Müəllim və Tələbə Əxlaqı

Təkamül etmək istəyən insan üçün yol xəritəsi

"ZAD ƏS-SALİK" TRAKTATI Müəllif: İlahi filosof Molla Möhsün Feyz Kaşani

Qarşınızdakı "Zad əs-salik" adlanan traktat ruhani qardaşlardan birinin “Haqq yolunu necə getmək lazımdır?” sualına cavab olaraq yazılmışdır. Belə ki, zahiri səfərin başlanğıcı, sonu, məsafəsi, mənzilləri, nəqliyyatı, azuqəsi, yol yoldaşı, bələdçisi olduğu kimi mənəvi səfərin də -Allaha doğru gedən ruh səfərində də - bütün bunlar hamısı var.

Başlanğıcı: Mənəvi səfərin başlanğıc nöqtəsi özünlə ana bətnindən gətirdiyin təbii cahillik, qüsurdur.“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!”[1]

Sonu: Bu səfərin sonu bütün kamilliklərdən üstün olan həqiqi kamillikdir. Bu, Allah-Taalaya yetməkdir.“Həqiqətən, axır dönüş sənin Rəbbinədir!”[2] “Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)” [3]

Yol məsafəsi: Bu səfərdə yol məsafəsi ruhun bir-bir geridə qoyduğu elm və əməli kamillik pillələridir.“Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” [4]

Bu kamilliklər ardıcıl olaraq bir-birini izləməlidir. Birinci pillədəki kamillik məqamı aşılmadıqca növbəti kamillik məqamına keçmək mümkün deyil. Necə ki zahiri səfərdə də ilk məsafəni qət etmədikcə növbəti məsafələrə keçmək mümkün deyil.

Mənzillər: Bu səfərin dayanacaqları tərifəlayiq xüsusiyyətlər, bəyənilmiş əxlaqi keyfiyyətlərdir. Bunlar ruhun hal və məqamlarıdır. Salik hər birindən daha öndə olanına adlayır.

İlk mənzil "yəqzə" – oyaqlıq, son mənzil isə uzaq mənzil olan tövhid mənzilidir. Bu mənzillər və onun dərəcələri haqqında geniş məlumat üçün "Mənazil əs-salikin" kitabına müraciət edə bilərsiniz.

Müşayiət edən: Bu səfərin müşayiətçisi isə tam ciddi-cəhd, sonsuz səy göstərməkdir. Bu yolu qət etməkdə, nəfsi öyrəşdirməyə, şəriət hökmlərinin ağırlıqlarına dözməyə çalışmaqdır. “Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl”.[5]

“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)”[6]

Azuqə: Bu yolun azuqəsi, yol tədarükü təqvadır. “Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!”[7] “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!”[8] Zahiri səfərdə müsafir bədənini azuqə ilə təmin edərək gücləndirməsə, yol gedə bilmədiyi kimi, mənəvi səfərdə də şəriət baxımından - zahiri və batini - təharəti, təqvalı həyatı keçirməsə, ruhunu gücləndirməsə, təqvadan törəyən elmi, maarifi, gözəl əxlaqi keyfiyyətləri əldə edə bilməyəcək.

Bu ona bənzəyir ki, birisinin əlində gecə qaranlıqda çıraq var. Onun saldığı işıqla yol gedir, yolu görür. Hər addım atdıqda yerin bir hissəsini aydınlaşdırır və ora ilə gedir. Nə qədər ki, addım atmayıb, getməyib aydınlaşmayacaq. Nə qədər ki, aydınlaşmayıb yol gedə bilməyəcək. O görmək mərifət misalındadır və o getmək əməl və təqva misalındandır.

Hədisdə oxuyuruq: "Kim bildiyinə əməl etsə, Allah bilmədiyi əməllərin də savabını ona verər".[9]

"Elm əməli səsləyir. Əgər cavab verərsə, əbədi olaraq qalar, əks təqdirdə gedər"[10]. "Allah heç bir əməli bilik olmadan qəbul etməz. Nə də əməlsiz elmi qəbul etməz. Kimin biliyi varsa, bu onu əmələ tərəf yönləndircək. Əməli olmayanın biliyi də yoxdur. Bilin ki, imanın hər bir hissəsi onun digər hissəsi ilə əlaqəlidir (ayrılmazdır").[11]

Zahiri səfərdə kimsə yol bilmədikcə, yolu tanımadıqca, məqsədə çata bilmədiyi kimi, mənəvi səfərdə də əməldə bəsirəti olmayan məqsədə çata bilməz. “Biliksiz əməl edən, yoldan çıxmışa bərabərdir. Nə qədər çox yol gedirsə, bir o qədər də məqsəddən uzaqlaşır”.[12]

Minik: Zahiri səfərdə minik olmadıqda yolu getmək çətin olduğu kimi mənəvi səfərdə də bu zəruridir. Burada əlavə gəlir salik üçün maneədir. Pislənmiş dünya dedikdə də bu nəzərdə tutulur. Sahibinə ağırlıq edir. Amma onun axirət məsələlərinə yetəcək qədər olması zəruridir.

