Müəllim və Tələbə Əxlaqı

Xoşbəxlik yolları

Xoşbəxt olmaq hər bir insanın əsas arzusu, bəlkə də həyatının əsas hədəfidir. Alimlərdən biri xoşbəxtlik ilə əlaqədar 288 müxtəlif əqidələri araşdırmış və hər əqidənin xoşbəxtliyə tam fərqli bir tərif verdiyini görmüşdür.

Biz bu yazıda xoşbəxtliyin nədən ibarət olmasını bilmək üçün insanı yaradan, onun həqiqətindən xəbərdar olan, onun səadət və bəxbəxtliyindən agah olan və ona şah damarından da yaxın olan Allahın sözlərinə, yəni Qurani-kərimə və bu müqəddəs kitabın həqiqi şərhçiləri olan Peyğəmbər(s) və İmamların(ə) sözlərinə əsaslanırıq.

İnsanın səadət və xoşbəxtliyinə təsirli olan maddi və mənəvi amillər bunlardır:

 

1- Allah Taalaya iman.

Qurani-kərim Əsr surəsində ziyandan uzaq olan insanların əsas əlamətinin Allaha iman gətirmək və imanın təsiri səbəbindən saleh əməllər etməsində olduğunu bildirir. Allaha iman gətirən insan, əslində Allaha qovuşmuş insandır.

İmam Hüseyn əleyhissalam buyurur: “İlahi, o şəxsin ki, Sən varısan, onun daha nəyi yoxdur?! O şəxsin ki, Sən yoxusan, onun axı nəyi var?!

Bəli, Allahı qazanan şəxs hər şeyə sahibdir, Allahı itirən şəxs isə ən yoxsul adamdır.

Allaha iman insanda qəlbi rahatlıq yaradır, dünyaya həqiqi gözlə baxa bilir, hadisələri yaxşı dərk edir. Xoşbəxt o şəxsdir ki, razı olduğu bir həyat yaşasın, bu isə Allahın həmin insandan razı olması ilə mümkündür.

 

2- Özünü islah etmək və qəlbini saflaşdırmaq

Allah Taala Qurani-kərimin Şəms surəsində 11 dəfə and içdikdən sonra buyurur:

قَدْ أَفْلَحَ مَن زَكَّئهَا

وَ قَدْ خَابَ مَن دَسَّئهَا

“Nəfsini saflaşdıran (pis xasiyyətlərdən təmizləyən şəxs) nicat tapmışdır.

Nəfsini bulaşıq saxlayan isə (səadətdən) məhrum olmuşdur.”

Peyğəmbərlər ona görə gəlmişlər ki, həyatda necə yaşamağı və xoşbəxtliyin yollarını bizə öyrətsinlər. Psilikləri və bədbəxtliyə aparan yolları bizə göstərsinlər. Bizə anlatsınlar ki, pislik, ədəbsizlik, şıltaqlıq, yalan, xəyanət, tamahkarlıq, kin ... ilə səadətin ümidində olmaq mümkün deyil. Səadətin qapısının açılması üçün insan yaxşılıq, düzlük, dürüstlük, gözəl əxlaq, xoş gümanlıq, mehribanlıq xüsusiyyətlərinə mailk olmalıdır.

 

3- Allahı daima xatırlamaq

Qurani-kərim Rəd surəsinin 28-ci ayəsində insanın qəlbinin rahatlığı və aramlığının əsas səbəbinin Allahı yad etməkdə olduğunu bildirir.

الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ  أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ الْقُلُوبُ

“Onlar Allaha iman gətirmiş və qəlbləri Allahın zikri (yadı) ilə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahın zikri ilə aram (rahat) olar.”

Allahı xatırlamaqdan uzaq olanların həyatını isə darlıq və sıxıntı içində olduğunu bildirir. Belə ki, Qurani-kərim Taha surəsinin 124-cü ayəsində buyurur:

وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً

“Hər kəs Mənim zikrimdən (yadımdan) üz döndərərsə, mütləq sıxıntılı həyata məruz qalacaqdır.”

