Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Ücb (xudpəsəndlik, özünü bəyənmə)

Ücb (xudpəsəndlik, özünü bəyənmə) Birinci hissə Ücbün tərifi və mənaları

İnsan üçün həlak edici və ziyanverici pis xüsusiyyətlərdən olan və ən çox elm adamlarında, vəzifəli şəxslərdə və müqəddəslərdə (zahid, axund, abid və.s) görünən, çox qorxulu xüsusiyyətlərdən biri ücbdür.

Əxlaq alimləri ücb haqqında fərqli təriflər vermişlər.

Bir dəstə əxlaq alimləri deyirlər:  “Ücb odur ki, insan özünü şəxsi təkamülündə və yüksəlişində çox böyük bilir və bu təkamülə həqiqətən də malik olması yaxud da olmaması fərq etmir.“

 

İkinci dəstə əxlaq ustadları deyirlər: “Ücb odur ki, insan malik olduğu hər hansı bir sifət və ya nemətə görə özünü böyük bilir lakin həmin nemətin sahibindən qəflətdədir. Məsələn: Tələbədir, ustaddan öyrənir sonra ustadı saymır, özünü ustaddan üstün bilir.”

 

Üçüncü dəstə əxlaq alimləri başda Əllamə Məclisi(r.ə) olmaqla deyirlər: “Ücb odur ki, insan özünün hər hansı bir əməlini böyük bilir və həm özündən, həm də əməlindən tam mənada razıdır. Hətta özünü heç bir səhv işdə müqəssir bilmir və Allaha minnət qoyur.”

 

Ücb barədə deyilən tərifləri və hədisləri nəzərə almaqla deyə bilərik ki, ücbŞ yəni insanın özünü bəyənməsi və məğrurluğu insanlarda müxtəlif şəkildə və müxtəlif hallarda özünü biruzə verir. Bunun üçün də ücbün müxtəlif dərəcələri və forması olmasını deyə bilərik.

Bir hədisdə oxuyuruq:

 

Ravi deyir:  Mən İmam Musa Kazim əleyhissalamdan “ücb”ün insanın etdiyi əməlləri necə puç etməsi barədə soruşdum.

İmam Musa Kazim əleyhissalam buyurdu:

-Ücbün müxtəlif dərəcələri vardır, o cümlədən:

1) İnsan öz pis əməlini gözəl görür və fəxr edir ki, necə gözəl işlər edirəm. Halbuki gördüyü iş əslində çox pis bir işdir.

Qurani-kərim Fatir surəsinin 8-ci ayəsində buyurur:

 

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا  فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ  فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ  إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

 

 “Pis əməlləri özü üçün zinətləndirən və onları gözəl görən bir kəs, (həqiqəti görən imanlı şəxs kimidirmi? Əsla belə deyildir) çünki, Allah (insanları haqqa dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, elə isə onlara görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə

etdiklərini biləndir.”

 

Həmçinin Qurani-kərim Kəhf surəsinin 104-cü ayəsindən buyurur:

 

الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

 

“O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.”

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الناس نيام فاذا ماتوا انتبهوا

 

“İnsanlar (qəflət yuxusunda) yatıblar, elə ki, öldülər o zaman ayılacaqlar.”

 

2) İnsanın özünü bəyənməsi elə bir həddə çatır ki, həmin insan öz işində özünün ən uca zirvədə olduğunu güman edir və Allaha minnət qoyur.

əl-Kafi 2-ci cild 313-cü səhifə

 

Qurani-kərim Hücurat surəsinin 17-ci ayəsində buyurur:

 

يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا  قُلْ لَا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُمْ  بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِينَ

 

“Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!”

 

Ücb – insanın özü özünə heyran olmasıdır və bu da insanın özünü bəyənməsi ilə başalyır.

Əmirəlmöminin əli əleyhissalam buyurur: “ Öz rəyinin (fikir və nəzərinin) vurğunu olan insan əslində həlak olmuşdur.”

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Qəlbinə ücb daxil etmiş insan artıq həlak olmuşdur.”

əl-Kafi 2-ci cild 236-cı səhifə

 

 

İmam Muhəmməd Baqir əleyhissalamdan nəql olunur ki, “İki nəfər məsçidə girdi, biri abid (ibadət edən) idi, o birisi fasiq (günahkar). Məsçiddən çıxanda abid fasiq çıxdı, fasiq isə abid.

Soruşduq ki, axı bu necə oldu?

İmam Muhəmməd Baqir əleyhissalam buyurdu: Abid məsçıdə girib öz ibadəti ilə fəxr etdi, insanlara yuxarıda aşağıya baxan kimi baxdı, məsciddəki fasiq insana öz ibadətini göstərmək istədi. Amma fasiq insan özünü aşağı bildi, günahkar olduğunu Allaha etiraf etdi, peşman olmuş halda Allaha tövbə etdi.”

əl-Kafi 2-ci cild 237-ci səhifə

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Allah Taala həzrət Davuda buyurdu ki, -ey Davud, günahkarlara müjdə ver və möminləri qorxut.  

Davud peyğəmbər dedi: -İlahi, mən günahkarları necə müjdələyim, möminləri necə qorxudum?

Allah Taala buyurdu: -ey Davud günhaklarları müjdələ ki, Mən hər bir halda tövbələri qəbul edirəm və günahlarınızı əfv etməyə razıyam. Möminləri isə qorxut ona görə ki, öz əməllərinə ücb etməsinlər (əməllərinin vurğunu olmasınlar).

əl-Kafi 2-ci cild 313-cü səhifə

baxılıb: 634 dəfə