Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Ücb (xudpəsəndlik, özünü bəyənmə) 3

Keçən bəhslərimizdə dedik ki, “ücb” insanın özünü bəyənməsidir. İnsan özünü o qədər bəyənir ki, artıq başqalarından nəsə öyrənməyi özünə ayıb bilir. Bu da insanı inkişaf və tərəqqidən saxlayır, çünki tərəqqi etmək üçün vasitələr lazımdır, halbuki ücb xəstəliyinə yuyulmuş insan vasitələri qəbul etmir.

İndi belə bir sual yaranır ki, hər hansı bir insan özünün ücb xəstəliyinə tutulduğunu başa düşər və peşman olub bu xəstəlikdən qurtulmaq istəyərsə nə etməlidir?!

Əxlaq ustadları ücb xəstəliyinin müalicəsi üçün iki növ yol olduğunun deyirlər:

1. “İcmali yol”, yəni ümumi yol.                             

2. “Müfəssəl yol”, yəni xüsusi yol.

 

Ümumi yol bundan ibarətdir ki, insan Allah Taalanın qarşısında öz zəifliyini dərk etməlidir. Yəni özünün Allah qarşısında nə qədər zəif, aciz və gücsüz olduğu barədə yaxşıca düşünsün.

Bir hədisdə belə deyilir: “Bir günahkar şəxs Mədinədə məsçidin yanından keçərkən İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğunu eşitdi, “Təəccüb edirəm o zəifə ki, güclüyə qarşı üsyan edir”. Bu zaman həmin günahkar öz özünə dedi: -doğurdan da bu nə yoldur mən gedirəm?! Beləliklə pis işlərindən tövbə etdi.”

Bəzi insanlar sözlə, bəziləri hərəkətlə, bəziləri isə başına gələn bəladan ayılır və bəziləri də gördükləri hadisədən ibrət götürüb ayılırlar.

Məsələn: Tarix kitablarının yazdıqlarına əsasən Fuzeyl adlı bir şəxs Harun ər-Rəşidin zamanında Xorasanda məhşur yol kəsən idi. Fuzeyl bir gün Nişapurda bir evə oğurluğa girmək istəyir və elə bilir ki, evdə heç kim yoxdur. Hasardan atılmaq istəyəndə görür ki, ev yiyəsi oturub həyətdə. Ev yiyəsi Fuzeyli görən kimi Qurani-kərimdən Hədid surəsinin 16-cı ayəsini oxuyur:

 

أَ لَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُواْ أَن تخَشَعَ قُلُوبهُمْ لِذِكْرِ اللَّهِ وَ مَا نَزَلَ مِنَ الحْقّ‏ِ وَ لَا يَكُونُواْ كاَلَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلُ فَطَالَ عَلَيهْمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبهُمْ  وَ كَثِيرٌ مِّنهْمْ فَاسِقُونَ

 

“Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”

Bu zaman Fuzeyl öz-özünə deyir:- artıq çatdı, və elə oradaca tövbə etdi.

Deməli, ümumi yol budur ki, insan öz zəifliyini dərk eləsin.

Öz zəifliyinin dərk edən insan ücbdən, yəni məğrurluq və özünü bəyənməkdən uzaq olar.

Qurani-Kərim Əbəsə surəsinin 17-22 ayələrdə buyurur:

 

قُتِلَ الْانسَانُ مَا أَكْفَرَه

مِنْ أَىّ‏ِ شىَ‏ْءٍ خَلَقَه

مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَه

ثُمَّ السَّبِيلَ يَسَّرَه

ثمُ‏َّ أَمَاتَهُ فَأَقْبره

ثمُ‏َّ إِذَا شَاءَ أَنشَرَه

 

“Ölsün insan! Nə qədər də kafir və nankordur!

(Allahı) onu nədən yaratmışdır?

Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.

Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,

Sonra onu öldürdü və qəbrə qoydu.

Sonra da istədiyi vaxt onu dirildəcəkdir”

Yəni insan axı nəyinə naşükürlük edir və təkəbbürlük edir?! Hansı ki, heç bir şey öz əlində deyil. Yaranışı da, sonuda bütün nöqsanlardan uzaq olan, hər bir işə qadir olan, sonsuz güc sahibi Allah Taalanın əlindədir və insan nədən yarandığını diqqətlə düşünərsə, kimsənin qarşısında təkəbbürlük etməz. İnsan doğru yol getmək üçün daim Qurani-Kərimə baxmalıdır.

 “Bir gün şəhərin valisi ilə həzrət Loğman üzbə-üz gəlirlər. Loğman baxır valiyə, vali də Loğmandan salam gözləyir, amma Loğman heç etina eləmir.

Bu zaman vali deyir: ay Loğman niyə salam vermirsən, məgər görmürsənmi mən gəlirəm?

Loğman deyir: -nə olsun sən gəlirsən.

Vali deyir: -sən tanımırsanmı mən kiməm?!

