Müəllim və Tələbə Əxlaqı

İslam əxlaqında HƏYA

İslam əxlaqında ən mühüm mövzulardan biri də həya və iffət mövzusudur. Hətta bəzi kitablarda həya sözü əxlaq kəlməsinin əvəzinə işlədilmişdir.

İslamdan əvvəlki zamana baxdıqda da görürük ki, Aristotel öz kitabında yazır: “Sivil cəmiyyətin 4 əsası vardır və bu əsasdan biri də həyadır, yəni əxlaqdır”.

Rağib özünün “əl-Mufrədat” əsərinin 351-ci səhifəsində iffət (həya) kəlməsinin mənası ilə əlaqədar yazır:

العفه حصول حاله للنفس تمتنع بها عن غلبه الشهوه

 “İffət” insanın nəfsində elə bir halın yaranmasıdır ki, o halın vasitəsi ilə şəhvətin (ehtirasın) qalib gəlməsinin qarşısı alınır.” Yəni iffət insanda bir qüvvədir ki, o qüvvə şəhvətin həddini aşmasına imkan vermir.

Deməli, iffət insanda şəhvət və ehtirasın istəklərinin həddini aşmasının qarşısını alır və ya tənzimləyir. Məhz buna görədir ki, bu tərifi əsas götürərək bir çox kitablarda əxlaq kəlməsi əvəzinə həya kəlməsi işlədilir.

.

Qamusul luğət kitabında isə oxuyuruq:

کف عما لا یحل

“İffət və həya insanı halal olmayan (pis) işlərdən saxlayandır.”

Buradan da aydın olur ki, həya kəlməsini əxlaq mənasında işlətmək düzdür.

.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ان الله یحب الحیی المتعفف و یبغض البذیّ السائل الملحف

“Həqiqətən Allah həyalı və iffətli insanı sevir, dili acı (söyüşlə danışan) və çox istəməklə özünü alçaldan dilənçiyə qəzəblidir.”‎

Biharul ənvar 71-ci cild 270-ci səhifə

.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

من کساه الحیاء ثوبه لم یر الناس عیبه

“Kim əyninə həla libası (paltarı) geyərsə insanlar onun eyiblərini görməzlər.”

Vəsailuş şiə 8-ci cild 517-ci səhifə

.

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

ما من عباده افضل عند الله من عفه بطن و فرج

“Qarının və cinsi ehtirasın qarşısını almaqla iffətli olmaq Allah yanında ibadətlərin ən üstünüdür.”

Biharul ənvar 71-ci cild 270-ci səhifə

.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

الحیاء و الایمان مقرونان فی قرن فاذا ذهب احدهما تبعه صاحبه

“"İman və həya ayrılmaz dost və yoldaşdırlar. Biri gedərsə o biri də gedər."

.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

وعنه ( عليه السلام ) ، أنه قال : " إذا رأيتم المرء لا يستحيي مما

قال ، ولا مما قيل له ، فاعلموا أنه لعنة ، أو شرك شيطان

“Pis sözlər danışmaqdan və pis sözlərə qulaq asmaqdan həya etməyən şəxsi görsəniz, bilin ki, o şəxs Allahın rəhmindən uzaq və şeytana isə yaxın ola birisidir.”

Dəaimul İslam 2-ci cild 458-ci səhifə

.

Nəql etdiyimiz hədislərdən bəlli olur ki, həya və iffət insanı pis işlərdən və insanlığa zidd hərəkətlərdən saxlayan bir xüsusiyyətdir. Bu xüsusiyyət həm də insana kömək edir ki, fikrindən keçənlərin hamısını dilinə gətirməsin, əvvəlcə özündə onları təhlil etsin abır aparan və həyaya uyğun gəlməyən sözləri danışmasın.

Həya ilə əlaqədar ikinci məsələ budur ki, utancaqlıq həyadan sayılmır. Cəmiyyət içində görürük ki, çox utancaq olan, hətta utancaqlığına görə şəri məsələlərini və məsuliyyətlərini öyrənməyən insana da “həyalı adam” deyirlər.

Halbuki İslam dini bu hal və xüsusiyyət ilə mübarizəyə qalxmışdır.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

الحیاء حیائان حیاء عقل و حمق فحیاء العقل هو العلم و حیاء الحمق هو الجهل

“Həya iki qismdir, ağılın həyası və axmaqlığın (ağılsızlığın) həyası. Ağılın həyasının səmərəsi elmdir, axmaqlığın (ağılsızlığın) həyasının isə səmərə və nəticəsi cəhl və nadanlıqdır.”

əl-Kafi 2-ci cild 66-cı səhifə

Həmçinin İmam Cəfər Sadiq əleyhissalam buyurur:

أبي عبد الله ( عليه السلام ) قال : من رقَّ وجهه رقَّ علمه

“Utancaq adam elmsiz və nadan olar.”

Biharul ənvar 68-ci cild 330-cu səhifə

Bu hədisin mənalarından biri də budur ki, utancaq insan elm əhlindən və ustadlardan suallar soruşmağa utanır, ona görə də elmi az olur. Elmi zirvələrə və təkamülə ucalmaq istəyən insan çoxlu suallar verməyi bacarmalıdır.

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

“Elmi bütünlüklə bir şəhərə ylğmışlar, şəhərə bir qapı qoymuşlar, qapıya qıfıl asmışlar, o qıfılın açarı isə soruşmaqdır.”

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“İnsanlar soruşmadıqlarına görə həlak oldular.”

Xülasə, utancaq adam elmi problem və müşküllərini soruşmayır və nəticədə öz nadanlıq və elmsizliyində qalır.

Odur ki, deyiblər:

SUALSIZ İNSANLAR İNKİŞAF ETMİRLƏR

baxılıb: 798 dəfə