Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Qeybət etməyin ziyanları

Qeybət etmək insana və onun amallarına zərərlidir.

bir hədisdə belə nəql olunur ki, qeybətə aludə olan şəxsin ibadətlərinin dəyəri azalır. Peyğəmbər(s) buyurur: “İnsandan bir hadisə baş verməyənə qədər məsciddə oturub namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: “O nə hadisədir?” Buyurdu: “Qeybət”

Qeybət əməllərin qəbul olunmasına maneədir

Peyğəmbər(s) demişdir: "İnsan əməllərinin qoruqçusu olan məmurlar onun günəş kimi işıq saçan əməlini yuxarı apardıqda əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyir: "Bu əməli sahibinin başına çırpın, çünki mən Allah-təala tərəfindən tapşırıq almışam ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum."

Qeybət edən behiştdən məhrumdur

Peyğəmbər(s) buyurur: "Behişt üç adama haramdır: sözgəzdirənə, qeybət edənə və həmişə sərxoş olana"

QEYD: Qeybət edən əgər tövbə etsə və tövbəsi qəbul olunsa, yenə də behiştə daxil olan axırıncı şəxsdir.

Allah-təala Musa ibn İmrana vəhy göndərdi ki, qeybət edən əgər tövbə edərsə, behiştə daxil olan axırıncı, yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar."

Qeybət edən halalzadə deyildir

Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, insanların dalınca qeybət edib onların həyasını tökərək şəxsiyyətini alçaldan halalzadə deyildir, ona görə ki halal yolla bağlanan nütfə heç vaxt belə günaha batmaz.

Peyğəmbər(s) buyurur: “Xalqın ətini qeybət etməklə yeyən şəxs halalzadə olduğunu yalan deyir, çünki qeybət cəhənnəm itlərinin yemidir.”

Bu hədisdə halalzadə olmamaqdan məqsəd bəlkə də haram yeməklər və təvəllüddür. Çox ehtimal ki, bu xüsusiyyət o şəxslərə aiddir ki, onların işi-peşəsi həmişə qeybət edib və xalqı incitmək olmuşdur. (Ərəb dilində indiki zaman felinin mütəmadi olması buna dəlildir) Allah isə ən yaxşısını biləndir.

Qeybət edən mömin deyildir

Başqa bir hədisdə belə nəql olunur ki, müsəlmanın arxasınca qeybət edən şəxsin imanı yoxdur. Peyğəmbər(s) buyurur: “Ey dili ilə iman gətirib qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyiblərini aramayın, çünki hər kim öz din qardaşının gizli eyiblərini arayarsa, Allah-təala onun sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”

Bəziləri belə təsəvvür edirlər ki, qeybət yalnız dilə aiddir. Halbuki insan başqasının eybini və çatışmamazlığını demək, yazmaq, işarə etmək, kinayə, rəmz, yerişini yamsılamaq və s. kimi yollarla başqasına başa salarsa, haramdır. Rəvayətlərdə də bu mətləbə işarə olunmuşdur. Ayişə deyir: "Bizim yanımıza bir qadın gəlmişdi. Evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Peyğəmbər(s) buyurdu: "Onun qeybətini etdin".

Kiminsə müəyyən bir xüsusiyyətinə işarə etməklə yamsılamaq, yaxud adını çəkməməklə eşidənlərin söhbəti gedən şəxsin kim olduğunu bildiyi halda arxasınca danışmaq da qeybətdir. Əgər birisi belə hallarda qeybətə aludə olmaq istəmirsə, Peyğəmbər(s) kimi şəriət qanunları pozuntusu görəndə xalqa nəsihət etsin. O Həzrət ümumi surətdə, tək bir nəfər şəxsə işarə etmədən buyurardı: "Niyə bəziləri belə işlər görürlər?" Ayişə nəql edir: "Peyğəmbər(s)-in qaydası bu idi ki, bir şəxsin nalayiq söz danışdığını eşidəndə onu incitməmək üçün adını çəkməyib yalnız buyurardı: “Niyə bəziləri belə sözlər danışırlar?”

Qeybətə qulaq asmağın haramlığı

Qeybət etmək kimi qeybətə qulaq asmaq da haram və günahdır. Bu məsələdə fiqh, əxlaq alimləri arasında heç bir fikir ayrılığı yoxdur. «Cəvahir» adlı kitabın müəllifi Şeyx Ənsari və həzrət İmam Xomeyni(r.ə) buyurublar: "Qeybətə qulaq asmaq haramdır. Onun haram olması barədə heç bir fikir müxtəlifliyi yoxdur".

"Miftahül-kiramə" adlı kitabda yazılır: "Qeybətə qulaq asmağın haramlığı o qədər aydındır ki, fəqihlərin əksəriyyəti öz kitablarında bunu qeyd etməyə ehtiyac duymamışlar"

Hədislər və qeybətə qulaq asmağın haramlığı

Bu barədə istinad edilən hədislərin bəzisini burada nəql edirik. Şeyx Səduq Peyğəmbər(s)-dən nəql olunmuş hədislərdən birində belə yazır: “Peyğəmbər(s) qeybət etməyi və qeybətə qulaq asmağı qadağan etmişdir.”

Həzrəti-Mühəmməd(s) buyurur: "Qeybətə qulaq asan qeybət edən iki nəfərdən biridir.” Yəni qeybətə qulaq asan qeybət edən kimidir. “Qeybətə qulaq asan qeybət edənlərdən biridir.”[183] Demək, qeybət məclisində iki qeybət edən vardır: qeybət edən və qeybətə qulaq asan. Hər ikisi qeybətin günahında şərikdirlər. İmam Sadiq(ə) buyurur: “Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.

baxılıb: 655 dəfə