Müəllim və Tələbə Əxlaqı

Daşqəlbli və daşürəkli olmaqdan necə xilas olaq?!

Daşqəlbli sözü lüğətdə -rəhmsiz, sərt, mərhəmətsiz; ürəyi çox bərk, amansız mənalarında işlədilmişdir. Əxlaq elmlərində isə bu mənəvi xəstəliyə “qəlbin qəsavəti” deyilir.

Qurani-kərimdə dəfələrlə qeyd edilmiş qəsavət kəlməsi  قصی  قصوه sözlərindən götürülüb -sərtlik, rəhsizlik, möhkəmlik, eləcə də təsirlənməyən və təsir qəbul etməyən mənalarında işlədilmişdir.

Əmirəlmöminin Əli əleyhissalam sabah (sübh) duasında belə buyurur:

 

وَ اغْرِسِ اللَّهُمَّ بِعَظَمَتِكَ فِي شِرْبِ جَنَانِي يَنَابِيعَ الْخُشُوعِ وَ أَجْرِ اللَّهُمَّ لِهَيْبَتِكَ مِنْ آمَاقِي زَفَرَاتِ الدُّمُوعِ

 

“İlahi, öz əzəmətin ilə mənim qəlbimdə təvazökarlıq bulağını qaynat. İlahi, öz heybətin ilə ğözlərimdən yandırıcı göz yaşlarını axıt.”

Qurani-kərim Bəqərə surəsinin 74-cü ayəsində buyurur:

 

ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَالِكَ فَهِىَ كاَلحْجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً

 

“Ondan sonra qəlbləriniz sərtləşərək daş kimi, hətta daşdan da bərk oldu.”

Qurani-kərimə əsasən qəsavət (daşürəkli olmaq) insanın Allahı tanımasına mane olan əsas səbəblərdəndir.

Bilməliyik ki, hər bir pis sifəti özümüzdən uzaqlaşdırmaq istəsək əvvəlcə onun kökünü və yaranma səbəbini tapmalıyıq.

İnsanın daşürəkli və daşqəlbli olmasına ən çox aşağıdakı altı amil səbəb olur.

.

1- İlahi əhd-peymanları pozmaq insanı daşqəlbli edir.

İlahi əhd-peymanlar üç qismdir.

a) Fitri və insan təbiətindən doğan əhdlər. Məsələn; Allahın varlığı bilmək, yaxşılıq qarşısında şükr etmək...

b) Əqli əhdlər. Məsələn; kainatdakı varlığın Allaha məxsus olduğunu dərk etmək...

c) Şəri əhdlər. Vacibləri yerinə yetirmək, günahlardan çəkinmək, Peyğəmbəri və imamları tanımaq, ...

Qurani-kərim Maidə surəsinin 13-cü ayəsində buyurur:

 

فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعَنَّاهُمْ وَ جَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً

 

“Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (mərhəmətimizdən məhrum oldular) və qəlblərini sətləşdirdik.”

Bəli, Fitri, Əqli və ya Şəri əhd-peymanları pozanlar daşqəlbli və daşürəkli olmağa məhkumdurlar.

.

2- Günah etmək insanı daşürəkli edir.

Qurani-kərim Əraf surəsinin 100-cü ayəsində buyurur:

 

أَ وَ لَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِن بَعْدِ أَهْلِهَا أَن لَّوْ نَشَاءُ أَصَبْنَاهُم بِذُنُوبِهِمْ  وَ نَطْبَعُ عَلىَ‏ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

 

“Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?!”

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

قال أمير المؤمنين عليه السلام : ما جفت

الدموع إلا لقسوة القلوب ، وما قست القلوب إلا لكثرة الذنوب

 “Gözlərin yaşı yalnız qəlblərin qəsavətindən (daşqəlbli olmaq səbəsindən) quruyur, qəlblərin qəsavəti (daşqəlbli olmaq) isə yalnız günahların çoxluğundandır.”

Vəsailuş şiə 16-cı cild 45-ci səhifə 20938-ci hədis

 

Bu hədisdəki göz yaşlarının qurumasından məqsəd Allah üçün, Allah xatirinə və axirət üçün olan mövzularda göz yaşının qurumasıdır, Dünya üçün yox. Günah əməllər imanının artmasına, mənəvi təkamülə, qəlbinin nurlanmasına, əhli-beyt maarifinin dərk edilməsinə səbəb olan göz yaşlarından insanı məhrum edir.

.

3- Uzun arzular insanı daşqəlbli edir.