Zahiri səfərdə minik zəif, xəstə olduqda, ram olmadıqda yol getmək mümkün olmadığı kimi mənəvi səfərdə də bədəninin, qüvvələrinin cilovunu əlinə almasa, yolu qət edə bilməz.

Yol yoldaşları: Bu səfərdə yol yoldaşları salik alimlər, əməlisalehlər, abidlərdir. Yolu getməkdə bir-birlərinə kömək edirlər. Çünki kimsə öz eybini tez görə bilmir. Amma başqalarının eybini tez görür. Demək, bir neçə nəfər razılaşsa, bir-birini eyblərindən xəbərdar etsələr, yolu daha tez aşarlar. Maneələrdən amanda qalarlar. "Şeytan tək bir nəfərə bir dəstədən daha yaxındır. Allahın əli dəstənin üzərindədir". Əgər biri yoldan çıxsa, başçısı onu xəbərdar edəcək.

Yol bələdçisi: Həzrət Peyğəmbər (s) və digər imamlar (ə) yol göstərmiş, qaydalar təyin etmişlər. Yolun mənfi, müsbət tərəflərindən xəbər vermiş və ümməti öz izləri ilə getməyə, onları təqlid etməyə səsləmişlər.“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” [13]

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”[14]

Onların əməl və əmr etdiklərinin xülasəsi budur ki, - Əhli-beytdən (ə) nəql olunan mötəbər rəvayətlərdən istifadə olunduğuna görə, - salik üçün zəruri olan işlər və ondan heç bir şəkildə yayına bilməyəcəyi məsələlər - haqq əqidədə olduqdan sonra - iyirmi beş şeydir:

Birinci: Beş namazdan müğayat olmaq. Məqsədim onları ilk vaxtında, müstəhəb əməlləri ilə birgə qılmaqdır. Demək, heç bir üzr, səbəb olmadan namazı təxirə salsa, camaat namazında iştirak etməsə, - nadir hallar istisnadır - namazın müstəhəb əməllərindən birini tərk etsə, yoldan yayınmış olacaq və digər avamlarla - hansı ki, cahillikdə, azğınlıqda sərgərdandırlar, yoldan, məqsəddən xəbərsizdirlər və onların əsla tərəqqi edəcəyi mümkün deyil, - eyni səviyyəyə enəcəklər.

İkinci: Cümə, bayram (Fitr və Qurban) və ayat namazlarını şərtlər uyğun olduqda (burada yalnız sözügedən namazları vaciblikdən çıxaran üzrlər istisnadır) onları qılmaq. Əgər üç həftə ardıcıl olaraq cümə günü namazını üzrsüz tərk etsə, onun qəlbi pas bağlayır, belə ki, islah olunmağı mümkün olmaz.

Üçüncü: Tərk olunması günah hesab olunan gündəlik nafilə namazlarda ciddi olmaq. Əsr namazının dörd rəkətlik nafiləsi, məğrib namazının iki rəkətlik nafiləsi (və şam namazının iki rəkətlik nafiləsi) istisnadır və üzrsüz tərk oluna bilər.

Dördüncü: Ramazan ayında oruc tutmaq və onu təkmilləşdirmək. Belə ki, salik dilini mənasız sözlərdən, qeybətlərdən, yalandan, söyüşdən və bu kimi şeylərdən, digər üzvləri də zülmdən, xəyanətdən, haramla, şübhəli qida ilə adi günlərdə olduğundan daha ciddi çəkinsin.

Beşinci: Müstəhəb orucları tutmaq. Xüsusi ilə bir ilin orucuna bərabər sayılan hər ayın üç gününü oruc tutmaq və bunu üzrsüz tərk etməmək. Tərk etdikdə qəzasını tutmaq və ya bir qarın dolusu yeməyi sədəqə vermək.

