Müəllim və Tələbə Əxlaqı

Ölümdən sonra əməl dəftərimizə yazdıra biləcəyimiz üç əməl

Ölüm, dünya həyatına malik olan bütün varlıqları üçün qaçılası mümkün olmayan, yəni labüd hadisə və qəziyyələrdəndir. Qurani-kərim bu maddi dünyadakı hərəkətin dayandıraılmasını və həqiqi və daimi həyata, yəni axirətə keçid mərhələsi olan bu qaçılmaz hadisəni Ənkəbut surəsinin 57-ci ayəsində belə təsvir edir:

 

كلُ‏ُّ نَفْسٍ ذَائقَةُ الْمَوْتِ  ثمُ‏َّ إِلَيْنَا تُرْجَعُونَ

 

“Hər bir canlı ölümü dadacaqdır, sonra isə bizim hüzurumuza (bərzəx, qiyamət...) qaytarılacaqsınız.”

Ayədə işlədilmiş “ölümün dadılması” sözü əslində məcazi mənada kinayə ilə dünya həyatının sonuna işarədir. Başqa sözlə desək, ölümü “dadılası” bir şeyə bənzətmişdir ki, bunu bütün bəşər dadmalıdır. Sözün qısası “ölüm” hamıya aid olan ümumi bir hadisədir. Hər bir kəs mütləq öləcəkdir.

Hər bir bəşərə Allah Taala tərəfindən bu dünya həyatında yaşamaq üçün ömür bəxş edilmişdir ki, insan ölümü dadacağı vaxta qədər ixtiyari şəkildə öz yolunu müəyyənləşdirməli, xoşbxtlik və ya bədbəxtlik yolunu seçməlidir. Dünya həyatında ona verilmiş müddət başa çatdıqda isə insanın öz Axirət həyatı üçün çalışması sona yetir, hərəkət və əməl fəaliyyəti dayanır. Daha özü üçün heç nə edə bilmir.

Lakin Allah Taala rəhmi və lütfü ilə insan üçün ölümündən sonra da əməl dəftərini yaxşılıqları yazdıra bilməsi üçün yollar bəxş etmişdir. Elə etmişdir ki, insanın əməl dəftəri Qiyamət gününə qədər açıq olur.

Qurani-kərim Yasin surəsinin 12-ci ayəsində buyurur:

 

إِنَّا نحَنُ نُحْىِ الْمَوْتىَ‏ وَ نَكْتُبُ مَا قَدَّمُواْ وَ ءَاثَرَهُمْ  وَ كلُ‏َّ شىَ‏ْءٍ أَحْصَيْنَاهُ فىِ إِمَامٍ مُّبِينٍ

 

“Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda təsbit etmişik.”

 

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

إِذَا مَاتَ ابْنُ آدَمَ انْقَطَعَ عَمَلُهُ إِلَّا عَنْ ثَلَاثٍ وَلَدٍ صَالِحٍ یَدْعُو لَهُ وَ عِلْمٍ یُنْتَفَعُ بِهِ بَعْدَهُ وَ صَدَقَةٍ جَارِیَة

 

“Adəm oğlu (insan) öldükdə onun əməli sona yetir (fəaliyyəti kəsilir), yalnız üç əməldən başqa. Onun üçün dua edəcək saleh (yaxşı) övladı. Ondan sonra insanların faydalanacağı elmi. İcra edilən (istifadəsi davam edən) sədəqə (yaxşılıqlar).”

Camiul əxbar 105-ci səhifə

 

Deməli, insan öldükdən sonra da onun əməl dəftəri bağlanmır. Allah Taala bizə lütf edərək yaxşı əməllərimizin çoxalması və əbədi yurdumuzun Cənnət ola bilməsi üçün bizlərə başqa cür fürsətlər bəxş etmişdir.

Sevilmli Peyğəmbərimiz (s) əvvəlcə saleh övladın duasının bizlərə ən çox fayda verə biləcəyini xatırladır. Saleh, yəni yaxşı övlad dünya həyatında insanın qazana biləcəyi ən böyük qənimətdir. Əlbəttə, övladın saleh və yaxşı olması üçün insan böyük səy və çalışmalara qatlanmalıdır. Bunun üçün hər şeydən əvvəl özü yaxşı olmalıdır. İkici mərhələdə, özü yaxşı olduğu üçün saleh və yaxşı həyat yoldaşına malik olmalıdır. Bu həyat yoldaşı onun ən çox sevdiyi, həmdəmi, sirdaşı və ürək yoldaşı olmalıdır. Valideynlərin əmri ilə, və ya maddi məqsədlərə görə evlənməklə yaxşı və saleh övladın olmasının mümkünlüyü sual altına düşür. Üçüncü mərhələdə isə, insan övladına gözəl tərbiyə verməli, ona ədəb və əxlaqı öyrətməlidir.

Onu da deyək ki, ola bilsin, saleh övladdan ikinci məqsəd insanın yetişdirdiyi saleh və yaxşı tələbə, şagird olsun. Çünki maddi atalıqdan başqa mənəvi atalıq da mövcuddur. Tarixdə məşhur olmuş yaxşı insanların əksəriyyətinin yaxşı və salehliyinin səbəbkarı məhz onların müəllimləri olmuşdur.

Zülqərneydən soruşmuşlar: “Atanı çox sevirsən yoxsa müəllimini?” O, cavabda deyib: “Müəllimimi. Çünki atan məni bu fani dünyaya gətirib, müəllimim isə mənə dünya və axirət səadəti qazandırıb.”

Sevimli Peyğəmbərimiz (s) ikici əməli insanın elmi olduğunu buyurub. İnsanın elm kitablar, ümumiyyətlə yazılarıdır. Elə alimlər var ki, min il bundan əvvəl yaşamışlar, halbuki hələ də onların yazılarından milyonlarla insan bəhrələnir, öz gələcəyini qurur, o yazılar vasitəsilə dünya və axirətlərini qazanırlar.

Həmçinin elmi faydadan başqa bir məna da yaxşı adət və ənənələri cəmiyyətə miras qoymaqdır. Çünki yalnız elmin sayəsində insan cəmiyyətə təsir edə və yaxşı adətləri miras qoya bilər.

Deməli, biz elmimizin çoxalması üçün çalışmalıyıq. Bizim elmimiz bizə ölümümüzdən sonra belə yetərincə fayda verəcəkdir.

Sevilmli Peyğəmbərimiz (s) üçüncü və sonuncu əməlin “icra edici sədəqə” olduğunu bildirir. Bu hədisdə sədəqə ümimi mənada işlədilmiş, hər  növ yaxşı əmələ şamildir. İnsanın ölümündən sonra onun dadına yetəcək sədəqələr barədə hədisləri araşdırdıqda görürük ki, başqa hədislərdə sədəqə kəlməsi izah edilmişdir. Yəni, sədəqənin növləri və mənaları açıqlanmışdır.

O cümlədən: 1- Ağac əkmək. 2- Xurma ağacı əkmək. 3- Su çəkdirmək. 4- Körpü saldırmaq. 5- Yol çəkmək. 6- Məscid tikmək. 7- Mədrəsə (məktəb) tikmək. 8- Quran və başqa kitabın üzünü köçürtmək...

Ümumilikdə bütün xeyriyyə əməllər “icra edici və davam edici sədəqə”lərdən sayılırlar.

Allah Taala bizim aqibətimizi xeyir etsin, bizləri dünya və axirət xoşbxtlərindən qərar versin.

baxılıb: 533 dəfə