Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Bədgümanlıq və təcəssüs (eyibaxtarma)

Bu iki xasiyyət insanın fikir və düşüncəsindən qaynaqlanır.

İbn Əsir yazır: “Təcəssüs gizli şeyləri araşdırmağa deyilir. Çox vaxt eyibli sirlərin kəşf edilməsi mənasında işlədilir. Başqasının gizli eyiblərini araşdıran şəxsə isə casus deyilir.”

İnsan birinə qarşı bədgüman olub bu minvalla davam edərsə, təcəssüsə mübtəla olar. Şəhid Sani bu barədə yazır: “İnsanların daxili sirlərini təcəssüs etmək bədgümanlığın səmərəsidir, çünki insan qəlbi bədbinliklə qane olmayıb onu başqaları barədə təhqiqat aparmağa vadar edir. Bu təhqiqatların da nəticəsi budur ki, insanın başı təcəssüs və eyibaxtarmağa qarışır. Halbuki müqəddəs islam dini təcəssüsü də qadağan etmişdir. “Qurani-Kərim”də buyurulur: “Təcəssüs etməyin.” Təcəssüsün mənası budur ki, Allah bəndələrini səttariyyət (örtülmüş) pərdəsi arxasında rahat buraxmayıb onların əməlləri üzərindən pərdəni qaldıraraq Tanrının ört-basdır etdiyini aşkar edəsən. Belə bir iş insanların məxfi əməlləri bərədə məlumat toplamağa və nəticədə isə, sənə məlum olmayanların aşkara çıxmasına bir vasitədir. Əgər bu məxfi qalsaydı, qəlb və dinin salamat olardı. İndi isə bu barədə sənin özün fikirləş! Allah-təaladan mənəvi inkişaf və səadətə yetişməyini dilə".

Deməli, bu bəlaya düçar olmamaq üçün Allahın bizə göstərdiyi yolu seçməliyik.

“Qurani-Kərim”də buyurulur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan) günahdır. (Bir birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qılmayın!" («Hucurat»-12)

Əgər qeybət etmək istəmirsinizsə, gərək bədgüman olmayasınız, çünki bədgümanlığın nəticəsində insanlar bir-birinin eyiblərini, sirlərini öyrənməyə çalışırlar. Bədgümanlıqla arayıb-axtarmanın bir-birinə qarşılıqlı təsiri vardır. Bəzən axtarış aparmaq bədgümanlığa və bəzən də bədgümanlıq arayıb-axtarmağa bais olur. Buna görə də hər ikisindən çəkinmək lazımdır. Rəvayətlərdə də arayıb-axtarmaq qadağan olunmuşdur. Onlardan birini nümunə üçün burda qeyd edirik:

“Təhəssüs (yaxşılığı araşdırma) və təcəssüs edib insanların eybini arayıb axtarmayın. Bir-birinizə qarşı həsəd aparıb kinli olmayın. Bir-birinizdən üz çevirməyin. Ey Allah bəndələri! Bir-birinizə qardaş olun!”

§ Bir neçə qeyd:

İndi ki söz bədgümanlıqdan düşdü, bu barədə bir sıra şübhələri dəf etmək üçün aşağıdakı açıqlamaları münasib hesab edirik:

a) Şübhəsiz, ümumi surətdə heç bir qeyd və şərt olmadan gümanı günah, ha­ram hesab etmək düzgün deyildir, çünki ötəri xatirə­ və zehni təsəvvürlərin insan ətrafında baş verən hadisələrlə toqquşması təbii və insan iradəsindən asılı olmayan bir işdir. İnsan iradəsinin müdaxilə etdiyi və yaxud gümanına pis təsir bağışladığı amildən başqa bu cür xatirələri heç zaman əxlaqi və vəzifə borcu kimi yaxşılıq, çirkinliklərlə vəsf etmək, yaxşılığa sövq etməyə və pisliklərdən çəkindirməyə aid etmək olmur. Məsələn, bir şəxs təcəssüs etməklə başqalarının gizli əməllərində bədgümanlığın yaranmasının təməlinin bədgüman olaraq başqalarını ittiham etmiş olur. Bu şəraitdə bədgümanlıq ixtiyaridir, çünki birinci surətdə başlanğıcın, ikinci surətdə isə təsirin mütəmadiliyinin ixtiyari olması bunu göstərir ki, bədgümanlıq ixtiyaridir. Buna görə də onu təbii hesab etmək olmaz. Dəqiq elmlərdə sübut olunmuşdur ki, insanın iradəsi ilə başladığı iş sonradan iradəsindən asılı olmasa da, ixtiyari hesab olunur. Məsələn, əgər biri özünü hündür bir yerdən atıb öldürərsə, fəzada peşman olmasına baxmayaraq, günahkardır. Çünki işin əvvəlində öz ixtiyarı ilə özünü yerə atdığından bu iş ixtiyari hesab olunur. Həmçinin qeyri-ixtiyari bir işi öz istəyi ilə davam etdirən, əvvəldə qeyri-ixtiyari olmasına baxmayaraq, günahkardır. Məsələn, əgər bir şəxsin ixtiyarsız olaraq gözü naməhrəmə sataşarsa, o, günahkar deyildir, lakin o, bu baxışa davam edərsə, artıq günahkardır. Çünki öz iradəsi ilə bunu davam etdirmişdir. Buna görə də İmam Sadiq(ə) buyurur: "Birinci baxış sənin xeyrinə, ikinci baxış sənin ziyanına olduğu halda, üçüncü baxış isə səni məhv edər".