Altıncı: Zəkat ödəməkdə diqqətli olmaq. Üzrsüz təxirə yol verməmək. Təxir yalnız zəkat veriləsi adamın olmaması, yaxud layiqli ehtiyaclını görməmək və s. ola bilər.

Yeddinci: Malının məlum bir hissəsini ehtiyacı olanlara vermək. Yəni, salik müəyyənləşdirməlidir ki, hər gün, hər həftə, hər ay yoxsula, məhruma öz şəxsi malından müəyyən miqdar versin. Belə ki, bu qaydanı pozmasın və kimsəni də məlumatlandırmasın.

“O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır - Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün”[15]

Səkkizinci: Həccə getmək. Belə ki, vacib olduğu ildə həccə getsin və üzr olmadan təxirə salmasın.

Doqquzuncu: Peyğəmbərin (s), məsum imamların (ə) məzarlarını, xüsusən İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət etmək. Hədisdə deyilir: "İmam Hüseyni (ə) ziyarət etmək hər bir möminə vacibdir. Kim bunu tərk etsə, Allah və Peyğəmbərin (s) haqlarından birini tərk etmişdir. Digər bir hədisdə deyilir: "Hər bir imamın (ə) öz şiələrinin, sevənlərinin böynunda haqqı var. Onların haqlarını ödəmək yollarıdan biri məzarlarını ziyarət etməkdir".

Onuncu: Qardaşların hüquqlarına riayət etmək, hacətlərini rəva qılmaq. Bu istiqamətdə çox təkidlər olunmuşdur. Bəzən əksər vaciblərdən daha önə keçirilmişdir.

On birinci: Yuxarıda sözügedənlərin hansı fövtə gedərsə, mümkün olduğu qədərincə onun yerini doldurmaq.

On ikinci: Pislənmiş əxlaqi keyfiyyətləri - paxıllıq, xəsislik və s. - riyazətlə özündən kənarlaşdırmaq, bəyənilmiş əxlaqi keyfiyyətlərə - gözəl davranmaq, səxavətli olmaq, səbirli olmaq və s. - yiyələnmək və onları vərdiş halına çevirmək.

On üçüncü: Yasaqları, qadağaları tərk etmək. Əgər bu yolda nadir halda günah etsə, istiğfar, tövbə və peşmançılıqla onun yerini doldurmaq və Haqqın məhbubu olmaq, sevgisini qazanmaq. “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!”[16]

On dördüncü: Harama düşməyə səbəb ola biləcək şübhələri tərk etmək. Necə deyərlər, "kim bir ədəbi tərk etsə, bir sünnədən məhrum olar. Kim bir sünnəni tərk etsə, bir vacibdən məhrum olar".

On beşinci: Lazımsız şeylərə dalmaq. Bu, qəsavətə, ziyana uğramağa səbəb olur. Hədisdə deyilir: "Lüzumsuz şeylərin ardınca gedən, lazımlılara əhəmiyyət verməz". Əgər qafillikdən edirsə, başa düşdükdən sonra istiğfar və tövbə ilə tədarük etsin. “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya Şeytanların yaxalarından əl çəkməzlər).”[17] Nə qədər ki, işsizlər, qeybətçilər məclisini tərk etməyiblər, faydasız danışanları, gününü boşa keçirənləri tərk etməyib lazımsız şeylərdən xilas ola bilməyəcəklər. Heç bir şey qəsavət yaratmaqda, qəflətə salmaqda, vaxt öldürməkdə bunun kimi deyil.

On altıncı: Az yeməyi, az yatmağı, az danışmağı öz şüarına çevirmək. Bu, qəlbin nurlanmasında çox təsirlidir.

On yeddinci: Hər gün Qurandan bir az (ən azı əlli ayə) oxumaq. Onun haqqında düşünmək, fikirləşmək. Əgər onun bir hissəsi namazda oxunsa, lap yaxşıdır.

On səkkizinci: Bəzi zikrləri, duaları müəyyən vaxtlarda oxumaq, onları dilinin əzbəri etmək. Xüsusilə vacib namazlardan sonra. Əgər bacararsa, əksər vaxtlar dilini Haqqın zikrinə məşğul etsin. - Baxmayaraq ki, bədən üzvləri digər işlərlə məşğuldur. - Nə böyük xoşbəxtlikdir. İmam Məhəmməd Baqir (ə) haqqında nəql olunduğuna görə, onun (ə) mübarək dili əksər vaxtlarda kəlimeyi-təyyibəni – “La ilahə illəllah" zikrini deməklə məşğul idi. Söhbət etdikdə də, yol getdikdə də, bir şey yedikdə də - və s. işlər gördükdə də - bu zikri deyərmiş. Çünki bu, salikə yardım edəcək çox güclü bir təkandır.

