Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Bəşəriyyətin bəlası “Təkəbbür” 4-cü hissə

Təkəbbürü yaradan səbəblər. İkinci hissə İnsanlarda təkəbbürə səbəb olan amillər çoxdur. Onların beşi daha çox yayılmış səbəblərdir. İndi sizə insanlarda təkəbbür yaradan beş səbəbdən ikinci və üçüncüsünü açıqlayırıq:

2. İbadət. 

Bəzən insan qıldığı namazlara və etdiyi ibadətlərinə görə təkəbbürlük edir. Belə ki, insan özünün ibadət və itaət əhli olduğunu görür və ibadət etməyən insanları gördükdə təkəbbürə düçar olur, özünü ibadət etməyənlərdən böyük və üstün sanır. Baxırsan ki, ədəbi və əxlaqı olmayan bir insan bqşına araqçın qoyub gəzməklə, əlində əsa gəzdirməklə və sair ilə insanlara “mən sizdən üstünəm” siqnalı verir.
Halbuki belə bir insan bilməlidir ki, onun yaxşı iş təsəvvür etdiyi bu əməllərə belə bir baxışla baxmaq onu hər iki dünyanın bədbəxti edər.
Belə insanlar barədə Qurani-kərim 18-ci Kəhf surəsinin 104-cü ayəsində buyurur:

الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

“O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.”

Hətta bir çox hallarda insanın etdiyi yaxşı iş onun başqa yaxşı əməllərini də silir. 
İnsan heç vaxt etdiyi ibadətləri çox saymamalı və onlara başqalarından üstünlük səbəbi kimi baxmamalıdır.
Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alihin etdiyi ibadətlər qədər heç bir müsəlman ibadət etməmişdir. Belə ki, Allah Taala Qurani-kərimin Taha surəsinin 2-ci ayəsində Peyğəmbərə (s) xitab edərək buyurur:

مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآَنَ لِتَشْقَى

“Biz Quranı sənə məşəqqət çəkməyin (özünü həddən çox əziyyətə salmağın) üçün nazil etmədik!”

Peyğəmbərin (s) zövcəsi deyir:
-Ey Allahın peyğəmbəri! Nə üçün bu qədər çox ibadət etmək ilə özünü əziyyətə salırsan?
Həzrət Peyğəmbər (s) buyurur:
“Məgər şükr edən bəndə olmayımmı?!”

Deməli ibadət edənlər özlərini başqalarından üstün bilməməlidirlər. Əgər hansısa ibadət edən insan özünü ibadət etməyənlərdən üstün sayırsa deməli bu şəxs təkəbbürlük xəstəliyinə düçar olmuşdur.

3. Nəsil və soya görə təkəbbürlük etmək.

Bəzən insan öz nəsli, kökü, qohumları və sair ilə fəxr edərək özünü onun nəslindən olmayanlardan üstün bilir. Halbuki üstünlük nəsilə və ya soya görə deyil.
Əxlaq kitablarının yazdıqlarına əsasən bir gün həzrət Loğman əleyhissalam şəhərin küçəsi ilə gedirdi. Bu vaxt bir nəfər süvari onun qarşısına çıxdı. Həzrət Loğman ona etina etmədi. Həmin şəxs qəzəbli halda dedi:
Ey Loğman görmürsən məni? Niyə ehtiram etmirsən mənə? 
Həzrət Loğman dedi:
- Əgər mindiyin cavad (ərəb) atına (bahalı miniyə) görə fəxr edirsənsə , bu ki, ata aid fəxrdir. Onun sənə nə dəxli var?!
- Əgər əynindəki bahalı paltarlarına  görə fəxr edirsənsə, bu fəxr paltarlara aiddir. Onun sənə nə dəxli var?!
- Əgər vəzifədə olan pullu qohumlarına görə fəxr edirsənsə, bu fəxr sənin qohumlarına aiddir, onun sənə nə dəxli var.”

Əmirəlmöminin Əli əleyhissalan nəzm ilə buyurur:
انا ابن نفسي و كنيتى ادبى من عجم كنت أو من العرب
إنّ الفتى من يقول ها أنا ذا ليس الفتى من يقول كان أبي


“Mən özüm özümün oğluyam və mənim ləqəbim (nəslim) də mənim ədəbimdir. 
İstər mən ərəb olum, istərsə də əcəm. 
Həqiqətən igid o adama deyərlər ki, çıxa meydana deyə ki, bu mənəm. 
İgid o adama deməzlər, deyə ki mənim atam, babam filankəsdir.”
Camius saadat 1-ci cild 410-cu səhifə

Əgər biz nəslimizə və əcdadımaza görə fəxr etmək istəsək bilməliyik ki, bizim də əcdadımızın da əsli və kökü torpaqdan, sonrası isə mənidəndir (spermadandır). 
Belə ki, Qurani-kərim 32-ci Səcdə surəsinin 7 və 8-ci ayələrində buyurur:

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ
ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ

“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.
Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi.”


Bəhlul Danəndə bir gün Harun ər-Rəşidə deyir: “Təsəvvür elə ki, qalmısan səhranın ortasında və susuzluqdan yanırsan. Birdən məni görürsən və məndən su istəyirsən və mən də vermirəm. Sən yalvarırsan və mən də xilafətin yarısını suyun əvəzində istəyirəm. Bu zaman xilafəti mənə verərsənmi? 
Harun deyir:  -Əlbətdə verərəm, ölməkdənsə xilafətin yarısını vermək yaxşıdır.
Bəhlul deyir: -Yaxşı, xilafətin yarısını verdin və əvəzində su içdin. Sonra bu mayeni bədənindən xaric edə bilmədin (ayaqyoluna gedə bilmədin) və mən sənə onun dərmanını xilafətinin qalanına verərəm, buna necə razı olarsanmı?
Harun deyir: -Əlbətdə razı olaram ölməkdənsə xilafəti verərəm. 
Bəhlul deyir: -ey Harun, bir xilafəti ki, suyu içib bayıra getməyə qurban verərsənsə , onda bu xilafət üstündə bu qədər insanı əzməyə dəyərmi? 

Millətlər, xalqlar və nəsillər insanların bir-birlərini tanımaları üçündür. Bir birləri üzərində təkəbbür etmələri üçün yox. Üstünlük təqva, yəni paklıq və saflıqdadır.
Qurani-kərim 49-cu Hucurat surəsinin 13-cü ayədə buyurur:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız ən təqvalı (kamil əxlaqlı) olanınızdır . Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”

baxılıb: 599 dəfə