Müəllim və Tələbə Əxlaqı

Əsil dost necə olmalıdır?!

Həqiqi dostun beş sifət və xüsusiyyəti vardır.

İnsan ictimai varlıqdır və buna görə də bütün ömrünü insnlarla birgə yaşamalıdır. Hər kəs öz ətrafında olanların yaxşı insan olmaları arzusundadır. Ancaq bunu da yaddan çıxartmayaq ki, yaxşı insanlarla dost olmaq üçün əvvəlcə özümüz yaxşı olmalıyıq.

Yaxşı və həqiqi dost necə olmalıdır?! Hansı sifətlərə və hansı xüsusiyyətlərə malik olmalıdır?!

Bu barədə çox dəyərli hədislərin birində imam Cəfər Sadiq əleyhissalam belə buyurur:

قَالَ لَا تَكُونُ الصَّدَاقَةُ إِلَّا بِحُدُودِهَا فَمَنْ كَانَتْ فِيه هَذِه الْحُدُودُ أَوْ شَيْءٌ مِنْهَا فَانْسُبْه إِلَى الصَّدَاقَةِ ومَنْ لَمْ يَكُنْ فِيه شَيْءٌ مِنْهَا فَلَا تَنْسُبْه إِلَى شَيْءٍ مِنَ الصَّدَاقَةِ فَأَوَّلُهَا أَنْ تَكُونَ سَرِيرَتُه وعَلَانِيَتُه لَكَ وَاحِدَةً والثَّانِي أَنْ يَرَى زَيْنَكَ زَيْنَه وشَيْنَكَ شَيْنَه والثَّالِثَةُ أَنْ لَا تُغَيِّرَه عَلَيْكَ وِلَايَةٌ ولَا مَالٌ والرَّابِعَةُ أَنْ لَا يَمْنَعَكَ شَيْئاً تَنَالُه مَقْدُرَتُه والْخَامِسَةُ وهِيَ تَجْمَعُ هَذِه الْخِصَالَ أَنْ لَا يُسْلِمَكَ عِنْدَ النَّكَبَاتِ

 

Hədisin tərcümə və şərhi:

قَالَ لَا تَكُونُ الصَّدَاقَةُ إِلَّا بِحُدُودِهَا فَمَنْ كَانَتْ فِيه هَذِه الْحُدُودُ أَوْ شَيْءٌ مِنْهَا فَانْسُبْه إِلَى الصَّدَاقَةِ ومَنْ لَمْ يَكُنْ فِيه شَيْءٌ مِنْهَا فَلَا تَنْسُبْه إِلَى شَيْءٍ مِنَ الصَّدَاقَةِ

Dostluğun sərhədləri vardır, bu sərhədlərə riayət edilmədən həqiqi dostluq bərqərar ola bilməz. Həqiqi dostluqdan məqsəd ağıl və şəriətin bəyəndiyi dostluqdur. Yoxsa, yalançı dostluğun, yəni gücə, pula, vəzifəyə və sairə görə olan dostluqların dəyəri olmadığı kimi sərhədləri də yoxdur. Hər insan öz dostlarına qarşı bu sərhədlərin hamısına da olmasa, bacardığı qədərinə riayət etməlidir. Amma dostluğun şərtlərinin heç birinə riayət edə bilməyən adamlarla dostluq etmək düzgün deyildir.

Bunun ardınca İmam Cəfər Sadiq əleyhissalam əsil dostun beş sifət və xasiyyətinin olduğunu bildirərək buyurur:

فَأَوَّلُهَا أَنْ تَكُونَ سَرِيرَتُه وعَلَانِيَتُه لَكَ وَاحِدَةً

Birinci, onun zahiri və batini sənin üçün eyni olsun, bir olsun. Üzdə sənə gülümsəyən içində isə sənə nifrət etməsin. Və ya üzdə sənin xeyirinə danışan qəlbində isə sənin xeyirini istəməyənlərdən olmasın. Səninlə ünsiyyəti, sənə qarşı olan rəftar və davranışı qəlbdən gəlsin.