Əgər qəlbin zikrini də buna qatsa, az bir zamanda fəthlər baş verəcək. Bacardığı qədər anbaan Haqqı xatırlasın, ondan qafil olmasın. Sülukda heç bir şey buna çatmaz. Bu, Allahın sözündən çıxmamağa kömək edən yardımçıdır.

On doqquzuncu: Elm adamları ilə yoldaşlıq etmək, ondan soruşmaq, dini bilikləri öz hövsələsi qədərincə öyrənmək. Bacardığı qədər öz elmini artırmaq. "İnsanların ən zirəki odur ki, başqalarının biliyini öz biliyinə əlavə etsin". Salik özündən savadlı ilə yoldaşlıq etməyi böyük bir nicat saymalıdır. Əgər öz elminə əməl edən bir alim taparsa, ona tabe olmağı özünə lazım bilməlidir. Onun hökmündən çıxmamalıdır.

Sufilərin "pir" adlandırdıqları belə bir şəxsdir. Elmdə məqsəd dünya elmi yox, axirət elmidir. Əgər belə bir insana rastlamasa, özündən savadlısını da tapmasa, kitabla həmsöhbət olsun. Gözəl əxlaq öyrənə biləcəyi xoşəxlaq insanlarla yoldaşlıq etsin. Onun vaxtını xoş keçirən, Haqqı xatırladan, axirət nəşəsi yaradan heç bir söhbəti əldən verməsin.

İyirminci: Camaatla gözəl əxlaq və səmimiyyət əsasında davranmaq, onların əməllərini yaxşıya yozmaq. Kiminsə haqqında pis güman etməmək.

İyrimi birinci: Sözündə doğruluğu, əməlində sədaqəti öz şüarına çevirmək.

İyirmi ikinci: Bütün işlərdə Haqq-Taalaya təvəkkül etmək, səbəblərə nəzər etməmək, Ruzi qazanmaqda aza qane olmaq, onu çox ciddiyə almamaq. O baxımdan ciddi fikirlər etməmək. Bacardıqca aza qane olmaq və artığını tərk etmək.

İyirmi üçüncü: Ailəsinin, yaxınlarının cəfasına səbir etmək, tez özündən çıxmamaq. Pis-xasiyyət olmamaq. Nə qədər çox cəfa çəksə, daha çox bəla ilə üzləşər və istəyinə tez çatar.

İyirmi dörd: Bacardıqca, gücü yetdikcə yaxşılığa əmr, pisliyə qadağa etmək. Başqalarını yaxşı, xeyir işlərə vadar etmək. Onların dərdinə şərik çıxmaq, sülukda özünə şərik etmək. Əlbəttə, əgər nəfsləri güclü olarsa. Əks halda onlarla söhbətdən çəkinməli və müdara, təqiyyə etməlidir ki, vəhşətə düşmələrinə səbəb olmasın.

İyirmi beşinci: Öz vaxtlarını doldurmaq. Hər gecə və gündüzdə müəyyən vaxtlar üçün zikrlər nəzərdə tutub ona məşğul olmaq və beləcə vaxtını boşa keçirməmək. Çünki hər bir vaxt həmin vaxtda baş verənlərə tabedir. Bu, sülukda ümdə məsələdir.

Buna görə də imamlardan bizə gəlib çatmışdır ki, özləri belə edərmişlər və başqalarına da bunu tövsiyə edərmişlər. Amma çilə saxlamaq, heyvan yeməmək, gizlində və aşkarda zikr etmək -və sufilərdən nəql olunan digər şeylər – onlardan (imamlardan (ə)) nəql olunmamışdır.

Güman ki, bəzi şeyxlər (sufi şeyxləri) bu kimi şeyləri sülukun asanlaşması üçün bəzilərinin nəfsinə uyğun görmüş, buna görə də ona əmr etmişlər.

Ola bilər ki, çilə saxlamağın mənşəyi bu hədisdir: "Kim qırx gün özünü Allah üçün xalis etsə, hikmət çeşmələri onun qəlbindən dilinə axacaq".

