Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Bəşəriyyətin bəlası “Təkəbbür” 5-ci hissə

Təkəbbürü yaradan səbəblər. Üçüncü hissə İnsanlarda təkəbbürə səbəb olan amillər çoxdur. Onların beşi daha çox yayılmış səbəblərdir. İndi sizə insanlarda təkəbbür yaradan beş səbəbdən dördüncü və beşincisini açıqlayırıq:

4. Qüvvət və şücaət.

 

Qüvvət və şücaət də insanın təkəbbürlü olmasına səbəb ola bilir. Qüvvət və güc əsasən cism ilə bağlı olur və bu bir çox insanlarda, daha dəqiq desək nəfslərini saflaşdırmamış, özlərini islah etməmiş insanlarda təkəbbürə səbəb olur.

İnsan malik olduğu güc və qüvvətindən Allahın razılığını qazanmaq üçün istifadə etməlidir. Əks təqdirdə zülm və təkəbbür məqsədi daşımış olacaqdır.

Tarixi sənədlərdə oxuyuruq:

“Bədr döyüşündə müsəlmanlar tərəfindən döyüşən bir nəfər meydana çıxıb bir neçə kafiri öldürdükdən sonra ağır yaralandı və yerə yıxıldı. Bu zaman bir neçə müsəlman döyüşçü onun başı üstünə gələrək onu cənnətlə müjdələdilər.

O şəxs bunlara irad edib dedi: Nə cənnət?  Bunlar hamısı boş-boş sözlərdi, mən Allaha inanmıram.

Müsəlman döyüşçülər dedilər: Bəs əgər kafirsənsə burda neylirsən? Nə üçün bizim tərəfdən vuruşursan?  

O cavab olaraq dedi: -Mən döyüşə ona görə gəlmişdim ki, Mədinə şəhərinin qadınları məni qorxaq bilməməsinlər, bilsinlər ki, mən necə güclü və şücaətliyəm.

Deməli,güc, qüvvə , şücaət hətta gözəllik bunlar hamısı həm ötəri şeydir, həm də dünya həyatında bir imtahandır.

Güc və qüvvətinə görə təkəbbürlük edənlər bilməlidirlər ki, əvvəla insanda şəxsiyyət rəmzi güc və qüvvədən ibarət olsaydı onda insandan qat qat güclü olan bəzi heyvanlar ondan daha üstün olardılar.

İkincisi, gücünə görə təkəbbürlük edənlər bilməlidirlər ki, insan bəzi xəstəliklər qarşısında çox zəifdirlər. Adi bir qızdırma güclü insanı yataq xəstəsinə və zəifliyin ən aşağı səviyyəsinə endirir. Tozdan da kiçik olan virus insana dəyməklə insan acınacaqlı xəstəliklərə düçar olur. Bütün güc və qüvvəsini əldən verir.

Qurani-kərim 30-cu Rum surəsinin 54-cü ayəsində buyurur:

 

اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً يَخْلُقُ مَا يَشَاءُ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ

 

“Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!”

 

5. Qüdrət və səltənət, yəni vəzifə.

 

Əgər təkəbbürə sübəb qüdrət, səltənət və vəzifə olarsa insan bilməlidir ki, insanın özündən sayılmaması bir yana üstəlik həmişəlik, yəni uzun müddət qalmasına da etibar yoxdur. Nə qədər padşahlar olub ki, gecə ikən dünyanı hədələdikləri halda səhər devrilmiş, aciz və yoxsula çevrilmişlər.

 

Əmirəlmöminin Əil əleyhissalam əyalətlərdən birinin valisinə yazdığı məktubda buyurur:

 

وَ اِنَّ عَمَلَکَ لَیسَ لَکَ بِطُعمَةِ وَ لکِنَّهُ فی عُنُقِکَ اَمانَةٌ

 

“Bu fəzifə sənin üçün yem və loğma deyil, əksinə boynunda olan bir əmanət və məsuliyyətdir.”

Biharul ənvar 32-ci cild 361-ci səhifə

 

Deməli, vəzifə və hökmranlıq insanlara xidmətçilik deməkdir, onları şəxsi mənfəət və qənimət yeri bilib təkəbbürlük etmək üçün deyildir.

baxılıb: 565 dəfə