 

والثَّانِي أَنْ يَرَى زَيْنَكَ زَيْنَه وشَيْنَكَ شَيْنَه

İkinci, sənin zinətini öz zinəti bilsin, sənin eyibini öz eyibi bilsin. İnsanın zinəti təbii ki, onun başını ucaldan və onu daha hörmətli edən şeylərdir. Məsələn, əgər sən elmi bir nailiyyət əldə etsən, ya vəzifəyə təyin edilsən, ya böyük bir maddi uğur qazansan sənin dostun bunu öz zinət və uğuru bilsin. Amma əgər sənin xasiyyətində, ya işində ya əməl və rəftarında eyibin olarsa o bu eyibləri öz eyibi bilsin. Təbiidir ki, əgər o sənin eyiblərini öz eyibi bilsə həmin eyiblərin səndən getməsi üçün çalışacaq, bu barədə sənə əlindən gələn köməyi edəcək.

 

والثَّالِثَةُ أَنْ لَا تُغَيِّرَه عَلَيْكَ وِلَايَةٌ ولَا مَالٌ

Üçüncü, əgər bir qüdrətə, vəzifəyə və var-dövlətə yetişsə səninlə olan rəftarı dəyişməsin. Burada məqsəd tam mənada dəyişməməkdir. Nisbi dəyişiklik isə labüddür. İnsan təbiətcə elə bir varlıqdır ki, var-dövlət elə edəndə və ya vəzifəyə təyin ediləndə dəyişilir. Sadəcə kimlərsə az kimlərsə çox dəyişilirlər. Əmirəlmöminin Əli əleyhissalam hədislərinin birində buyurur ki, “sənin dostun vəzifəyə təyin edilərsə, əgər səninlə olan münasibətinin onda birini saxlaya bilibsə onunla dostluğa son qoyma, dostluğu davam etdir.”

 

والرَّابِعَةُ أَنْ لَا يَمْنَعَكَ شَيْئاً تَنَالُه مَقْدُرَتُه

Dördüncü, əlindən gələn heç bir şeyi səndən əsirgəməsin. Sənin ehtiyaclı olduğun köməyə, vasitəçiliyə, barışdırıcıya, nəsihətə, biliyə, tövsiyəyə ... xülasə sənin ehtiyaclı olduğun və onun bacardığı şeylərin heç birini səndən əsirgəməsin. Sənə əlindən gələn hər bir yaxşılığı etsin.

 

والْخَامِسَةُ وهِيَ تَجْمَعُ هَذِه الْخِصَالَ أَنْ لَا يُسْلِمَكَ عِنْدَ النَّكَبَاتِ

Beşinci, bütün xüsusiyyətlərin toplusu olan, səni çətinliklərdə atmasın.

Bəli, İmamın buyurduğu kimi beşinci sifət əvvəlki dörd sifətin, yaxud ümumiyyətlə dostluğun bütün lazımlı xüsusiyyətlərinin başı və ən əsasıdır. Dünyanın bir üzü xoşdursa, digər üzü bəladır. Yaxşı dost yalnız yaxşı günlərində sənin yanında olmur, o həm də çətin günlərində də sənin yanındadır. Bir çətinliyə düşsən, xəstələnsən, problemlə üzləşsən, hər hansı bir xoşagəlməz durumla üzləşsən səni atmasın, səndən qaçmasın. Xüsusilə də indiki zamanda daha çox çətinlik növləri mövcuddur, o cümlədən iqtisadi, abır, nüfuz, siyasi, elmi və sair sahələrdəki çətinliklər zamanında yaxşı dost səni tənha qoymaz, sənin üçün əlindən gələni edər, sənin dayağın olar.

Allah Taala bizim hamımızı bu beş sifətə malik olan insanlardan, həmçinin bizim dostlarımızın hamısını bu beş sifətə malik olan dostlardan etsin...

baxılıb: 1150 dəfə