Qurani-kərim Hicr surəsinin 3-cü ayəsində buyurur:

 

ذَرْهُمْ يَأْكُلُواْ وَ يَتَمَتَّعُواْ وَ يُلْهِهِمُ الْأَمَلُ  فَسَوْفَ يَعْلَمُونَ

 

“Qoy hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!”

Ayədə işlədilmiş “yulhihim” sözü “ləhv” sözündən götürülmüşdür. Ləhv, o işlərə deyilir ki, həmin işlər insanın başını elə qatır ki, onu mühüm və lazım olan işlərdən saxlayır.

Uzun arzular əsasən üç qism arzulara deyilir;

a) Axirəti unutduran arzular

b) Məntiqsiz arzular

c) Düz yola gəlməyi və tövbə etməyi təxirə salan arzular

Bir hədisdə oxuyuruq: Allah Taala həzrət Musaya buyurdu:

 

يا موسى لا يطول في الدنيا أملك فيقسو لذلك قلبك وقاسي القلب مني بعيد

 

“Ey Musa! Bu dünyada uzun arzulara düçar olsan sənin qəlbin daşlaşacaq, halbuki daşqəlbi insan Mənim mərhəmətimdən uzaqdır (məhrumdur).”

əl-Kafi 8-ci cild 42-ci səhifə

.

4- Faydasız və boş söhbətlərdən çox danışmaq insanı daşürəkli edir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur: Həzrət İsa əleyhissalam belə buyurardı:

 

عن أبي عبد الله ( عليه السلام ) قال : كان المسيح ( عليه السلام ) يقول : لا

تكثروا الكلام في غير ذكر الله ، فان الذين يكثرون الكلام في غير ذكر الله قاسية

قلوبهم ، ولكن لا يعلمون

 

“Allahın zikri olmayan (yəni Allahı nəzərə almadığınız) danışıqlarınızı çoxaltmayın. Çünki Allahın zikri olmayan (Allahı nəzərə almadığınız) danışıqları çoxaltmağınız qəlblərinizi daşlaşdırır (sizi daşqəlbli edir), siz isə bunu bilmirsiniz.”

Biharul ənvar 68-ci cild 301-ci səhifə

Həmçinin sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

لا تكثروا الكلام بغير ذكر الله فان كثرة الكلام بغير ذكر الله

تقسو القلب إن أبعد الناس من الله القلب القاسي

“Allahın zikri olmayan (yəni Allahı nəzərə almadığınız) danışıqlarınızı çoxaltmayın. Çünki Allahın zikri olmayan (Allahı nəzərə almadığınız) danışıqları çoxaltmaq qəlbləri daşlaşdırır (insanı daşqəlbli edir). Həqiqətən Allahın mərhəmətindən ən uzaq olanlar daşqəlbli insanlardırlar.”

Biharul ənvar 68-ci cild 281-ci səhifə

.

5- Cəhl (nadanlıq) və Qəflət (xəbərsizlik, avamlıq)

Cəhl insanda həqiqətin yanlış təsvirini canlandırır və iman nurunun qəlbə nüfuz etməsinin qarşısını alır.

Qəflət isə insanın haqqı axtarmasına mane olur və onu həqiqət ardınca getmək fikrindən çəkindirir.

Qurani-kərim Rum surəsinin 52 və 53-cü ayələrində buyurur:

 

فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ  

وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآَيَاتِنَا فَهُمْ مُسْلِمُونَ

 

“Şübhəsiz ki, sən (haqqa) çağırışı nə (cəhalətlə qəlbi) ölü olanlara bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən! Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar!”

Bu ayədə ölülərdən məqsəd cəhalət və nadanlıq ölüləridir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الجهل موت

“Cahillik ölümdür.”

Müstədrəkul vəsail 12-ci cild 67-ci səhifə 13527-ci hədis

.

6- Allahın zikrindən üz döndərmək insanı daşqəlbli edir.

Qurani-kərim Kəhf surəsinin 101-ci ayəsində buyurur:

 

الَّذِينَ كاَنَتْ أَعْيُنهُمْ فىِ غِطَاءٍ عَن ذِكْرِى وَ كاَنُواْ لَا يَسْتَطِيعُونَ سمَعًا

 

“O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər.”

Qurani-kərim başqa bir surədə, Zumər surəsinin 22-ci ayəsində belə buyurur:

 

فَوَيْلٌ لِّلْقَاسِيَةِ قُلُوبهُم مِّن ذِكْرِ اللَّهِ  أُوْلَئكَ فىِ ضَلَالٍ مُّبِينٍ

 

“Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.”

Deməli, Allahın zikrindən üz döndərən və Onu xatırlamayan insan daşqəlbli və daşürəkli olur.

baxılıb: 546 dəfə