Müəllim və Tələbə Əxlaqı

İmam Hüseyn (ə) məktəbindən dərslər

İmam Hüseyn əleyhissalamın qiyamının hədəflərindən biri də günahlara aludə olmuş insanları cahillik və qəflət yuxusundan ayıltmaq, onları günahlardan çəkinməyə sövq etmək idi.

Bəli, Əmr be-məruf və nəhy əz-münkər, yəni İslamın iki əsas şüarlarından olan “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək” məqsədi İmam Hüseyn əleyhissalamın Kərbəla qiyamının dərslərindən biridir.

İmam Hüseyn əleyissalamın Kərbəlaya daxil olduğu gün söylədiyi xütbədə buyurdu:

“Dünyada yaxşılıqlar o qədər azalmışdır ki, sanki stəkanda su içdikdən sonra onun dibində qalan bir damcı su qədər yaxşılıq qalmışdır.”

Təbiidir ki, günahların insanlar arasında geniş yayılması və adiləşməsi İslamın özünün varlığına ciddi bir xətər idi.

İmam Hüseyn əleyhissalam gördü ki, əgər qiyam etməzsə, onun özünün buyurduğu kimi “İslamın fatihəsi oxunmalıdır.”

İmam Hüseyn əleyhissalam öz qiyamı ilə, özünün və vəfalı qardaşlarının, vəfalı dostlarının şəhidliyi ilə İslam ağacını Qiyamətə qədər suvarmış oldu.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:


 

لا يَأمُرُ بِالمَعروفِ وَلا يَنهى عَنِ المُنكَرِ إلاّ مَن كانَ فيهِ ثَلاثُ خِصالٍ : رَفيقٌ بِما يَأمُرُ بِهِ رَفيقٌ فيما يَنهى عَنهُ ، عَدلٌ فيما يَأمُرُ بِهِ عَدلٌ فيما يَنهى عَنهُ، عالِمٌ بِما يَأمُرُ بِهِ عالِمٌ بِما يَنهى عَنهُ


 

"Əmr beməruf (yaxşılıqlara dəvət) və nəhy əzmunkər (pisliklərdən çəkindirmək) vəzifəsini o insanlar edə bilər ki, onlarda aşağıdakı üç xüsusiyyət vardır.

1- Mehribançılıqla, xoş rəftarla insanları yaxşılıqlara dəvət etsin və mehribançılıqla, xoş rəftarla insanları pisliklərdən çəkindirsin.

2- Ədalətlə, insafla insanları yaxşılıqlara dəvət etsin və ədalətlə, insafla insanları pisliklərdən çəkindirsin (ədalət və insafdan məqsəd budur ki, əvvəlcə özü həmin yaxşıya əməl etsin və sonra həmin əməli başqalarına tövsiyə etsin, eləcə də əvvəlcə özü pis əməldən, günahdan çəkinsin və sonra başqalarını o pis əməldən, günahdan çəkindirsin).

3- Elmlə, biliklə insanları yaxşlıqlara dəvət etsin və elmlə, biliklə insanları pisliklərdən çəkindirsin (başqalarını yaxşılıqlara dəvət etmək istəyən insan həmin əməlin yaxşı əməl olduğunu sübut edə bilsin, başqalarını pisliklərdən çəkindirmək istəyən insan həmin əməlin pis əməl olduğunu sübut edə bilsin)

Biharul ənvar 100-cü cild 87-ci səhifə

.

Deməli, bu üç şərtə malik olmayınca təbliğ etməkdən uzaq olmaq lazımdır.

Sevimli Peyğəmbərimizin (s) bu hədisinə əsasən İslamı təbliğ etmək istəyən insan Əxlaq, Ədalət və Elm ilə zinətlənməlidir.

Əgər bu üç sifətə malik olmayan insan təbliğatla məşğul olarsa onun İslama vurduğu zərbə xeyirindən daha çox olar.

Odur ki, Əxlaq ustadları buyurublar: "Sənin İslama verə biləcəyin birinci fayda budur ki, İslama zərər vurmayasan."

İmam Hüseyn əleyhissalam Kərbəla hərəkatı ilə “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək” prinsipinin vacibliyini diriltdi.

Eləcə də burada soruşula bilər ki, əgər həzrət Peyğəmbər (s) “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək”də Əxlaq, Ədalət və Elmi şərt bilirsə, bəs necə olur ki, İslamın əsas 10 vacibindən, yəni Furui-dinin ikisi “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək”dir?!

Cavab budur ki, Furui-dinin hər bir maddəsinin icrası müəyyən şərtlərə bağlıdır, məsələn: namaz qılmaq üçün insan hiddi-buluğa çatmalıdır, ağlı başında olmalıdır və sair.

Həmçinin “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək”də Əxlaq, Ədalət və Elm dil ilə, yəni danışıqları, sözləri və yazıları ilə edilən təbliğatlarda şərtdir. Bu üçünə mailk olmayan, yaxud yarımçıq və az yiyələnmiş insanlar Furui-dinin “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək” prinsiplərinə əməlləri ilə, yəni yaşayışları, rəftar və davranışları ilə riayət etməlidirlər.

İmam Cəfər Sadiq əleyhissalam bütün möminləri kamil Elmə malik olmadan dil ilə təbliğat etməkdən çəkindirərək buyurdu:


 

قالَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) كُونُوا دُعَاةً لِلنَّاسِ بِغَیْرِ أَلْسِنَتِكُمْ لِیَرَوْا مِنْكُمُ الْوَرَعَ وَ الِاجْتِهَادَ وَ الصَّلَاةَ وَ الْخَیْرَ فَإِنَّ ذَلِكَ دَاعِیَةٌ


 

"İnsanları dilinizdən başqa şeylərlə (gözəl əməl, rəftar və davanışlarınızla) yaxşılıqlara dəvət edin (yönəldin), qoy onlar sizin təqvanızı, (əməl və ibadətlərdə) çalışmağınızı, namazınızı və yaxşılıqlarınızı görsünlər. Bu, ən yaxşı təbliğat (və haqqa dəvət) etmək yoludur."

əl-Kafi 2-ci cild 78-ci səhifə

baxılıb: 36 dəfə