Müəllim və Tələbə Əxlaqı

Necə edək ki, ruhumuz böyük olsun və zehnimizin qabiliyyəti artsın?

Əmirəlmöminin Əli əleyhissalam Həmmam adlı dostuna buyurur:

عَظُمَ الْخَالِقُ فِي أَنْفُسِهِمْ فَصَغُرَ مَا دُونَهُ فِي أَعْيُنِهِمْ

“Kainatı Yaradan onların (təqvalı insanların) can və ruhlarında əzəmətli şəkildə cilvələnmiş (və həmin cəhətdən) Allahdan başqası onların nəzərində kiçilmişdir.”

Yəni, təqvalı insanlar Allah Taalanın əzəmət və böyüklüyünü dərk etdikləri üçün Allahdan başqası nə olursa olsun, kim olursa olsun onların gözündə əhəmiyyətsiz və kiçik cilvələnəcəkdir.

- Biz nə qədər ki, yerdəyik bir hektarlıq torpaq bizim üçün çox böyük görsənir, ancaq uca bir dağın üstünə çıxdıqda həmin bir hektarlıq ərazı bizim gözümüzdə çox kiçilir.

- Bankda nə qədər pul olduğuna diqqət etsək, bizim pulumuzun nə qədər az olduğunu görəcəyik.

- Əgər varlıq aləmindəki varlıqların Allahı təsbih etmələrinə diqqət etsək, bizim bir neçə “sübhanƏllah” deməyimiz bizi qürrələndirməz və bizdə təkəbbür yaratmaz.

- Əgər dünyanın məşhur və böyük kitabxanalarına gedib oradakı kitabları görsək oxuduğumuz bir neçə kitab bizlərdə məğrurluq və lovğalıq əmələ gətirməz.

İmam Zeynul-Abidin əleyhissalamın həddən çox ibadət etdiyini ona deyəkdən o həzrət buyurdu: -Mənim ibadətim hara, Əli əleyhissalamın ibadəti hara!! O kitabı gətirin, orada Əli əleyhissalamın nə qədər ibadət etdiyi yazılıb...

Odur ki, Allah Taala Qurani-kərimdə sonuncu peyğəmbər həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) dəfələrlə tapşırır: “Səndən əvvəlki peyğəmbərlərin çəkdikləri çətinlik və məşəqqətləri xatırla, təki mövcud çətinlik və əziyyətlər sənin üçün asan və yüngül olsun.”

Deməli, əgər arxamıza, yəni etdiklərimiz və oxuduqlarımıza baxsaq təkəbbürlü və lovğa olacağıq. Ancaq qarşıya, yəni etmədiklərimizə və oxumadıqlarımıza baxsaq zəifliyimizi başa düşəcəyik, bu anlamaq isə bizi daha çalışqan olmağa, fəaliyyətə və hərəkətə istiqamətləndirəcəkdir.
Vaxtilə dərs imtahanı üçün  “paxıllıq” mövzusunda tədqiqat məqaləsi yazdığım zaman paxıllıq barədə bir neçə kitab və araşdırma oxuyub məqaləni yazmışdım, yazımın nə qədər yaxşı olmasını bilmək üçün “Mərəşi Nəcəfi (Allah rəhmət eləsin) kitabxanasına” gedib paxıllıq mövzusunda kitab və araşdırmalar barədə sorğu etdim. Paxıllıq mövzusunda bəhs etmiş 700-dən çox kitab və araşdırma məqaləsinin siyahısını mənə verdilər, o siyahını götürüb başımı aşağı salaraq mədrəsəyə qayıtdım.

Bəli, əgər insan bütün işlərində yalnız irəli baxarsa heç vaxt etdikləri, oxuduqları və bildiklərinə görə qürrələnməz, təkəbbür və lovğalıq onun vücuduna hakim olmaz. İrəli baxmaq insanın ruhunun böyüməsinə, eləcə də onun zehninin qabiliyyətinin və ruhunun tutumunun artmasına səbəb olur.

baxılıb: 40 dəfə