Müəllim və Tələbə Əxlaqı

Sən güclüsən yoxsa zəifsən?!

İslam əxlaqında güclü və zəif insanın əlamətləri, nişanələri və xüsusiyyətləri barədə ayrıca bir mövzu vardır. Həmin mövzunun xülasəsini və ən mühümlərini burada qeyd edirik.

Birinci; Güclü insanın xüsusiyyətləri

.

1- Nəfsin istəkləri üzərində hakimlik;

Nəfslə mübarizədə qalib gəlmək üçün ilk növbədə pis adət və xasiyyətləri müalicə etmək lazımdır.
Əxlaq ustadlarının tövsiyə etdikləri pis xasiyyətləri müalicə etmək üçün olan ən yaxşı əlac yollarından biri budur ki, biz malik olduğumuz hər hansı bir pis xasiyyəti yadda saxlayaq və bir müddət mərdliklə o pis xasiyyətin tam əksinə əməl edək və Allah Taaladan ardıcıl olaraq bu barədə müvəffəq olmağımızı və uğur qazanmağımızı istəyək.
Məsələn, bir adamın pis xasiyyətlərindən biri budur ki, camaatla rəftarı kobud və pisdir. Bu adam çalışmalıdır ki, kimlərə qarşı kobuddursa onlarla görüşəndə onlarla mehriban davranışa özünü məcbur etsin. İçərisindən insanlara qarşı şeytanın qəzəb alovu gəldikdə nəfsinin meylinin istəyinə əks cavab versin, qəzəbini üzə çıxmağa qoymasın. Əvvəldə bu bir az çətin olur, amma hər dəfədən sonra asanlaşır. Bir müddətdən sonra isə Allahın köməyi ilə həmin pis xasiyyət insanın qəlbindən çıxacaq. Onun əksi olan yaxşı xasiyyət bizim qəlbimizdə sakin olacaqdır.
Eləcə də Qeybət etmək, təkəbbürlük, yalan danışmaq, sözünün üstündə durmaq, əmanətə xəyanət etməmək və sair pis xasiyyətlər.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

الشديد من غلب نفسه

“Ən güclü insan nəfsinə qalib gələndir.”

Mən la yəhzurəhul fəqih 4-cü cild 378-ci səhifə

.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اقوي الناس من قوي علي نفسه

اقوي الناس من غلب هواه

“Nəfsinin üzərində hakim olan şəxs insanların ən şücaətlisidir.”

“Nəfsinin istəklərinə (ağılı ilə) qalib gələn şəxs insanların ən güclüsüdür.”

Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə

.

2- Qəzəb və əsəbinə nəzarət edə bilir.

Hazırkı dövrdə qəzəb və əsəblərə nəzarət edə bilmək ən çətin məsələlərdəndir. Nəzərə alsaq ki, kino və seriallar, hətta cizgi filmləri və virtual oyunların əsas sütunlarından biri insanları qəzəbləndirmək və əsəbləşdirmək üzərində qurulub, qəzəbə nəzarət edə bilmənin çətinliyi tam bəlli olur. Sosial şəbəkələrdə hər kəsin ağzına gələni yazması da bunlara bir böyük əlavədir.

İslam əxlaqına əsasən əsəbləşmə anında özünü saxlaya bilən, yəni əsəbini cilovlaya bilən şəxs güclü insandır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اقوي الناس من قوي علي غضبه بحلمه

“Öz qəzəbinə qarşı dözümlü və mətanətli olmaqla qalib gələn şəxs insanların ən güclüsüdür.”

Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə

Qəzəb və əsəbimizə qəlib gələ bilməyimiz üçün ən gözəl nümunə sevimli yeddinci imamımız həzrət Museyi Kazım əleyhissalamdır. O həzrətin səbir və dözümlük qüdrəti o həddə olmuşdur ki, insanlar arasında KAZIM ləqəbi ilə məşhur olmuşdur. Kazım o şəxsə deyilir ki, əsəbləşmə anında özünü elə cilovlayır ki, onun qəzəbləndiyi nəinki simasından bəlli olmur, əksinə onun simasına baxan adam onun bu hadisədən razı olduğunu düşünür.

.

3- Bütün vacibi əməlləri yerinə yetirmək, eləcə də haramların və günahların hamısından çəkinmək.

Əxlaq ustadları buyurublar ki, bütün vacibi əməlləri yerinə yetirmək, eləcə də haramların və günahların hamısından çəkinmək üçün ilk öncə bir kağıza vaciblərin və günahların hamısının adlarını yazın. Təbiidir ki, bu günlərlə vaxt çəkəcəkdir. Yüzlərlə vacib və yüzlərlə haramın adlarını yazdıqdan sonra onların hansına əməl edib etmədiyinizi araşdırın.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Allah Taalanın əmrlərini yerinə yetirmək insanın şücaətli və izzətli olmasından xəbər verir.”

.

4- Allaha təvəkkül etmək və İlahi göstərişlərə etimad göstərmək

Təvəkkül insanın etiqad və əqidəsi ilə bilavasitə rabitəsi olan məsələdir. Təvəkkül – yəni Allaha etimad eləmək, Allaha söykənmək.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: 

قال رسول الله ( صلى الله عليه وآله ) : لو أنكم تتوكلون على الله حق توكله

لرزقكم كما يرزق الطير تغدو خماصا وتروح بطانا 

“Əgər siz Allah Taalaya layiq olduğu tərzdə təvəkkül edə bilsəz, Allah Taala sizə o cür ruzi verər ki, elə bil bir quş səmaya ac qarınla qalxır və səmada dolaşaraq tox qarınla qayıdır.”

