Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Bəşəriyyətin bəlası “Təkəbbür” 1-ci hissə

Haqqın və Peyğəmbərlərin qarşısında təkəbbür! Nalayiq, alçaq və pis xasiyyətlərdən biri də təkəbbürdür. Təkəbbür elə bir pis xasiyyət və alçaq xarakterdir ki, həm Allah Taalanın həm də insanların qəzəbinə səbəb olur.

Təkəbbürlü insanı onun özündən başqa heç kim xoşlamır və hamı ona nifrət edir. Hərçənd ki, bir çox insanlar təkəbbürlü insana nifrəti yalnız qəlblərində saxlayır, amma aşkarda dünyəvi və ya başqa səbəblər üzündən təkəbbürlü şəxsə yaltaqlanırlar.

Təkəbbür odur ki, insan özünü başqalarından böyük və üstün bilir, başqalarını isə özündən alçaq və dəyərsiz sanır. Təbiidir ki, özünü başqalarından üstün və yuxarı bilən insan başqalarına həqarət və alçaq gözlə baxacaqdlr.

Təkəbbürün əsasən iki növü vardır:

 

1. Haqqın, Peyğəmbərlərin və Allah Taalanın ayələrinin (nişanlərinin) qarşısında olan təkəbbür.

 

a) Qurani-kərim 40-cı Ğafir surəsinin 60-cı ayəsində buyurur:

 

وَ قَالَ رَبُّكُمُ ادْعُونىِ أَسْتَجِبْ لَكمُ‏ْ  إِنَّ الَّذِينَ يَسْتَكْبرِونَ عَنْ عِبَادَتىِ سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

 

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”

Qeyd: Təkəbbürlü insan Allah Taalaya ibadət və itaət etməyi, hətta dua etməyi belə özünə sığışdırmır.

 

b) Qurani-kərim 16-cı Nəhl surəsinin 22, 23 və 24-cü ayələrində buyurur:

 

إِلَاهُكمُ‏ْ إِلَاهٌ وَاحِدٌ  فَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالاَخِرَةِ قُلُوبهُم مُّنكِرَةٌ وَ هُم مُّسْتَكْبرِونَ

لَا جَرَمَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَ مَا يُعْلِنُونَ  إِنَّهُ لَا يحُبُّ الْمُسْتَكْبرِينَ

وَ إِذَا قِيلَ لهَم مَّا ذَا أَنزَلَ رَبُّكمُ‏ْ  قَالُواْ أَسَطِيرُ الْأَوَّلِينَ

 

“Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar.”

“Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!”

“(Təkəbbürlü adamlara) Rəbbiniz tərəfindən nələr gəlmişdir, deyə soruşulduqda onlar deyərlər: -keçmişdəki əfsanələrdir.”

Qeyd: Təkəbbürlü insanlar haqqı və həqiqəti yaxşı başa düşürlər və onalr heç də dəli deyillər, amma onlardakı təkəbbür xasiyyəti onları haqqı qəbul etməyə qoymur, öz hərəkətlərini mənasız sözlərlə yozmağa çalışırlar.

 

c) Qurani-kərim 2-ci Bəqərə surəsinin 87-ci ayəsində buyurur:

 

أَ فَكلُّمَا جَاءَكُمْ رَسُولُ  بِمَا لَا تهَوَى أَنفُسُكُمُ اسْتَكْبرَتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَ فَرِيقًا تَقْتُلُونَ

 

“Elə isə bəs nə üçün hər hansı Peyğəmbər sizin nəfsinizin xoşlamadığı göstərişlərlə yanınıza gəldiyi zamanda ona təkəbbürlük göstərdiniz?! (Təkəbbürlüyünüzdən) bəziləriniz (Peyğəmbəri) inkar etdiniz, bəziləriniz isə (həddinizi daha çox aşaraq Peyğəmbəri) qətlə yetirdiniz.”

Qeyd: Bu ayənin məlumatına əsasən təkəbbürlü olmaq elə bir pis sifətdir ki, hətta Allah Taalaın insanların hidayəti və səaadəti üçün göndərdiyi Peyğəmbərləri belə öldürməyə hazırdırlar. Təkəbbürlük ucbatından Peyğəmbəri qətlə yetirməyə hazır olanlar məgər başqa insanlar rəhm edə bilərlərmi?!

 

ç) Qurani-kərim 23-cü Möminun surəsinin 47-ci ayəsində buyurur:

 

فَقَالُواْ أَ نُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَ قَوْمُهُمَا لَنَا عَابِدُونَ

 

“Buna görə də onlar dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”

Qeyd: Təkəbbürlü insanlar başqalarının onların qarşısında təslim olmaqlarını və qorxudan onlara baş əymələrini gördükdə daha da lovğalıq və təkəbbürləri çoxalır. Bunun ardında onlar haqq təslim olmaqdan imtina edirlər, buna səbəb olaraq onlara itaət edən insanlar ilə eyni ola bilməyi özlərinə sığışdıra bilmirlər.

 

d) Qurani-kərim 43-cü Zuxruf surəsinin 31-ci ayəsində buyurur:

 

وَ قَالُواْ لَوْ لَا نُزِّلَ هَاذَا الْقُرْءَانُ عَلىَ‏ رَجُلٍ مِّنَ الْقَرْيَتَينْ‏ِ عَظِيمٍ

 

“Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük (və varlı) bir adama nazil edilməli deyildimi?”

Qeyd: Təkəbbürlü insanların haqqa təslim olmamaq üçün gətirdikləri bəhanələrdən biri də budur ki, onlar yalnız özləri səviyyədə olan böyük, güclü və varlı adama tabe olmağa razı olarlar. Halbuki bu da məlumdur ki, hər bir təkəbbürlü insanın özünün də itaət etdiyi adamlar var, həmin adamlar bunlardan daha təkəbbürlü və daha qüdrətli olanlardır.

baxılıb: 901 dəfə