Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Quran baxımından "qeybət"

Qeybət barəhə bəhsin ardı

Şübhəsiz, qeybət böyük günahlardandır. Böyük günahlara batmış şəxslər cəhənnəm əzabına layiqdirlər. Bu barədə aşağıdakı ayədə Allah-təala belə buyurur:

"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik gönahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. («Nisa»-31)

İmam Sadiq(ə) demişdir: "Böyük günahlar onlardır ki, Allah-təala cəhənnəm atəşini onlar üçün vacib bilmişdir"

«Qurani-Kərim»də bir yerdə qeybət şiddətli tənqid edilmişdir:

«(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!» («Huməzə»-1)

«..(Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin) Hamınız bu işdən ikrah edirsiniz (deməli, bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!).." («Hucurat»-12)

Bu iki ayədən belə başa düşülür ki, eyibaxtarma xüsusiyyəti qeybətdə şərtdir. Çünki birinci ayədə qeybət eyibaxtarma və tənəvurma kimi tənqid olunur, sonrakı ayədə isə ölmüş din qardaşının ətini yeməyə oxşadılır. Bu bənzətmə ona görədir ki, qeybət başqalarının şəxsiyyətinə təcavüz etməkdir. Sanki qeybət edən bu vasitə ilə qeybətini etdiyi insanın şəxsiyyətini əzib meydandan çıxarır. Burada qeybət edən iki əməli yerinə yetirmiş olur: birincisi, başqasını rüsvay edir, ikincisi isə, bu üsulla özünün nüfuz qazanması üçün çalışır. Həqiqətdə, bu məqsədlə o başqalarının şəxsiyyətinə təcavüz etmiş olur, yəni öz şəxsiyyətini başqalarının şəxsiyyətini məhv etməklə ucaltmaq istəyir. Bu ayədə söylənilən başqa bir məsələ də budur ki, qeybət yalnız müsəlmanlar barədə olduqda qadağandır. Çünki "bir-birinizin" və "din qardaşının əti" ifadələrindən məqsəd möminlərdir və möminlərdən başqasına aid deyil. Mübarək ayədə bildirilən üçüncü fikir budur ki, üçüncü şəxs söhbət vaxtı orada olmadığı halda qeybət sayıla bilər. Çünki "qeybət" sözü "hazırda olmayan" mənasından əlavə "ölü" mənasını da daşıyır. Ayədə qeybət olunan ölmüş kimi fərz edilir. Ölmüş insanın özünü müdafiə edə bilmədiyi kimi o da (qeybəti olunan) qaib olduğundan özünü müdafiə edə bilmir.

Dördüncü mətləb odur ki, ölünün (bu dünyada) dirilməyinin mümkün olmadığı kimi, qeybəti olunanın da əldən getmiş abır-həyasını yenidən bərpa etmək mümkün deyildir. Tanrı isə daha yaxşı biləndir. Əksər insanlar dünyadan narahat köçdülər. Onlar qiyamətdə görüşüb Allah dərgahında mühakimə olunacaqlar. Şeytanın şərindən, Allahın qəzəbindən Allaha pənah aparırıq.

«Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!» («Nisa»-148)

Bu ayələrdən belə anlaşılır ki, Allah-təala insanların pis əməllərinin aşkar olunmasını istəmir, çünki onların eybi bir-birinin yanında ifşa olunub, abır-həyası aradan gedə bilər.

baxılıb: 547 dəfə