Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Ölümdən qorxmağın səbələri -2

Ikinci hissə

3- Əməllərin hesabından qorxmaq

Ölümdən qorxmağın başqa bir səbəbi isə insanın etdiyi əməllərin hesabından qorxmasıdır. Bu qorxu əsasən axirətə etiqadı olan amma etdiyi əməllərdən razı olmayan şəxslərə aiddir. Təbiidir ki, bu dəstə insanlar ölümdən daha çox qorxurlar, çünki ölümün onlar üçün verilmiş möhlətin son olduğunu və günahlarına görə cavab verəcəklərini bilirlər.

Qurani-kərim Cümə surəsinin 7-ci ayəsində günahlarının çoxluğuna görə ölümü istəməyənlər barədə buyurur:

 

وَ لا يَتَمَنَّوْنَهُ أَبَداً بِما قَدَّمَتْ أَيْدِيهِمْ وَ اللَّهُ عَلِيمٌ بِالظَّالِمِين 

 

“Lakin onlar öz əlləri ilə etdikləri (pis) əməllərə görə heç vaxt ölümü istəmirlər. Allah zalımları yaxşı tanıyır.”

 

Bir nəfər 2-ci imam Həsən Müctəba əleyhissalamdan soruşdu:

Biz nə üçün ölümdən qorxuruq?

İmam buyurdu:

 

إِنَّكُمْ أَخْرَبْتُمْ آخِرَتَكُمْ وَ عَمَرْتُمْ دُنْيَاكُمْ فَأَنْتُمْ تَكْرَهُونَ النُّقْلَةَ مِنَ الْعُمْرَانِ إِلَي الْخَرَابِ 

 

“Çünki siz (etdiyiniz pis işlər və günahlar səbəbilə) axirətinizi xarab (viran) etmisiniz,dünyanızı isə abad etmisiniz. Buna görə də abad yerdən xarab yerə getmək istəmirsiniz.”

Biharul ənvar 6-cı cild 129-cu səhifə

 

Peyğəmbərlər və İmamlar bu amili yox etmək üçün tövbə qapısının açıq olduğunu, Allah Taalanın çox mehriban, rəhimli olduğunu və tövbəkarları sevdiyini vurğulamışlar. İnsanın günahı nə qədər böyük və ağır olsa belə əgər peşman olaraq tövbə edərsə və zay etdiyi haqqların əvəzini qaytararsa bağışlana bilir. Allah Taalanın rəhmindən ümidsiz olmaq ən böyük günahlardan sayılır. Başqa tərəfdən insan peşman olub tövbə etmək və özünü islah edərək Qiyamət günündə şəfaət etməsinə izn verilmiş İlahi insanlar tərəfindən şəfaət edilmək ləyaqətini də qazana bilər.

 

4- Ölümün yoxluq olduğu sanmaq

İnsan adətən yoxluqdan qaçır. İnsanın yoxsulluqdan qorxusu ona görədir ki, yoxsulluq sərvətin yoxluğu deməkdir. Cahillik və nadanlığa nifrət edir, çünki nadanlıq elmin yoxluğudur. Xəstəliyi ona görə xoşlamır ki, xəstəlik sağlamlığın olmamasıdır. Eləcə də görürük ki, çöllükdən və kimsəsiz yerdən vəhşət edir, çünki orada heç kim yoxdur. Ölüdən ona görə qorxur ki, onun ruhu yoxdur...

Buna əsasən bəzi insanların ölümlə əlaqədar nigarançılıqları aydın olur. Yəni onlar ölümü yoxluq sanırlar və məada (ölümdən sonrakı diriliyə) inanmırlar. Buna görə də həmişə dünyada yaşamaq istəyirlər, ölümdən dəhşətli şəkildə qorxurlar, ölmək təhlükəsindən qurtulduqda, məsələn, şiddətli xəstəlikdən sağaldıqda, avtomobil qəzasından sağ çıxdıqda və sair, çox şiddətli sevincə qərq olurlar.

Qurani-kərim Bəqərə surəsinin 96-cı ayəsində buyurur:

 

وَ لَتَجِدَنهَّمْ أَحْرَصَ النَّاسِ عَلىَ‏ حَيَوةٍ وَ مِنَ الَّذِينَ أَشْرَكُواْ  يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ

 

“Sən onları bütün insanlardan, hətta müşriklərdən də artıq, yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın.”

 

Ayədə min ildən məqsəd bu demək deyil ki, min il yaşadıqdan sonra ölmək istəyərlər, məqsəd əbədi yaşamaq arzusudur.

 

5- Olmadığı yerə getmək

Ölümdən qorxmaq səbəblərindən biri də insanın heç vaxt olmadığı yerə getmək qorxusudur. Ümumiyyətlə insan olmadığı, hətta necəliyindən məlumatsız olduğu yerə getməyi xoşlamır. Ölümün yetişməsi ilə insan bərzəx (axirət həyatı) adlı elə bir yerə gedir ki, həmin aləmin dünya ilə heç bir uyğunluğu yoxdur. Orada müxtəlif suallara cavab verməlidir və bu da insanın vəhşətini artırır. Qiyamətə qədər o aləmdə olacaq, xəbərsiz olduğu aləmdə bu uzun səfərin qorxusu insanı daha nigaran edir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

آه من قلة الزاد و طول الطريق و بعد السفر و عظيم المورد

 

“Ah, (iman və əməl) azuqəsinin azlığından, yolun uzunluğundan, səfərin uzaqlığından və daxil olacağımız yerin çox böyük olmasından.”

Nəhcül bəlağə 77-ci kəlam

 

Bu səbəbdən olan qorxu hissindən qurtulmaq üçün insanın maariflənməsi, yaxşı əməllərini çoxaltması, gözəl əxlaqlı olmaq, Qurani-kərimlə daha çox ünsiyyətdə olmaq və Əhli-beytlə dostluq etməsi lazımdır.

baxılıb: 653 dəfə