Yəni ruzi özü insanın əlinə gəlir, Allah Taala bir çox yaratdıqlarına ruzinin özünü göndərir.

Biharul ənvar 68-ci cild 151-ci səhifə

Odur ki, sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: 

وقال رسول الله ( صلى الله عليه وآله ) : من أحب أن يكون أقوى الناس فليتوكل على الله 

“Kim insanların ən güclüsü olmaq istəyirsə Allah Taalaya təvəkkül etsin.”

Biharul ənvar 68-ci cild 154-cü səhifə

Allah Taalaya təvəkkülü ən çox olan o şəxslərdir ki, onlar onların mərifətləri daha çoxdur. Deməli, ən güclü insan o şəxsdir ki, Allaha və Onun ayələrinə, nişanə və əlamətlərinə daha çox elm və mərifətə malikdir.

.

5- Yəqin

Yəqin məqamına, eləcə də İlahi mərifətə yiyələnmiş şəxs İslam əxlaqında insanların ən güclüsü və ən şücaətlisi sayılır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

كن موقنا تكن قويا

 

“Yəqinə sahib ol ki, ən güclü olasan.”

Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə

Bildiyiniz kimi yəqinin dərəcələri vardır, bunu nəzərə alaraq insanların ən güclüsü yəqinin ən uca zirvəsində olan şəxsdir.

.

6- Üstün ağıl və dərkə malik olmaq.

Məsumların hədislərinə nəzər saldıqda görürük ki, ağıl, düşüncə, təfəkkür və dəketmənin ən üstününə malik olan şəxslər insanların ən güclüləridirlər. Çünki belə insanların həyatları bütünlüklə ağıl və düşüncənin üzərində qurulmuşdur.

.

.

İkinci; Zəif və Gücsüz insanların xüsusiyyətləri

.

1- Onun əməl və rəftarları ağıl və düşüncənin üzərində qurulmamışdır.

Elə insanlar vardır ki, onların əməl, hərəkət və rəftarları ağıldan kənardır. Etdiyi hərəkət və rəftarları barədə heç nə düşünmür. Kor-koranə əməl edir.

.

2- İradəsi çox zəifdir, heç bir işdə qəti qərara gələ bilmir.

Məsləhət olmayan işdə israr etmək və ya hər hansı işə düşünmədən ya dəlicəsinə meyilli olmaq iradəsizliyin əlamətidir.

Belə ki, iradəsi zəif olan insanlar etmək istədikləri işdə kiçik bir problem çıxmaqla və ya azacıq bir çətinliyə düşməklə o işdən soyuyurlar, səy və çalışmaqlarını dayandırırlar...

.

3- Zərfiyyət, qabiliyyət və bacarıqları zəifdir.

Hədislərə əsasən insanların ən zəifi və ən gücsüzü var-dövlət və sərvətə malik olmağa ləyaqət və qabiliyyətləri olmayan adamlardırlar. Belə insanlar varlı və pullu olduqda öz var-dövlətlərini haraya və necə xərcləməyin yollarını bilmirlər. Yaşayışlarında heç bir hesab-kitaba malik deyillər. Ehtiyacı olan insana pul vermir, xeyir işə pul xərcləmir, amma lazımsız yerlərə pulları israf edirlər.

Həzrət Muhəməd səllAllahu əleyhi və alih buyurur:

 

اضعف الناس من لا یحتمل الغنی

 

 

“İnsanların ən zəifi varlı olmağa (dözməyən) ləyaqəti olmayandır.”

.

4- Mərifətsiz və məntiqsizdir.

Məsumların buyurduqlarına əsasən ən gücsüz və ən zəif insanlar elm və mərifəti olmayan, bəsirət və uzaq görənlikdən məhrum olan, haqq ilə batil arasında fərq qoya bilməyən adamlardır.

Belə adamlar həqiqi rəhbərlə yalançı rəhbərin arasında fərq qoya bilmir, həqiqi vətənpərvər ilə yalançı şəxsin arasında fərq qoya bilmir, dügüz adam ilə riyakar adam arasında fərq qoya bilmir, həqiqi alim ilə dünyapərəstin arasında fərq qoya bilmir, xülasə bu şəxs seçimdə nadan və səviyyəsizdir.

.

5- Nəfsinin istəklərinə itaət edən

İnsanların ən gücsüzü və ən zəifi o şəsdir ki, nəfsi istəkləri onun ağıl və iradəsinə qalib gəlib.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və ailh buyurur:

 ما تحت ظل السماء من اله يعبد من دون الله اعظم عند الله من هوي متبع

"Yer üzündə Allahdan başqa sitayiş edilən məbudlarin, bütlərin içində ən böyük büt itaət edilən nəfsdir."
Əzvaul bəyan 6-cı cild 58-ci səhifə

Nəfsin təhlükəsi bütlərdən daha pisdir, daha qorxuludur, çünki
- Büt bütpərəstdən aralıdır, amma Nəfs həmişə səninlədir.
- Bütpərəst nə vaxt işi çətinə düşsə bütün sorağına gedir, amma sən nəfsdən əl çəkə bilmirsən, Nəfs səni buraxmır.
- Büt öz-özlüyündə zərərli deyil, amma Nəfsin zərər və ziyanları məlumdur. Nəfs zərər və ziyan mənbəyidir.
- Bütpərəst bütpərəstliyini boynuna alır, amma Nəfsinə pərəstiş edən, Nəfsə pərəstiş etdiyini boynuna almır. Deyir: "Mən Allahpərəstəm."
- Büt ona pərəstiş edəni pis yollara və pis işlərə sürükləmir, amma nəfsin işi insanı pisliklər və şərrlərə sövq etməkdən, vadar etməkdən ibarətdir.

baxılıb: 388 dəfə