Buna görə də bədgümanlığın başlanğıcı olan təcəssüs və şayiələrə qulaq asmamaq, həmçinin bədgümanlıq əmələ gələrkən onu yaddan çıxarıb reaksiya verməmək lazımdır.

b) Qeyd olunmalı məsələlərdən biri də bədgümanlığa reaksiya verməkdir. Bu, özü də iki növə ayrılır:

1.Qəlbdə reaksiya vermək-əxlaq alimləri onu "qəlbin düyünü" adlandırmışlar.

2.Əməldə reaksiya vermək-bu da əməli surətdə başqalarının hüququnu tapdalamaq, qeybətini qılmaq və ya töhmət etməklə əmələ gəlir.

Daxildə reaksiya vermək insanın əvvəldə ötəri xatirə və sadə təsəvvürdən başqa bir şey olmayan gümanını zehnində saxlayaraq yetişdirib inam surətində formalaşdırır. Belə ki, iş onün özünə şübhəli qalıb gümanını yəqin hesab edərək yəqinlik halda olduğu kimi təsir bağışlayır. Belə vəziyyətdə insan öz dostu haqda bədgüman olub ona qarşı etibarını itirir. Bu hal ümumi surətdə həyatın əsasını laxladaraq cəmiyyəti pozğunluğa çəkən əxlaqi və ruhi xəstəliyin bir növüdür.

Şəhid Sani bu barədə yazır: "Möminin arxasınca danışmaq, onu pisləmək və eybini başqalarına demək haram olduğu kimi, onun haqqında bədgüman olmaq da haramdır. Bədgüman dedikdə burada qəlbdə reaksiya vermək (üqdül-qəlb) nəzərdə tutulur, yəni insan ağlına gələnləri qəbul edib ona əsaslanaraq düşündüyü insanı qəti surətdə günahkar bilir. Halbuki həqiqətdə onun üçün sübut olunmamış təkcə bədgümanlıqla həmin şəxsi məhkum edərək insanlar arasında ləyaqətini alçaldır. Bu, günah və haramdır. Amma tez ötüb-keçən xatirələri Allah bağışlayar". Sonra belə davam edir: "Buna görə də müqəddəs islam şəriətində belə göstərilir ki, əgər birinin ağzından şərab iyi gələrsə, onu şərab içib deyə şəriət qanunlarına əsasən cəzalandırmaq olmaz. Ola bilsin ki, o şərabı ağzında qarqara etmiş və yaxud bir başqası onu zorla içizdirmişdir. Bu da ağlasığan bir şeydir. Hər halda bu fikir müsəlman qardaşa qarşı bədgüman olmaq üçün əsas deyildir. Beləliklə, insan bu cür gümanlara qapanıb öz qəlbində buna reaksiya verə bilməz.”.[200] İslam Peyğəmbəri(s) buyurur: "Bir kəsə qarşı bədgüman olan zaman onu təsdiq etmə (yəni ona inanma)".

Əməli surətdə reaksiya vermək isə odur ki, insan öz gümanını həqiqət sanaraq həqiqətdə olduğu kimi ona yanaşsın. Məsələn, biri öz gümanını qəti bir xəbər kimi danışıb başqasını gümanına əsasən ittiham edir. Aydındır ki, bu cür davranış insanların hüququnu pozmaq, onlara qarşı hörmətsizlik, qeybət və töhmətdən başqa bir şey deyildir. Çox zaman belə əsassız və azacıq bədgümanlıqlar nəticəsində şəxsiyyət, istedad və ləyaqətlər alçaldılaraq məhv edilmiş, xalq belə ictimai və ilahi nemətlərdən məhrum olunmuşdur. Halbuki biz hamımız yaxşı bilirik ki, müsəlmanların şəxsiyyət və ləyaqəti toxunulmazdır. Onu qorumaq üçün çalışmaq lazımdır. Elə qəti xəbərlər vardır ki, müsəlmanların hörmətdən düşməsinə səbəb olduğuna görə şəri icazə olmadan onu açıb danışmaq qadağandır, o ki qaldı nə şəri, nə də əqli əsası olmayan gümanlara. Peyğəmbər(s) buyurur: "Allah-təala müsəlmanların qanını, malını, namusunu toxunulmaz hesab edib onlara qarşı bədgüman olmağı haram buyurmuşdur."

baxılıb: 608 dəfə