Heyvan yeməyin tərk olunmasının mənşəyi bu hədisdir: "Öz qarınlarınızı heyvan məzarlığına çevirməyin". Və bu kimi digər hədislər. Şübhəsiz az ət yemək, xəlvətə çəkilməyin, tam diqqətlə zikrə məşğul olmağın qəlbin nurlanmasında böyük təsiri var. Bir şərtlə ki, cümə və camaat namazına mane olmasın.

Sülukda başlıca məsələlərdən biri də hürriyyətdir. Yəni aludəçiliklərdən, vəsvəsələrdən və çahilləri təqliddən azad olmaq. Salikin qarşısında bu üç məsələdən daha böyük sədd yoxdur. Bəzi həkimlər bunları şeytanların başları adlandırmışdır. Kim nə pis iş görürsə, yaxşı baxdıqda bu üç dənədən birindən qaynaqlandığını görürsən.

Aludəçiliklər, şəhvət, qəzəb və onlara tabe olan dünya malına, vəzifəyə sevgi və s.-dir. “Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”[18]

Vəsvəsələr, əmmarə nəfsin aldatmaları, yanlış xəyallardan, fasid təsəvvürlərdən törəyən qeyri-saleh əməllər və bu kimi rəzilə sifətlə, bəyənilməyən xarakterlər. “Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!”[19]

Cahilləri təqlid, iri cüssəli insanabənzərlərə müti olmaq, alimsayığı cahilləri təqlid etmək, şeytan və cinlərin vəsvəsəsinə cavab vermək, onların aldadışları ilə qürrələnmək. Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!” [20]

Amma bəzi adət-ənənələrdə, misal üçün, geyimdə, camaatla davranışda - dövrün insanları arasında adət olan - zahirdə ümumi xalqa tabe olmaq lazımdır ki, insanın canına düşməsinlər. Çünki burada fərqlənmək qorxuya, qeybətə (insanın ardınca danışmağa) səbəb olur. Lakin əgər tabeçilik dinin mühüm bir məsələsində, tərk edilməsi süluka ziyan vuran bir məsələdə olarsa, bu zaman lazım deyil. Əlbəttə, təqiyyə istisnadır. Bu kimi şeyləri zamanı tanıyan insanın öz rəyinə həvalə etmək lazımdır.

Kim, sözügedən iyirmi beş şeyi özündə formalaşdırsa, ciddi olaraq (yəni keçici dünyəvi həvəsə görə yox, Allaha görə) ixlasla onlara əməl etsə, günbəgün tərəqqi halında olacaqdır. Yaxşı cəhətləri artacaq, pis cəhətləri bağışlanacaq, dərəcələri yüksələcək. Demək, əgər elm əhli olsa, yəni ilahi elmi məsələlər, yaradılış, məad, nəfsi idrak və bu kimi şeylər qulağına dəymişsə, onları bilməyi lazım olduğu qədər uzaq məqsəd bilirsə, ciddi olaraq öyrənməyə çalışırsa, başa düşənlərdəndirsə, Allahın ilhamı ilə günbəgün ibadətdə, alimlərlə söhbətdə kəsb etdiyi istedad qədərincə mərifəti artacaq. Əks təqdirdə öz səyi, diqqəti ilə batini saflıq və qəbul olunan duası qədərincə kamilliklər əldə edəcək. Hər halda onun Allaha yaxınlaşması, nura, sevgiyə qovuşması gerçəkləşəcək.

Kamil sevgi, çoxlu nur mərifətin bəhəridir. Bəzən mərifət o həddə yetir ki, bu mərhələdə o, əksər axirət məsələlərini müşahidə edir. Necə ki, Haris ibn Nömandan nəql olunmuşdur və onun hədisi "əl-Kafi fi əl-üsul" kitabında mövcuddur.[21]

Sevgi şiddətləndikdə, eşq həddinə yetdikdə, Haqqın zikrinə məftun olduqda onu liqa, vüsul, fəna fillah və bəqa billah adlandırırlar. Yaradılışın da son məqsədi budur. Necə ki, "hədisi-qüdsi"də deyilir: "Gizli xəzinə idim. Tanınmağı sevirdim. Buna görə də məxluqatı yaratdım ki, tanınım". “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[22] Ayənin təfsiri ilə bağlı deyilmişdir: "Yəni məni tanıyın. Tanımağın ibadət sözü ilə verilməsində məqsəd budur ki, tanımaq ibadətdən əsla ayrılmaz. Buna görə də tanımaq sözündən istifadə olunmamış, əvəzində ibadət sözündən istifadə olunmuşdur. Məqsəd bu olmuşdur ki, burada bir növ tanımağın yox, ibadətlə əldə olunan xüsusi növ tanımağın nəzərdə tutulduğu bildirilsin.

