Elm imanın tamamlayıcısıdır

Müəllim və Tələbə Əxlaqı

Elm imanın tamamlayıcısıdır

Elm bir çox hallarda imanın müqəddiməsi və tamamlayıcısıdır. Buna görə də “Qurani-Kərim”də elm təriflənmiş və adı imanla yanaşı çəkilmişdir:

"Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın" («Mücadələ»-11)

Bu mərhələləri tamamlamaqla məlum olur ki, elm və iman iki ifadədən əmələ gəlmişdir. Əgər iman eşq və ürfan ifadəsindəndir desək, doğru söyləmiş olarıq. Buna görə də «Kümeyl» duasında oxuyuruq:

"İlahi! Məni əfv et. Ey mənim Mövlam, ey mənim Rəbbim, Sənin əzabına səbir edərəm, amma fəraqına necə səbir edim?"

Bu aşiqin məşuqu ilə münacatıdır.  Buna görə də harada imandan söz açılırsa, məhəbbət və eşq məsələsi də ortaya çıxır.

Allah-təala iman əhlini vəsf edərək buyurur: 

"Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla  dolduğunu görürsən. Onlar deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerdə yaz." («Maidə»-83)

İman mayasız və özülsüz olsa da, məhəbbət və eşqlə doludur. Hətta bütpərəstlər öz bütlərinə məhəbbət bəsləyərək onlara təzim, sitayiş və ibadət edirdilər. “Qurani-Kərim”də bu barədə buyurulur:

"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır, halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər." («Bəqərə»-165)

İkitərəfli əlaqə

Dinsiz və qafil şəxslərdən bəzisi belə hesab edirlər ki, Allaha olan iman və sitayiş bir növ insanların Allahla birtərəfli əlaqəsidir. Bu səhv düşüncə vasitəsilə imandan uzaqlaşmaq üçün bəhanə gətirirlər, lakin bu, cahilanə və qərəzli bir düşüncədir, çünki iman Yaradanla yaradılmış arasında qarşılıqlı sıx əlaqədir. Bu əlaqə təbii həqiqət əsasındadır. Bu əlaqədə hər iki tərəfin cazibə və marağı vardır, yəni ­Allah-təala bəndələrini sevdiyindən bütün bu nemətləri onların ixtiyarına vermişdir. Əlbəttə, Tanrı təqvalı, əməlisaleh və qəlbi pak möminləri daha çox sevərək buyurur: 

"Həqiqətən, Allah təqvalıları sevir." («Ali-İmran»-76)

"Yaxşılıq edin, həqiqətən, Allah yaxşılıq edənləri sevir." («Bəqərə»-195)

"Allah pak olanları sevir." («Tövbə»-108)

"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki,) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir. («Maidə-54»)

Bu ayədə söhbət ikitərəfli, qarşılıqlı dostluqdan gedir. Bu dostluq Allah və onun bəndələri tərəfindən təzahür olunur. Bu özü ona sübutdur ki, həqiqi iman qarşılıqlı əlaqə və birləşmədir. Başqa sözlə, həqiqi iman Xaliq və məxluq arasındakı qarşılıqlı sevgidir. “Qurani-Kərim”də Allahı "mömin" sifəti ilə vəsf edərkən bu qarşılıqlı əlaqəyə işarə edilərək buyurulur: 

"O, özündən başqa heç bir Tanrı (Məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, mömin, (hər şeydən)  göz-qulaq olub (bəndələrini) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük, (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır." («Həşr»-23)

Təfsirçilər "mömin" kəlməsini təfsir edərkən bir neçə fikir irəli sürmüşlər:[1]

1.     O kəs ki, bəndələrinə əmin-amanlıq bəxş edir.

2.     Bəndələri onun zülmündən və əzabından amandadırlar. (Heç kimə zülm etmir.)

3.     Hamıdan qabaq öz yeganəliyinə imanı vardır, hamıdan qabaq öz tövhid və təkliyinə şəhadət verir:

"Allah özündən başqa heç bir Tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa, ədalətə boyun əyərək (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. («Ali İmran»-18)

 

[1] «Məcməül-bəyan», I c, səh.267

baxılıb: 390 dəfə