biri də qəzəbdir. Buna görə də kiməsə qəzəblənən zaman öz ürəyini soyutmaq və qəzəbini yatırtmaq üçün o şəxsin arxasınca nalayiq sözlər danışmaq olmaz, çünki bu, özü də ayrı bir günahdır.

Əmirəlmöminin Əli(ə) buyurur:

"Hirs və qəzəb səni günaha batmağa vadar etməsin. Nəticədə, qəzəbin şəfa tapıb (sakitləşib), dinin xəstələnəcəkdir."

Qəzəbi qeybət etməyə vadar edən şəxsin aqibəti cəhənnəmdir. Peyğəmbər(s) buyurur:

"Cəhənnəm qapılarının birindən yalnız qəzəbini günah etməklə sakitləşdirən şəxslər keçəcəklər."

Deməli, elə ki qəzəbləndin, Qadir Allahı yada sal. Özünün və din qardaşının insani kəramətini və şəxsiyyətini göz önündə canlandır. Gecikmədən hadisə yerindən uzaqlaşıb öz halını dəyiş. Əgər ayaq üstəsənsə, otur, oturmusansa, ayağa dur. Bir az gəzib istiğfar et. Allaha zikr etmək və "la həvlə vəla qüvvətə illa billahül-əliyyül-əzim" (Böyük Allahdan qüvvətli və qüdrətlisi yoxdur.) deməklə qəlbini sakitləşdir. Bir az fikirləşib Allah-təaladan kömək istə. Namaza və səbrə pənah apar:

"Ey iman gətirənlər. Səbir və namazla (Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)." («Bəqərə»-153).

baxılıb: 480 dəfə