Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Riyakarlıq və ondan qurtulma yolları

Ötən məqalədə riya və riyakarlığın Qurani-kərimdə pislənməsi bərədə araşdırma apardıq. Hədislərə nəzər saldıqda da görürük ki, hədislər Qurani-kərimin riya və riyalarlıq barədə ayələrini dəstəkləməkdən əlavə bu mövzunun təfərrüatını da bizlərə çatdırır.

İmam Cəfər Sadiq əleyhissalam məsciddə İbad ibn Kəsir əl Bəsri adlı bir nəfərə buyurdu:

“Vay olsun sənə ey İbad, səni riyadan çəkindirirəm. Həqiqətən bunu həmişəlik olaraq yadda saxla ki, Allah Taaladan başqasını şərik etdiyin hər bir işin mükafatı üçün Allah Taala səni həmin şərik qoşduğun adamın üzərinə ötürəcəkdir.”

Vəsailuş şiə 1-ci cild 48-ci səhifə

 

Başqa bir hədisdə İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Allah Taala bəndələrinə buyurur ki, Mən ən yaxşı şərikəm. Öz payımın hamısını şərikimə verirəm”.

Yəni insan hər hansı bir əməlində Allah Taaladan başqasını da nəzərə alıbsa, məsələn zöhr vaxtı azan veriləndə bu adam idarədə rəsin görə biləcəyi yerdə namaz qılır ki, rəisin gözündə hörmətli olsun. Allah Taala isə buyurur ki, mən öz payımdan imtina edirəm, namazın neçə faizini Mənə görə qılıbsa o hissəni həmin rəisə verirəm. Deməli, insanın bu əməli zahirdə riya olmasına baxmayaraq həqiqətdə rəisə ibadətə çevrilir.

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Kimin cismi (zahiri) qəlbindən (batinindən) daha çox xofdadırsa (təvazökarlıqdadırsa)  biz həmin adamı nifaq əhli (riyakar və iki üzlü) bilirik.”

Vəsailuş şiə 1-ci cild 48-ci səhifə

 

Yəni namazda xuzu və xuşu halı var. Xuzu budur ki, insanın cismi Allah Taaladan qorxunu hiss etsin, xuşu isə bu qorxunun qəlbdə hiss edilməsidir. Bunların hər ikisi eyni həddə olmalıdır, əgər qəlbdə qorxu və təvazökarlıq yoxdursa lakin cisimdə varsa bu riyadır.

 

Sevimli Peyğəmbərimiz(s) başqa bir hədisdə buyurur:

“Qiyamət günündə bir dəstə insanların cəhənnəmə sarı aparılması əmri veriləcək, bu zaman cəhənnəmin gözətçiləri deyəcəklər:

-ey bədbəxtlər, nə olub sizin halınıza?!

Onlar cavab verəcəklər: -Biz etdiyimiz əməlləri həm də Allah Taaladan başqasının razılığını qazanmaq üçün edirdik.

Onlara deyiləcək: Elə isə gedin, kimlər üçün əməl etmisinizsə, onlardan da işinizin savabını istəyin”.

Vəsailuş şiə 1-ci cild 51-ci səhifə

 

Başqa bir hədisdə nəql edilir ki, bir gün həzrət Peyğəmbər(s) buyurdu: -mən xizydən pənah aparıram Allaha.

Dedilər: ey Allahın peyğəmbəri(s) xizy nədir?

Həzrət Peyğəmbər(s) buyurdu:

-Xizy riyakarlar üçün cəhənnəmdə yaradılmış bir vadidir. Qiyamət günündə riyakara deyiləcək: Ey günahkar, ey xain, ey riyakar! Əməlün püç oldu və əcrün batil oldu, get kimə görə yaxşılıq etmisənsə savabını da ondan al. İçində zərrə qədər riya olan əməli Allah Taala qəbul etmir.”

Biharul ənvar 72-ci cild 302-ci səhifə

 

Nəticə üçün sual cavab:

 

1-ci sual: Biz hardan bilək ki, riyakarıq  yoxsa yox?! Çünki bəzi şeylər o qədər incədir ki, onun riya olub olmadığını fərqləndirə bilmirik.

 

Cavab: Əvvəla insan özü-özünü hamıdan yaxşı tanıyır və niyyətinin də nə olduğunu bilir. Əgər fikirləşərsə işinin həqiqətini və öz niyyətini açıq şəkildə görəcəkdir.

 

Allah Taala Qurani-kərimdə Qiyamət surəsinin 14 və 15-ci ayələrində buyurur:

 

بَلِ الْانسَانُ عَلىَ‏ نَفْسِهِ بَصِيرَةٌ

وَ لَوْ أَلْقَى‏ مَعَاذِيرَه

 

“Doğrusu insan özü-özünü daha yaxşı görəndir (bliləndir). Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.”

