Müəllim və Tələbə Əxlaqı

Orucunuz Allah dərgahında qəbul olmuşdurmu?

Biz haradan bilək ki, bizim tutduğumuz oruclar qəbuldur ya yox?!
- Orucun özünəməxsus xüsusiyyətləri, səbəbləri və təsir dairələri vardır.


1- Oruc insanı Allahın kitabı Qurani-Kərim ilə daha çox ünsiyyətli edir. Allah Taala Bəqərə surəsinin 185-ci ayəsində buyurur:
شهَرُ رَمَضَانَ الَّذِى أُنزِلَ فِيهِ الْقُرْءَانُ
"Ramazan ayı Quranın endiyi aydır..."
Ramazan ayının əsas hikmətlərindən biri Qurani-Kərimdir. Oruc tutan insan Qurani-Kərim ilə daha çox ünsiyyətdə olur, bu ünsiyyətin müxtəlif mərhələləri vardır, o cümlədən:

a- Əslini (üzündən) qiraətlə oxumaq

b- Tərcüməsini diqqətlə oxumaq

c- Hər gün bir neçə ayə oxuyaraq bilik əhlindən o ayənin mənasını öyrəmək

ç- Ayələri oxuyaraq onun barəsində düşünmək

d- Quranı tədriclə əzbərləmək

Deməli, əgər siz Qurani-kərim ilə əlaqədar bu beş mərhələsinin hamısı yaxud bəzisi ilə ünsiyyətdə olmusunuzsa sizin orucunuz qəbul olmuşdur.

2- Oruc insanı nəfsinin heyvani istəklərini cilovlaya bilməsinə səbəb olur. Oruc tutan insan nəfsinə tabe olmur, bütün işlərində Allah Taalanın razılığını əsas bilir. Allah Taala Bəqərə surəsinin 183-cü ayəsində buyurur:
يَأَيُّهَا الَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلىَ الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də oruc tutmaq vacib edildi, bəlkə təqvalı olasınız."
Deməli, təqvalı olmaq, yəni özünü hər bir günahdan qoruya bilmək bacarığı Oruc tutmağın əsas nəticələrindən biridir. Əgər mübarək Ramazan ayında sizin təqvalı olmağınıza zəmin yaranmışsa sizin orucunuz qəbul olmuşdur.

3- Oruc insanı Qiyamət gününü gözü önünə gətirməyə və insanın qiyamət gününün aclıq və susuzluğunu hiss etməsinə səbəb olur.
İmam Rza əleyhissalam buyurur:
انما امروا بالصوم لکی یعرفوا الم الجوع و العطش، فیستدلوا علی فقر الآخرة
"İnsanlara oruc tutmaq ona görə əmr edilib ki, insanlar aclıq və susuzluğun nə olduğunu bilsinlər və bunun nəticəsində Axirətdəki fəqirlik, yoxsulluq və ehtiyaclılığı dərk etsinlər."
Vəsailuş şiə 7-ci cild 4-cü səhifə
Deməli oruc tutan insan Qiyamət gününü dərk edir, özünü Qiyamət məhşərində hiss edir. Əgər siz oruc tutmağınızla Qiyamət gününü və o günün dəhşətli vəziyyətini hiss etmisinizsə, həmçinin Axirət gününə yəqininiz çoxalmışdırsa sizin orucunuz qəbul olmuşdur.

4- Oruc insanın bədən üzvlərinin günah etməsindən saxlayır.
Xanım Fatiməyi Zəhra əleyhasalam buyurur:
ما يصنع الصائم بصيامه اذا لم يصن لسانه و سمعه و بصره و جوارحه
"Əgər insan öz dilinin, qulağının, gözünün və başqa bədən üzvlərinin qarşısını ala bilmirsə onun tutğuğu oruc nəyə lazımdır?!"
Biharul ənvar 93-cü cild 295-ci səhifə
Deməli, oruc tutan insanın bütün bədən üzvləri günahdan uzaq olur. Oruc tutanın dili yalan danışmır, qeybət etmir, söyüş söymür, böhtan atmır; Qulağı pis və haram şeyləri dinləmir; Gözü harama baxmır; Ayaqları Allahın qadağan etdiyi yerlərə getmir; Əlləri haram, günah və zülm üçün uzanmır; Beyini haram xəyallara qərq olmur.

Əgər sizin cisminiz günahlardan uzaq olmuşsa, başqa sözlə sizin bədən üzvləriniz (göz, dil, qulaq, əl, ayaq, beyin...) də oruc olmumuşsa sizin tutduğunuz oruc qəbul olmuşdur.

5- Oruc insanı namaz və ibadətlərin aşiqi edir. Belə ki oruc tutan insan namaz və ibadətin həqiqi dəyərini, hikmət, batin və sirlərini anlayır. Odur ki namaz və ibadətin aşiqinə çevrilir. Namaz və ibadətin aşiqi olmağın mənası budur ki, insan ibadətini dünya işlərinə fəda etmir (qurban vermir). Qıldığı namaz və ibadətlərdən həzz alır, onların mənəvi ləzzətlərinə qərq ola bilir.

Əgər siz mübarək Ramazan ayının bərəkəti sayəsində namaz və ibadəti sevmisinizsə, həmçinin namazın əvvəl vaxtında futbol, kino, şou və ya serialı namaza fəda etməyə (yəni onları buraxıb namazınızı əvvəl vaxtda qılmağa) hazırsınızsa, namazdan aldığınız ləzzət futbol və serialdan aldığınız sevinc və ləzzətdən çoxdursa deməli, sizin tutduğunuz oruc qəbul olmuşdur.

baxılıb: 90 dəfə