 

4- Saleh əməl

Allaha xatir olan bütün növ yaxşı və xeyir əməllərə saleh əməl deyilir.

Allah Taala Qurani-kərimin 177-ci ayəsində buyurur:

لَّيْسَ الْبرِّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لَاكِنَّ الْبرِّ مَنْ ءَامَنَ بِاللَّهِ وَ الْيَوْمِ الاَخِرِ وَ الْمَلَئكَةِ وَ الْكِتَابِ وَ النَّبِيِّنَ وَ ءَاتىَ الْمَالَ عَلىَ‏ حُبِّهِ ذَوِى الْقُرْبىَ‏ وَ الْيَتَامَى‏ وَ الْمَسَاكِينَ وَ ابْنَ السَّبِيلِ وَ السَّائلِينَ وَ فىِ الرِّقَابِ وَ أَقَامَ الصَّلَوةَ وَ ءَاتىَ الزَّكَوةَ وَ الْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ  وَ الصَّابرِينَ فىِ الْبَأْسَاءِ وَ الضَّرَّاءِ وَ حِينَ الْبَأْسِ  أُوْلَئكَ الَّذِينَ صَدَقُواْ  وَ أُوْلَئكَ هُمُ الْمُتَّقُونَ

“Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və çətinliklərə (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!”

 

5- Əxlaqlı və nəcabətli insanlarla yoldaşlıq etmək

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

اسعد الناس من خالط کرام الناس

“İnsanların ən xoşbəxti (əxlaqi) kəramətli və şərəfli insanlarla yoldaşlıq edəndir.”

Biharul ənvar 74-cü cild 185-ci səhifə

.

6- Saleh (yaxşı) ailə və ev

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

من سعادةالمرء المسلم الزوجةالصالحة و المسکن الواسع و المرکب الهنىء و الولد الصالح

 

“Layiqli həyat yoldaşı, geniş ev, əziyyətsiz minik və saleh (yaxşı) övlad müsəlmanı xoşbəxtliyə aparan vasitələrdəndir.”

 

7- Nəsihəti qəbul etmək

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

السعید من وعظ بغیره

 

“Başqalarının aqibətindən özü üçün ibrət götürən şəxs xoşbəxtdir.”

Nəhcül bəlağə 85-ci xütbə

 

8- Aqibəti xeyir olmaq

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Xoşbəxtliyin həqiqəti budur ki, insanın həyatının axırıncı mərhələsi xoşbəxt və səadətli əməl ilə sona yetsin, bədbəxtliyin həqiqəti isə budur ki, insanın həyatının axırıncı mərhələsi bədbəxt və pis əməl ilə sona yetsin.

Nümunə təfsiri 9-cu cild 250-ci səhifə

 

9- Axirətə meyilli olmaq

Qurani-kərim və hədislərə əsasən xoşbəxt insan axirəti daima yadda saxlayan və hər zaman axirətini düşünərək yaxşı işlər görənlərdir. Ağıllı insanlar xoşbəxtliyi fani, müvəqqəti və puş şeylərdə axtarmırlar.

Xoşbəxtlik elə bir müqəddəs kəlmədir ki, sağlam ağıl ilə pak qəlb onun mənasını izah edə bilər. Ötəri dünya, dəyişən hallar və keçici ləzzətlər xoşbəxtliyin mənasını izah edə bilməzlər.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Ən xoşbəxt insan o kəsdir ki, fani (keçici) ləzzəti (dünya ləzzətini) baqi (əbədi) ləzzətə (axirət ləzzətinə)  xatir tərk edir.”

Qurərul hikəm 2-ci cild 441-ci səhifə

Dünya müvəqqəti və keçici bir yerdir və öz etibarsızlığını sübut etmişdir, ölüm bunun üçün ən böyük ibrətidir.

Aradan gedəsi və yox olası yerdə həqiqi xoşbəxtlik ardınca olmaq və belə bir qiymətli xəzinəni axtarmaq bihudə və əbəsdir.

baxılıb: 377 dəfə