Loğman deyir:- əgər mindiyin ərəb atıyla fəxr edirsənsə (indiki zamanda mindiyin maşına görə fəxr edirsənsə) bundan sənə nə, qoy at fəxr eləsin. Əgər geyindiyin bahalı paltarlara görə fəxr edirsənsə, bu da paltarlara məxsusdur sən niyə fəxr edirsən. Əgər vəzifədə olan qohumlarına görə fəxr edirsənsə, bu fəxr də onlara aiddir”.

 

2. Xüsusi, müfəssəl yol, başqa sözlə desək incələnmiş yollar.

İnsan bir neçə səbəbdən ücb edir. Ya əlində olanlara görə, ya gözəlliyinə görə, ya da hansısa əməlinin gözəlliyinə görə. Yəni insan ya özündə olanlara, ya da ona aid olanlar görə ücb edir.

 

a) İnsan bilməlidir ki, onda olan gözəllik onun özünün ixtiyarında deyil və cüzi bir şeylə o gözəllik aradan gedər. Qurani-Kərim Qəsəs surəsinin 78-ci ayəsində buyurur:

 

قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلىَ‏ عِلْمٍ عِندِى  أَ وَ لَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِ مِنَ الْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَ أَكْثرَ جَمْعًا  وَ لَا يُسْلُ عَن ذُنُوبِهِمُ الْمُجْرِمُونَ

 

“(Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm sayəsində mənə verilmişdir». Məgər o (Qarun),  Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır)”.

 

b) Əgər insanın ücbü onun qüdrəti və qolunun gücünə görə olarsa, gərək bilsin ki, bir zərrə mikrobla, virusla məhv ola bilər. (məs: xərcəng virusu, spid virusu və.s)

İbrahim peyğəmbərin zamanında dünyanın ən qüdrətli padşahı olan və həzrət İbrahimi öldürmək istəyən Nəmrudun ölümü hamıya dərs olmalıdır. Belə ki, bir ağcaqanadın Nəmrudun burnuna girib onun ölümünə səbəb olması insanın nə qədər aciz olmasına aşkar sübutdur.

 

c) Əgər insanın ücbü onun ağlına, zirəkliyinə və ya elminin çoxluğuna görə olarsa, gərək bilsin ki, bu Allahın nemətidir.

Qurani-kərim Əraf surəsinin 175 və 176-cı ayələrində buyurur:

 

وَ اتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِى ءَاتَيْنَاهُ ءَايَاتِنَا فَانسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَنُ فَكاَنَ مِنَ الْغَاوِينَ

وَ لَوْ شِئْنَا لَرَفَعْنَاهُ بهِا وَ لَكِنَّهُ أَخْلَدَ إِلىَ الْأَرْضِ وَ اتَّبَعَ هَوَئهُ  فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِن تحَمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَترْكْهُ يَلْهَث  ذَّالِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُواْ بِايَاتِنَا  فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

 

“Və onlara verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər”.

ç) Əgər insanın ücbü onun nəslinə, kökünə görə olarsa  bu adam bilməlidir ki:

1. Nəsilin, kökün fəzilətlərinin ona heç bir adiyyəti yoxdur.

“Peyğəmbərin 9s) yanına bir nəfər gəldi və ədəbsiz bir şəkildə oturdu. Peyğəmbər(s) ona buyurdu: -ədəbli otur.

O adam dedi: -sən bilirsənmi mən kiməm?

Peyğəmbər(s) buyurdu: -kimsən?

Həmin adam mənim atam filankəsdir, babam filankəsdir, filan babam filankəsdir və doqquz babasını saydı.

Peyğəmbər(s) buyurdu: -onlar doqquz səndə on hamınız cəhənnəmdəsiniz”.

 

2.Əgər doğurdan da səninn əslin, kökün hörmətli adamlar olubsa da, Peyğəmbər(s)in nəslindən, kökündən şərəfli, hörmətli nəsil ola bilməz. Amma nə Peyğəmbərlər, nə də İmamlar öz nəsil və kökləri ilə qürrələnmiyiblər.

İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Mənim üçün Əli əleyhissalamın nəslindən olmaqdan daha üstün, Əli əleyhissalamın vilayətində olmağımdır”.

 

d) Əgər insanın ücbü övladlarının sayının çoxluğuna görə olarsa bu adam bilməlidir ki:

1. Övlad Allah Taalanın nemətidir.

2. Övlad Allah Taalanın imtahanıdır.     

Qurani-kərim Təğabun surəsinin 15-ci ayədə buyurur:

 

إِنَّمَا أَمْوَالُكُمْ وَ أَوْلَادُكمُ‏ْ فِتْنَةٌ  وَ اللَّهُ عِندَهُ أَجْرٌ عَظِيمٌ

 

“Həqiqətən, mal-dövlətiniz və övladlarınız  ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır”.

Nəticə:

İnsan bütün hallarda dərk etməlidir ki, özündə olan (gözəllik, elm, güc və.s) və ya əlində olanlar (var-dövlət, övlad, vəzifə və.s) hamısı Allah Taalanın fəzlindəndir, buna görə insan təkəbbür və özünü bəyənməkdən uzaqlaşmalıdır, Əksinə şükr edən bəndələrdən olmalıdır.

baxılıb: 643 dəfə