 

“Bir nəfər həzrət Peyğəmbərə (s) deyir: Mən namaz qılıram rukudayam və rukumu uzadmaq niyyətim var. Bu zaman şeytan məni vəsvəsə edir ki, rukunu uzat, filan adamlar kənardan sənə baxırlar. Ey Allahın peyğəmbəri (s)! Bu zaman mənim hökmüm nədir, rukumu qısaldım yoxsa uzadım?

Həzrət Peyğəmbər (s) o şəxsin cavabında buyurur:

Rukunu uzat, çünki əvvəldən sənin məqsədin (niyyətin) rukunu uzatmaq idi və sən bu halda rukunu uzatmaq ilə şeytanı naümid etmiş olarsan. Qurani-kərim buyurur : “Doğrusu insan özü-özünü daha yaxşı görəndir (biləndir, tanıyandır)”.

 

Həmçinin hədislərdə riyakarlar üçün bir sıra əlamətlər gəlmişdir.

O hədislərdən birində Əmirəlmöminin  Əli əleyhissalam buyurur:

“ Riyakarın üç əlaməti var:

1) (əməldə və ya ibadətdə) insanların ona baxdığını görəndə sevinir.

2) Həmin əməli təklikdə etmək lazım olanda süst və tənbəl olur.

3) Belə insan istəyir ki, insanlar onun hər işini tərifləsinlər.

Biharul ənvar 72-ci cild 296-cı səhifə

 

2-ci sual: Əgər riyada belə qorxulu xüsusiyyətlər vardırsa əməllərin hamısını gizli etmək daha yaxşı olmazmı?

 

Cavab: Böyük əxlaq ustadları buyurublar ki, nafilələr, sədəqələr və ümumiyyətlə müstəhəb (bəyənilən) işlərin gizlində edilməsi daha yaxşıdır. Amma vacib əməllərin aşkara edilməsi tövsiyə olunur.  Bir hədisdə İmam Rza əleyhissalam buyurur:

“Camaat namazına gedəndə səs-küylə gedin ki, namaz qılmayanlar utansınlar.”

 

3-cü sual: Bir insan ziyarətə getmək istəyir və bilir ki, filan adamlar da orada olacaq. Bu zaman şeytan onu vəsvəsə edir ki, yaxşı edirsən get filan adamlar da orada olacaq, səni orada görərlər və.s.

Bu vəziyyətdə insan həmin ziyarətə getməlidir yoxsa yox?

 

Cavab: Xeyr belə deyil, bir sıra xəyallar şeytani xəyallardır və insanı ümumiyyətlə o işdən saxlamaq istəyir.

Məsələn: Şeytan insana təlqin edir ki, sabah Bibiheybətə ziyarətə gedəcəksən, get ki, filankəslər də gedəcəklər və səni də ziyarətdə görsünlər və.s.

Şeytan insanın zehninə pis fikirlər gətirir və məqsədi də budur ki, həmin insan ziyarətə getməsin. Həmin insan da özündə fikirləşir ki, düz fikirdir. Yaxşısı budur ki, mən ziyarətə getməyim, yoxsa riya olacaq.

Bütün bunlar möminin inkişafı üçün olan sınaq və imtahanlardır. Əgər şeytan səni vəsvəsə etməzsə o zaman sən heç bir mübarizə aparmıyacaqsan, beləliklə də inkişafdan məhrum olacaqsan. Əgər şeytan vəsvəsə etmirsə, deməli səndə heç bir tərəqqi getmir, hazırkı durumun şeytana sərf edir. Amma insan tərəqqidən dayanmağa razı olmadıqda həmin insanda nəfslə, şeytanla mübarizə ruhu yüksəlir. Bunun üçün də maariflənmək lazımdır

 

4-ci sual: İnsanın riyakarlıq etməsinə səbəb nədir?

 

Cavab: İnsan əsasən iki səbəbdən əməllərini riya ilə edir.

 

a) Allah Taalanı tanımamaq.

Əgər hər hansı bir insan Allah Taalanı həqiqətən də düzgün tanıyarsa, yəni varlıq aləmində Allah Taaladan başqa heç kimin təsir qüdrətinin olmadığını bilərsə həmin insan təbiidir ki, Ondan başqasına ümid bağlamayacaqdır. Yuxarıda qeyd etdiyimiz hədislərdən də, həmçinin ötən məqalədəki ayələrdən də bunu aşkar görmək mümkündür.

Deməli,elə etmək lazımdır ki, insanda yəqin qüvvəsi güclənsin, iman kamilləşdikcə insanın Allah Taalanı tanıması da kamilləşəcəkdir.

 

b) Şöhrət pərəstlik, vəzifə pərəstlik və pul pərəstlik.

Bu üç kəlməni dünya pərəstlik adı altında da birləşdirmək mümkündür. Dünya pərəstlik insanı riyakarlığa vadar edir. 

baxılıb: 1018 dəfə