Çünki ibadətin müxtəlif növləri, çoxlu yolları var. İstənilən mərifət (Allaha) yaxınlığa, vüsala səbəb olur. Əksər avam xalq da təqlid yolu ilə mərifət kəsb edir. Mütəkəllimlər də ciddi dəlillərə əsaslanan mərifətə malikdirlər. Filosoflar da əqli arqumentlərə əsaslanan mərifətə malikdirlər və bunların heç biri vüsala, sevgiyə səbəb olmur. Demək, kim ibadət yolu ilə mərifət əldə edibsə, o yaradılış ağacının bəhəridir. Aləmi yaratmaqda məqsəd yalnız ona xidmətdir:

 

طفیل هستی عشقتند آدمی و پری     ارادتی بنما تا سعادتی بری

 

Buna görə də hədisi-qüdsidə Peyğəmbərə (s) müraciətlə deyilir: "Əgər sən olmasaydın, əflakı yaratmazdım.

Demək, kimin ciddi iradəsi varsa, özündə gövhər taparsa, bəndəliklə, ibadətlə, təqva ilə və təharətlə özünü bu məqama yaxınlaşdırmağa çalışsın. Peyğəmbərin (s) Salman haqqında buyurduğu kəlam bu məqama işarədir: "Salman biz əhli-beytdəndir".       

 

اگر چه وصالش نه بکوشش دهند     آنقدر ای دل که توانی بکوش

 

Əgər məqsədə çatsan nə böyük xoşbəxtlik! Əgər bu yolda ölsən nə böyük şəhadət!

 

اگر در راه او مردی شهیدی        وگر بردی سبق زین العبیدی

 

“Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! [23]

 

در غرور این هوس گر جان دهم        به که دل در خانه و دکان دهم

 

Traktatın sonu

Müvəffəqiyyət yenilməz və hikmətli Allahdandır!   

 

[1] "Nəhl", 78.

[2] "Nəcm", 42.

[3] "İnşiqaq", 6.

[4] "Ənam", 153.

[5] "Muzzəmmil", 8.

[6] "Ənkəbut" 69.

[7] "Bəqərə" , 192.

[8] "Bəqərə", 282.

[9] "Bihar əl-ənvar", c. 65, səh. 362.

[10] "Əl-kafi fi əl-üsul", c. 1, səh. 44.

[11] "Əl-kafi fi əl-üsul", c. 1, səh. 44.

[12] “Əl-kafi fi əl-üsul", c. 1, səh. 43.

[13] "Əhzab", 21.

[14] "Ali-İmran", 31.

[15] "Məaric", 24-25.

[16] "Bəqərə", 222.

[17] "Əraf", 201-202.

[18] "Qəsəs", 83.

[19] "Kəhf", 104.

[20] "Fussilət" 29.

[21] "Əl-Kafi" fi əl-üsul", 2. 54, "Kitab əl-iman vəl-küfr", "Həqiqə əl-iman" babı.

Harisə ibn Nöman Peyğəmbərin (s) səhabələrindən biridir. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Bir gün Harisə Peyğəmbərlə (s) rastlaşdı. Peyğəmbər (s) soruşdu: "Ey Haris, necəsən?" O, dedi: "Ey Allahın rəsulu! Haqqa İman gətirmiş haldayam". Həzrət (s) soruşdu: "Hər bir şeyin həqiqəti var. Sənin sözünün həqiqəti nədir?"

Dedi: "Mənim nəfsim dünyadan üz döndərmişdir. Gecəmi ayıq, gündüzmü isə susuzluqla keçirirəm. Bir haldayam ki, sanki Allahın ərşini görürəm, hesablaşmaq üçün ayağa qalıxmışdır. Sanki behişt əhlini görürəm, behiştdə bir-birləri ilə görüşürlər. Sanki alovda olan cəhənnəm əhlinin fəryadını eşidirəm".

Peyğəmbər (s) buyurdu: "Allahın könlünü işıqlandırdığı bəndəsinin bəsirətinə nail olmusan. Beləcə davam et".

[22] "Zariyat", 56.

[23] "Nisa", 100. 

 

baxılıb: 574 dəfə